LƏNKƏRANda anti-inhisar tədbirləri UĞURLA həyata keçirilir - ÖZƏL

 

Son bir neçə ildə əksər dünya dövlətlərini öz ağuşuna almış, bu və ya digər formada ən iri korporasiyalardan tutmuş sıravi vətəndaşlara qədər, hər kəsin həyat tərzinə müdaxilələr etmiş qlobal iqtisadi böhranın müəyyən təzahürləri nəhayət ki, Azərbaycanda da özünü göstərməyə başladı.

İlk növbədə bu prosesin qaçınılmaz olduğunu və hətta Azərbaycan kimi dinamik inkişaf edən iqtisadiyyata malik ölkələrin də bu sınaqlardan keçməli olacaqlarını bir həqiqət kimi qəbul etmək lazımdır. Eyni zamanda da, iqtisadi böhranın yarada biləcəyi fəsadların təsirini minimuma endirmək üçün dövlət tərəfindən həyata keçirilən anti-böhran tədbirlərinin reallaşdırılmasına bütün qüvvələr səfərbər olmalıdır. Xüsusilə dövlətin maliyyə, iqtisadi və sosial siyasətinin həyata keçirilməsini təmin edən qurumların və təbii ki, icra orqanlarının fəaliyyəti daha çox önəmlidir.

Bu gün manatın bir müddət əvvəl baş vermiş devalvasiyası ilə əlaqədar bəzi işbazların şəxsi mənfəətləri naminə müəyyən maxinasiyalara yol vermələri və bu əsasda süni bahalaşmaya yol açmaları da qarşısı qətiyyətlə alınmalı olan tendensiyalardan biri kimi müşahidə olunmaqdadır. Təbii ki, bu kimi hallardan ölkə daxilində stabilliyin pozulmasında, qarışıqlıq yaradılmasında maraqlı olan düşmən qüvvələr də yararlanmağa çalışa bilərlər. Məhz bu baxımdan da xüsusən rayon və bölgələrimizdə İcra Hakimiyyəti orqanları tərəfindən aparılan işlər böyük əhəmiyyət kəsb edir.

O cümlədən redaksiyamıza daxil olan məlumatlarda Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə bütün ölkədə həyata keçirilən anti-böhran tədbirləri ilə bağlı Lənkəran Şəhər İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən atılan addımların yerli ictimaiyyət tərəfindən birmənalı olaraq dəstəkləndiyi vurğulanır.

Aldığımız məlumatlarda qeyd olunur ki, dünya iqtisadiyyatını bürümüş böhranın ölkəmizin iqtisadiyyatına və əhalinin yaşayış durumuna mənfi təsirlərinin azaldılması məqsədini güdən bu tədbirlərin əhali arasında təbliği ilə bağlı Lənkəran Şəhər İcra Hakimiyyəti kompleks tədbirlər həyata keçirir. İlk növbədə ticarət şəbəkələrində süni qiymət artımının qarşısının alınmasından ötrü ictimai nəzarət sistemi qurulmuş və yerlərlə müntəzəm əlaqə saxlanılr. Eyni zamanda əhali ilə təbliğat-izahat xarakterli görüşlər keçirilir.

Lənkəran ŞİH başçısının təşəbbüsü ilə keçirilən bu görüşlərdə əhali dünyada baş verən iqtisadi böhran və onunla bağlı ölkədə görülən işlər barədə məlumatlandırılır. Növbəti belə görüşlərdən birində, yanvarın 22-də Lənkəran şəhər Mədəniyyət Mərkəzində keçirilmiş və İcra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların, xidmət bölmələrinin rəhbər işçilərinin və ən əsası da 600 nəfərdən artıq şəhər sakininin iştirak etdiyi görüşdə icra başçısı Taleh Qaraşov bir daha son illər əldə olunan nailiyyətləri sadalayaraq, ölkənin və rayonun sosial-iqtisadi və mədəni həyatında baş verən dinamik inkişafdan danışmış və bu inkişafın dünyanı bürüyən iqtisadi böhran şəraitində əldə olunmasının xalqımız üçün qürurverici olduğunu xüsusi olaraq qeyd etmişdir.

