TQDK sədri izləri İTİRMƏYƏ cəhd edir

 

Məleykə Abbaszadə ictimaiyyəti Elnur Nağızadəyə qarşı irəli sürülən ittihamların tələbə qəbulu ilə bağlı olmadığına inandırmağa çalışır

Artıq xəbər verildiyi kimi, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Tələbə Qəbulu üzrə Dövlə Komissiyasının mətbuat xidmətinin keçmiş rəhbəri Elnur Nağızadə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək axtarışa verilib. Hazırda onun tutularaq istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq və əməliyyat axtarış tədbirləri davam etdirilir. Digər tərəfdən isə, Elnur Nağızadənin qohumları artıq dünən kütləvi informasiya vasitələrinə müraciət edərək, mətbuat konfransı keçirməyə hazılaşdıqlarını bəyan ediblər.
Bu xüsusda E.Nağızadənin əmisi Tahir Nağıyev mətbuata verdiyi açıqlamada bildirib ki, ailə bu günlərdə mətbuat konfransı keçirəcək və Elnura ünvanlanış ittihamlarla bağlı bir sıra məlumatlar açıqlayacaq: “Bizim də deyəcəklərimiz var. Elnura qarşı ittihamlar əsassızdır. İki aydan çoxdur ondan xəbər ala bilmirik, danışa bilmirik. İki uşağı qalıb ortada. Kimlərsə Elnuru yoxa çıxarıb”. T.Nağıyev onu da bildirib ki, Elnurun həyatı təhlükədədir, ölüm təhdidləri alıb. E.Nağıyevin əmisi TQDK sədri Məleykə Abbaszadənin ünvanına bir sıra kəskin ittihamlar səsləndirib və mətbuat konfransında bütün dediklərini əsaslandıracaqlarını bildirib.
Qeyd edək ki, bir müddət əvvəl yayılan məlumata görə, Bakı şəhər sakinləri Vüsal İbrahimov və Zaur Əsgərov hüquq-mühafizə orqanlarına verdikləri şikayət ərizələrində 2015-ci ilin avqust ayında Elnur Nağızadəyə işə düzəlmək məqsədilə 150 min ABŞ dolları verdiklərini bildiriblər. Onlar işlə təmin olunmadıqlarını və pullarını geri ala bilmədiklərini vurğulayıblar.
Lakin nədənsə bu gün Elnur Nağızadəyə qarşı irəli sürülən ittihamlar arasında ali məktəblərə qəbul məsələlərində yol verilən maxinasiyalardan danışılmır. Halbuki, TQDK-nın keçmiş mətbuat katibinin yol verdiyi korrupsiya əməllərinin əsasən məhz bu məqamla bağlı olduğu hər kəsə məlumdur. Xatırladaq ki, Elnur Nağızadə artıq bir neçə ildir ki, TQDK-da ali məktəblərə qeyri-qanuni tələbə qəbulu ilə məşğul olan əsas fiqur kimi çıxış edirdi. Belə ki, qəbul imtahanlarından sonra, ali məktəblərin bir çoxunda qalan “boş yerlərə” Elnur Nağızadə müəyyən vətəndaşlardan aldığı pulların müqabilində onların övladlarını yerləşdirirdi. Həm də 2015-ci ilə qədər, bu prosedur hər dəfə problemsiz ötüşürdü. Lakin ötən il vəziyyət qəflətən dəyişdi. Məlum olduğu kimi, Təhsil naziri Mikayıl Cabbarov 2015-ci ildə universitetlərdə boş qalan yerlərə qəbul üçün keçid balını aşağı salmamaq barədə qəbul etdi. Nəticədə isə, Elnur Nağızadə 298 nəfər qarşısında boynuna götürdüyü “öhdəlikləri” yerinə yetirə bilmədi. Təbii ki, hər bir öhdəlik müəyyən məbləğdə, həm də kifayət qədər böyük məbləğdə pul müqabilində götürülmüşdü. Düzdür, yığılan pulların böyük bir hissəsi artıq sahiblərinə qaytarılıb. Amma Elnur Nağızadə, yığıdığı pulların özünə çatacaq hissəsini hələ qərar çıxmazdan əvvəl “xərcləməyə” macal tapıb. Bundan sonra öz pullarını geri tələb edən vətəndaşlar isə, TQDK-ya kütləvi şəkildə üz tutblar. Beləliklə də, məsələ “böyüyərək” artıq yuxarı insyansiyaların diqqətini cəlb etməyə başlayıb. Məhz bu məqamda, TQDK sədri Məleykə Abbaszadə mətbuat xidmətinin rəhbəri ilə vidalaşmaq məcburiyyətində qalıb.
Bu gün isə, Məleykə Abbaszadə həm hüquq-mühafizə orqanlarında, həm də ictimaiyyətdə Elnur Nağızadəyə qarşı irəli sürülən ittihamların tələbə qəbulu ilə bağlı deyil, məhz hansısa işə qəbul məsələləri ilə bağlı olduğuna dair təəssürat yaratmaq üçün əlindən gələni əsirgəmir. Məsələyə münasibət bildirən TQDK sədri deyib: “Biz xidməti araşdırma aparmışdıq. Həmin şikayətlərin TQDK-nın fəaliyyətinə heç bir aidiyyəti yoxdur. Onunla bağlı bütün sənədləri Korrupsiyaya İdarəsinə göndərmişik. Biz TQDK olaraq maraqlıyıq ki, onun qanuni və ya qeyri-qanuni fəaliyyəti ilə bağlı məsələlər araşdırılsın ”

Lakin gözləmək olar ki, Elnur Nağızadənin qohumlarının keçirəcəkləri mətbuat konfransında da bir çox qaranlıq məqamlara aydınlıq gətiriləcək...

Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.
AzerTaym.az






Fikirlər