Yanvarın 7-dən Sumqayıt Dövlət Universitetində 2023-2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb.
Azərbaycan Respublikasının elm və təhsil naziri cənab Emin Əmrullayevin Ali və orta təhsil müəssisələrində 2023-2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə imzaladığı əmrə əsasən 2023-2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyası dekabr ayının 29-dan başlayaraq beş həftə davam edəcək.
Əmrdə tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında keçirilməsi, təhsil müəssisələrində imtahan qərargahlarının yaradılması, bu qərargahlara daxil olan hər bir şikayətin qısa müddətdə çevik şəkildə araşdırılıb lazımi tədbir görülməsi öz əksini tapıb.
SDU-nun rektoru Rüfət Əzizov bu əmrin icrası ilə bağlı müvafiq əmr imzalayıb. Qurumun mətbuat xidmətindən AzerTaym.az-a bildirilib ki,əmrə əsasən imtahanların gedişinə operativ nəzarət və tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apellyasiya Komissiyası təşkil edilib. Qərargaha Elm və İnnovasiyalar üzrə prorektor dosent Elşad Abdullayev, Komissiyaya isə Rektorun müşaviri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Könül Abaslı sədrlik edəcək.
SDU-da imtahanlar 2 növbə üzrə keçiriləcək.İmtahanların şəffaf və obyektiv, qanun çərçivəsində keçirilməsi məqsədilə fakültə dekanları, kafedra müdirləri qarşısında konkret vəzifələr qoyulub.Tələbələrin İmtahan Qərargahına və Apellyasiya Komissiyasına etdikləri müraciətlər çevik, ədalətli və hərtərəfli araşdırılacaq. Müraciətlərin araşdırılmasına yoxlayıcı müəllimlərlə yanaşı, fənni tədris edən müəllimlər də cəlb ediləcək ki, bu da qiymətləndirilmənin obyektivliyini təmin edir. Həmçinin sessiya müddətində universitetin Elmi kitabxanasında tələbələrin dərsliklər və dərs vəsaitləri ilə təmin olunması üçün lazımi şərait yaradılıb. Bütün bunlarla yanaşı, universitetin rektoru Rüfət Əzizov şəxsən özü imtahan prosesini müşahidə edir, tələbələrin imtahanların gedişinə münasibəti ilə maraqlanır.
Qeyd edək ki, imtahanlar 1 fevral tarixində yekunlaşacaq.
Fikirlər