Öldürülənlər arasında polislər də var; Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yaydı: “Respublikada ictimai-siyasi sabitliyi pozmaq, təxribatlar, kütləvi iğtişaşlar, terrorçuluq aktları törətmək planlaşdırılıb”
Noyabrın 25-də Nardaranda bir qrup radikalla polislər arasında silahlı qarşıdurma olub. Qarşıdurma haqda ilk məlumat saat 13 radələrində yayılıb. Əvvəl bildirilirdi ki, əməliyyat Nardaranda Rəhimə xanım ziyarətgahının yanında yerləşən Hüseyniyədə namaz vaxtı keçirilib və atışma baş verib. Hacı Tale Bağırzadənin tərəfdarları isə facebookda atışmanın dindarın evində baş verdiyinin yayıblar.
“Molotov kokteyli” və radikalların qəsəbə sakinlərinə çağırışı
Belə ki, Tale Bağırzadəni həbs etmək üçün polislər evə girərkən onun tərəfdarları silah işlədib, bu zaman qarşılıqlı atışma olub. Sosial şəbəkələrdə T.Bağırzadənin evi olduğu iddia edilən yerdən görüntülər də yayılıb. Belə bir xəbər də yayılıb ki, Nardaran qəsəbə sakini olmayan naməlum şəxs avtomatdan hara gəldi atəş açıb. Bundan sonra olay qızışıb və qan tökülüb.
Xəbərlərdə o da bildirilirdi ki, Tale Bağırov və bir neçə radikal saxlanılaraq naməlum istiqamətə aparılıb. İlkin məlumatlarda 2 nəfərin öldüyü, bir neçə nəfərin isə yaralandığı xəbər verilirdi. Virtualaz.org saytı xəbər verir ki öldürülənlər Tale Bağırzadənin bilavasitə yaxın ətrafına daxil olan Abbas Hüseyn və Fərahim Zeynalabdinoğlu adlı Nardaran sakinidir.
Yaralılar Bakının 3 saylı Klinik Xəstəxanasına aparılıb. Xəstəxanadan 2 nəfərin öldüyünü təsdiq ediblər. Xəstəxananın baş həkimi Fikrət Zeynalov bildirib ki, xəstəxanaya daxil olan yaralıların da vəziyyəti ağırdır, odlu silahdan açılan atəşlə yaralanıblar. Yaralıların hamısı gənclərdir, onlardan birinin üzərində təcili əməliyyat aparılıb. Xəstəxana polis nəzarətinə götürülüb. Hətta həkimlər də yoxlamadan keçirildikdən sonra içəri buraxılıblar.
Nardaranda baş verən silahlı insidentdən sonra bir qrup radikal şəxs “İmam Hüseyn” meydanına toplaşıb.
APA-nın məlumatında bildirilirdi ki, bir qrup radikal şəxs qəsəbəyə aparan yollara daş tökərək bağlayıb, qəsəbəyə kənar şəxslər, o cümlədən jurnalistlər buraxmayıblar. Qəsəbənin mərkəzinə keçmək istəyən ATV-nin avtomobili əzilib, əməkdaşı isə döyülüb. Meydanın ətrafına toplaşmış bir qrup şəxs armatur, lom və dəyənəklərlə silahlanıb.
Radikalların “Molotov kokteyli” hazırladığını təsdiq edən fotolar da yayılıb. Radikallar qəsəbə sakinlərini də onlara qoşulmağa tələb ediblər.
DİN və Baş Prokurorluq birgə məlumat yaydı
Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Nardaranda baş verən silahlı insidentlə bağlı birgə məlumat yayıb. Musavat.com-a daxil olan məlumatda deyilir ki, respublikada ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terrorçuluq aktları törətməyi planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə barədə Daxili İşlər Nazirliyinə daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənmiş və təxirəsalınmaz əks tədbirlərin görülməsini zəruri etmişdir.
