"Arxası olan İŞBACARMAZLAR yerində qalıb, İŞBİLƏNLƏR ÇIXARILDIQDA..." - DEPUTAT

Məndə olan məlumata görə, Azərbaycanda təkcə gömrük sahəsində yox, bütövlükdə srtuktur, institutsional, idarəetmənin təşkilatı quruluşunun təkmilləşdirilməsi və sair bu kimi istiqamətlərdə islahatlar gözlənilir.

 Azərtaym.az xəbər verir ki, bu fikirləri deputat, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli musavat.com-un gömrük sistemində yeni qaydaların tətbiqinə başlandığı, monopoliyaya və gətirilən mallara görə əlavə rüsumların alınmasına son qoyulması barədə yayılan məlumatları şərh edərkən bildirdi.

Millət vəkilinin deyinə görə, islahatlara start verilməsi zərurətdən doğur: "Əgər, həqiqətən də, sözügedən istiqamətlərdə hazırkı reallıqların dərk edilmiş məntiqinin diqtə etdiyi meyarlar və yeni çağırışlar səviyyəsində zəruri islahatlar başlasa, sistemli və davamlı şəkildə həyata keçirilsə, onda potensialı güclü olan Azərbaycan eyni vəziyyətə düşmüş digər ölkələrlə müqayisədə bu vəziyyətdən nisbətən az itki ilə çıxa blər. O ki qaldı gömrük məsələsinə, biz beynəlxalq standartlara cavab verən səviyyədə bir Gömrük Məcəlləsi qəbul etmişik. Qalır onu həmin səviyyədə də tətbiq etmək. Əlbəttə, bu sahədəki inhisarçılıq meylləri və digər çatışmazlıqlar aradan qalxsa, gömrük və vergi sistemində paralel surətdə maksimum şəffaflıq təmin edilsə, bu islahatlar ölkəmizin inkişafına yalnız müsbət tərəfdən təsir göstərər, iqtisadi fəallıq yüksələr, xarici ticarətdə kiçik və orta biznesin rolu və töhfəsi artar, qiymətlər aşağı düşər, büdcəyə daxilolmalar artar və sair".

Bu arada kütləvi ixtisarlara start verildiyi barədə də xəbərlər yayılmaqdadır. Bildirilir ki, büdcə təşkilatlarında 30 faiz həcmində ixtisarların olacağı barədə xəbərdarlıq edilib. Kütləvi ixtisarlar böhranlı durumdan çıxmaq üçün çıxış yolu sayıla bilərmi?

Ə.Məsimli: "Əgər siz bu qəbildən olan sualı bir müddət əvvəl versəydiniz, mən birmanalı şəkildə təsdiqedici cavabla kifayətlənərdim. Çünki bir müddət öncə bəlkə də belə bir addıma ayrılıqda, əlahiddə götürülmüş şəkildə ehtiyac vardı. Amma biz artıq elə bir vəziyyətlə üzləşmişik ki, aksiomalara da yenidən baxmaq lazımdır. Yaranmış böhrandan nisbətən az itki ilə çıxmaqdan ötrü təkcə bir neçə qurumu ləğv etmək, birləşdirmək, işçilərin sayı baxımından ixtisarlar aparmaq nə qədər zəruri olsa da, artıq yetərli deyil. Xüsusən də ixtisarlar mexaniki surətdə, arxası olan işbacarmazlar yerində qalıb, işbilənlər çıxarıldıqda, ziyanı xeyrindən çox olur".

Ə.Məsimli böhrandan çıxış yolu kimi daha ciddi addımlar atmağı təklif edir: "Məsələni köklü həll etməkdən ötrü "neft pullarını geninə-boluna xərcləməyə öyrəşmiş israfçı hökumət modeli"ndən, "neftsiz də yaxşı qazanmağı, qazandığını səmərəli şəkildə istifadə etməyi bacaran çevik və qənaətcil hökumət modeli"nə keçmək lazımdır. Belə islahatların alternativi olmayan magistral yolu isə fraqment xarakterli tədbirlərdən yox, iqtisadi azadlıqlara, şəffaflığa, ictimai nəzarətə geniş meydan verən və cəmiyyət həyatının bütün sahələrində korrupsiyaya, inhisarçılığa, məmur özbaşınalıqlarına son qoymağa yönəlmiş radikal islahatlardan keçir".






Fikirlər