İcra başçısı ölkə prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti sayəsində yaradılmış iqtisadi potensialın, bu gün dövlətimizin iqtisadi təhlükəsizliyini təmin etdiyini, onu dəhşətli böhranın təsirindən qoruduğunu ətraflı izah edərək neftdən gələn gəlirlərin ölkənin inkişafına, vətəndaşların rifah-halının yaxşılaşmasına, ordu quruculuğuna sərf olunduğunu, eyni zamanda qeyri-neft sektorunun inkişafına göstərilən diqqətin ölkənin neft gəlirlərindən asılılığının azaldılmasına istiqamətlənmiş uğurlu siyasət olduğunu vurğulamışdır.

Ayrıca olaraq deyə bilərik ki, Lənkəran Rayon İcra Hakimiyyətinin fəaliyyəti barədə redaksiyamıza daxil olan məlumatlar daha çox xoş ovqatlı, quruculuq ruhlu ifadələrlə təqdim olunur. Artıq uzun müddətdir ki, aldığımız həmin məlumatlarda, Taleh Qaraşovun Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunduğundan sonra keçən müddət ərzində Lənkəran şəhərinin özündə, ətraf kənd və qəsəbələrdə, eləcə də eyni səlahiyyət dairəsinə aid olan bütün ərazi vahidlərində müşahidə olunan iqtisadi inkişaf, rifah yüksəlişi barədə açıqlamalar əhatəli şəkildə əks olunur, davamlı olaraq Lənkəranın sosial-iqtisadi inkişafı üçün görülməsi vacib olan işlərin tam sürətlə və uğurla icra olunduğu barədə müxtəlif təfsilatlar təqdim edilir. Lənkərandan aldığımız yeni məlumatlarda da bölgədə ictimai həyatın dinamik məcrada, quruculuq fəaliyyətinin müşayiəti ilə davam etdiyi vurğulanır. Bu gün Lənkəranda yenə də əksər sahələrin fəaliyyətində böyük canlanma müşahidə olunmaqdadır.

Olduqca maraqlı bir məqamdır ki, Lənkərandan daxil olan məlumatlarda başçı Taleh Qaraşovun xüsusilə bu günlərdə daim xalqın arasında olmasından, icra hakimiyyətinin dövlətin anti-böhran tədbirlərinin həyata keçirilməsi istiqamətində göstərdiyi fəaliyyətin səmərəliliyindən danışılmasına paralel olaraq, bəzi mətbu orqanlarının səhifələrində də Lənkəran ŞİH başçısına qarşı “qara piar” kartının oynanılmasına müəyyən cəhdlər göstərilir. Bu xüsusda dərc olunan materiallarda Taleh Qaraşovun bahalı xarici turnelərə qatılmasına dair dezinformasiya xarakterli məlumatlar və digər bu kimi cəfəngiyyatlar təqdim olunur. Təbii ki, bütün bunların uydurma və böhtan olduğu hamıdan daha çox məhz elə Lənkəran ictimaiyyətinə yaxşı məlumdur. Bununla belə qeyd olunmalıdır ki, bu “qara piar” kampaniyası üçün hədəf kimi məhz Lənkərn ŞİH başçısının seçilməsi də bəzi məqamlardan xəbər verir. Məlum olduğu kimi, Taleh Qaraşov dövlətimizə bağlılığı, dövlətçilik ideyalarımıza sədaqəti ilə seçilən məmurlardan biridir. Eyni zamanda da ölkə rəhbərliyi tərəfindən ona göstərilən yüksək etimad, məhz bu xüsusiyyətlərə verilən dəyərin göstəricisi kimi çıxış edir.

Belə olan halda isə, ehtimal etmək olar ki, bu gün Taleh Qaraşova qarşı bəzi KİV-lərdə aparılan kampaniya sadəcə şəxsi xarakter daşımır. Ola bilsin ki, bütün bunlarda əsas məqsəd ölkəmizin cənub bölgəsində qarışıqlıq yaratmaq və burada dövlət siyasətinin uğurla həyata keçirilməsini əngəlləməkdir. Əlbəttə ki, bu kimi cəhdlərin hansısa bir nəticə verə biləcəyini gözləmək heç bir məntiqə sığmır. Amma istənilən halda, əgər biz ölkəmizdə əmin-amanlığın, sabitliyin və iqtisadi inkişafın qorunub saxlanmasını istəyiriksə, bu zaman bütün potensialımızı yalnız quruculuq işlərinə yönəltməli və bu işdə digərlərinə örnək ola biləcək insanlarımızı bədxahların güdazına verməməliyik.

Azər Abdul.

 

 

 

 

 

 






Fikirlər