Sevil Nuriyevadan deputat və baş redaktora sərt sözlər – “Mən anladım… kimin şaykasıdır”

AzNews.az_reshad_sevil_aqil  Tanınmış telejurnalist Sevil Nuriyeva “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin Türkiyənin Rusiya hərbi təyyarəsini vurması ilə bağlı “Türkiyə Rusiyaya üzrxahlıq eləməlidir! Yanlış olub, deməlidir” fikrinə münasibət bildirib.

Azərtaym.az AzNews.az istinadən xəbər verir ki, o, özünün Facebook səhifəsində baş redaktoru kəskin tənqid edib: “Rəşad Məcidin “Türkiyə Rusiyadan üzr istəməlidir” bəyanatını şiddətlə qınayıram. Və sadəcə qınamıram, dostluğumu pozuram. Salamımı kəsirəm… Ümumiyyətlə, Türkiyə məsələsinə Rusiya, İsrail, İran, Əsəd, Gülən perspektivindən baxan hər kəsi… Susub zamanı gözləyənləri, baxım görüm nə olacaq, sonra danışaram deyənləri adam saymıram… Açığı, düşündüm ki, düşmənim belə hesab etmirəm – Bir HEÇSINIZ.”

S.Nuriyeva R.Məcidə dəstək olan millət vəkili Aqil Abbasa da “təşəkkür”ünü bildirib: “Mən anladım…Türkiyə Rusiyadan üzr istəməlidir deyənlər kimin şaykasıdır. Rəşad Məcidə dəstəyə qalxan millət vəkili sağ olsun, şaykan çözməmə yardım etdi…”

Qeyd edək ki, R.Məcid Rusiyanın hərbi təyyarəsinin Türkiyə tərəfindən vurulması olayına münasibət bildirib. O, “Türkiyə Rusiyadan üzrxahlıq etməlidir” – deyə qeyd edib. Millət vəkili Aqil Abbas isə Rəşad Məcidin fikirləri ilə razılaşdığını dilə gətirib: “Rəşad Məcid çox düz deyir, bəli, Türkiyə Rusiyadan üzr istəməlidir”.

Sevil Nuriyevanın bu məsələyə sərt reaksiyasına qarşı tərəflərdən də reaksiya verilib. Rəşad Məcid ölkə.az saytına açıqlamasında deyib:

“Türkiyəni heç də məni qınayanlardan az sevmirəm və o fikirləri də Türkiyəyə sevgimdən demişəm. Bir az soyuqqanlı olmaq lazımdır. Açıqlamama münasibət bildirənlərin içərisində səmimiləri də var, rol oynayanları da, hadisələrdən yararlanıb özlərini təsdiqləməyə çalışanlar da. Amma bu fikirləri səsləndirməyim səbəbsiz deyil. Son yüzilliklər ərzində ilk dəfə idi ki, Rusiya-Türkiyə münasibətləri belə normallaşırdı. Belə bir dönəmdə bir təyyarənin bir kilometr sərhəddi pozmasına görə vurulmasını və iki dövlət arasında münasibətlərin belə gərginləşməsini istəmirəm. Çünki regiondakı münaqişələrin həllində əsas rolu Türkiyə-Rusiya birliyi, əməkdaşlığı oynaya bilər. Bunu türkçü və ruspərəst dostlarıma bəyan edirəm”.

Rəşad Məcid sözügedən açıqlamadan sonra telejurnalist Sevil Nuriyevanın onun sosial şəbəkədə dostluqdan çıxarmasına belə münasibət bildirib:

“Sevil Nuriyevaya sonsuz hörmətim var, aşırı dərəcədə vətənpərvər, türkçü olduğunu bilirəm, uzun müddətdir Türkiyədə yaşayır. Çoxdandır salamlaşmasaq da, sosial şəbəkədəki fəaliyyətlərimizlə tanışıq. Sevil xanımın həqiqi vətənpərvər və türkçü olduğunu bilirəm. Elə bilirəm ki, emosiyaları sakitləşəndən sonra dostluğumuzu bərpa edəcəyik. Axtardım ki, yenidən dostluq göndərim amma tapmadım. Təki Azərbaycanda Sevil Nuriyeva kimi çoxlu səviyyəli qadınlar olsun. Hirslənib deyir də. O da mənə qəzəbini, nifrətini belə bildirir”.

Aqil Abbas isə AzNews.az-a açıqlamasında Sevil Nuriyevanın onu tənqid etməsinə belə münasibət bildirib: “Getsin işi ilə məşğul olsun. Mən həqiqəti deyirəm. Türkiyənin tərəfini tutub, sevdiyim, yandığım üçün demişəm. Oradakı və dünya hadisələrini izlədiyim üçün bu fikirdəyəm. Sevil Nuriyeva mənimlə eyni səviyyədə olan adam deyil. O, aparıcıdır, mənsə yazıçı və deputat”.






Fikirlər