Müəyyən olunmuşdur ki, Tale Kamil oğlu Bağırov, Elman Seydəmir oğlu Ağayev, Zülfüqar Sədrəddin oğlu Mikayılov və Əbülfəz Heydət oğlu Bünyatov dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə “Müsəlman birliyi” adlı hərəkat yaratmışlar. Adları çəkilən şəxslər Bakı şəhərindən və respublikanın digər bölgələrindən özlərinə tərəfdarlar toplamış, onları müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə və qurğularla təchiz edərək cinayətkar dəstə təşkil etmişlər. Həmçinin paytaxtın Nardaran qəsəbəsində qanunsuz yığıncaqlar keçirərək respublikanın əhalisini hakimiyyətə qarşı qaldırmağın yollarını müzakirə etmiş, bununla bağlı tərəfdarlarına göstərişlər vermiş və əhaliyə çağırış vərəqələri paylamışlar. Silahlı cinayətkar dəstənin hər bir üzvünün üzərinə düşən konkret vəzifələr, o cümlədən hakimiyyət nümayəndələrinə qarşı terror aktları törədəcək məsul şəxslər müəyyən edilmişdir.
Qeyd edilənlər nəzərə alınaraq həmin şəxslərin tutulması məqsədilə 2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilmişdir. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılmış, əl qumbarası atılmışdır. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilmiş, daha bir neçə nəfəri yaralanmışdır.
Əməliyyatın keçirildiyi ərazidə, silahlı cinayətkar dəstənin tərəfdarlarının çoxalmasına baxmayaraq, polis işçiləri öz xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirmiş, 2 əməkdaş qəhrəmancasına həlak olmuşdur.
Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülmüşdür. Cinayətkar dəstənin, Tale Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilmişdir. Fakt üzrə Baş Prokurorluq tərəfindən cinayət işi başlanılaraq istintaq aparılır.
Cinayətin bütün iştirakçılarının, o cümlədən bu silahlı cinayətkar dəstəyə köməklik edən şəxslərin müəyyən edilib tutulması və məsuliyyətə cəlb edilməsi üçün əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri həyata keçirilir.
Sabunçu Rayon Polis İdarəsinin binasının qarşısında da gərginlik yaşanıb. Polis idarəsinin qarşısındakı gərginliyin səbəbi əməliyyat zamanı həbs edilən Tale Bağırzadənin və digərlərinin orada saxlanılmasıdır. Bir qrup radikal polis binasının qarşısında toplaşmağa cəhd edib. Onlar həbs olunanların buraxılmasını istəyiblər. Daxili Qoşunların bir neçə avtobus dolu əsgəri və xüsusi təyinatlı polislər binanı əhatəyə alıb.
Mübariz Qurbanlı Nardaran hadisələri haqda: “Bu, cəzasız qalmayacaq”
“İctimai-siyasi sabitliyə qarşı yönələn hərəkətlər cəzasız qalmayacaq və qalmamalıdır”. Bunu “Trend”ə açıqlamasında Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Nardarandakı son hadisəyə münasibət bildirərkən deyib.
M.Qurbanlının sözlərinə görə, hüquq-mühafizə orqanları qanuna uyğun olaraq tədbirlər keçirərkən kriminallaşmış elementlər mühafizə orqanlarına qarşı qeyri-qanuni hərəkətlərə yol veriblər: “Nardaranda törədilmiş hadisələrə görə din pərdəsinə bürünmüş, din adı altında radikal hərəkətlərə yol verənlər günahkardırlar”.
M.Qurbanlı əlavə edib ki, bu gün bəziləri qondarma təşkilatlar yaradırlar: “Onlar dindarlar adından çıxışlar etmək istəyirlər. Sual olunur: bu adamların din adından çıxış etməyə haqları varmı? Bir yerdə toplaşaraq dövlət quruluşumuza, konstitusiya quruluşumuza, eyni zamanda milli, dini zəmində ölkəmizdə mövcud olan sabitliyə ziyan vuran çağırışlar etməyə haqları varmı? Əlbəttə yoxdur!”
“Yeni MÜSAVAT”