”İcbari SIGORTA səhiyyənin digər səhələri ÜÇÜN lokomotiv rolunu oynayacaq” - MİLLƏT VƏKİLİ

Əhalinin sağlamlığının qorunmasında və səhiyyə sisteminin inkişafında ən vacib məsələlərdən biri olan  İcbari tibbi siğortanın tətbiqi həmişə dövlətimizin və prezidentimizin diqqət mərkəzindədir.Bu gün respublikamızda icbari tibbi sığortanın tətbiqi üçün qanunvericilik bazası kifayət qədər təkminləşdirilmiş şəkildədir”. 

  AzerTaym.az Modern.az istinadən  xəbər verir ki, bunu millət vəkili Rəşad Mahmudov parlamentin bu gün keçirilən iclasında vurğulayıb.

Millət vəkili qeyd edib ki, son illər səhiyyə sahəsində mühüm islahatlar aparılır: “Müasir standartlara uyğun tikilən və ən son elmi nailiyyətləri özündə birləşdirən  tibbi avadanlıqlarla təmin edilən tibb mərkəzləri və səhiyyə ocaqları icbari tibbi sığorta sisteminin tətbiqinə böyük köməklik edəcəkdir. Bütün bu görülən mühüm işlər artıq respublikamızda İcbari tibbi sığortanın tətbiqinə lazım olan zəmini və münbit şəraiti  yaradıb. 

 Qeyd etmək lazımdır ki, qəbul olunan zəngin məzmunlu qanunvericilik bazasının olması və  səhiyyədə həyata keçırilən islahatlarla  yanaşı icbari tibbi sığortanın tətbiqi istiqamətində  hələ görüləcək vacib işlər çoxdur. İcbari tibbi sığorta üzrə strategiyaların və layihələrin hazırlanıb  həyata keçirilməsində və onun fəaliyyətinin qurulmasında  vacib olan bütün komponentlər nəzərə alınmalıdır. 

Yuxarıda qeyd olunan məsələləri nəzərə alsaq  respublikamızda  icbari tibbi sığorta sisteminin tətbiqində və inkişafında  tək Səhiyyə nazirliyi və ya Agentlik  deyil, bütün aidiyyəti dövlət və ictimai qurumların da iştirak etməsi vacibdir”. 

“Agentliyin Əsasnaməsini rəhbər tutaraq qısa müddətdə dövlət və yerli özünüidarəetmə orqanları (Səhiyyə Nazirliyini, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi , Maliyyə Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu və digər  icra orqanları )  ilə Dövlət İcbari Sığorta Agentliyi arasında  qarşılıqlı sıx əməkdaşlığın qurulması çox vacibdir. İcbari tibbi siğorta fəaliyyətinin tətbiqinin sürətləndirilməsi və təşkilinin effektiv həyata keçirilməsi üçün yuxarıda qeyd olunan aidiyyəti qurumların nümayəndələrinin təmsil olunduğu bir işçi qrupunun və ya şuranın yaradılması məqsədəuyğun olardı. Yaradılması təklif olunan işçi qrupun əsas vəzifəsi  İcbari tibbi siğorta fəaliyyətinin təşkili və tətbiqində  Agentlik ilə digər bütün maraqlı tərəflərin qarşılıqlı əməkdaşlığının qurulmasını həyata keçirmək və  hər bir tərəfdaşın bu prosesdə aktiv iştirakını təmin etməkdir. İcbari siğortanın doğru bir şəkildə başladılması sosial və siyasi stabilliyin qorunmasında,  dövlətin vətəndaşları qarşısında olan öhdəliyinin ödənilməsində, insanlarımızın dövlət və prezidentimizə məhəbbət və hörmətinin daha da  artmasında, və eləcə də əhalinin sağlamlığının qorunmasında böyük rolu olacaqdır”-, deyə millət vəkili vurğulayıb. 

Millət vəkili daha sonra qeyd edib ki, Dünya Səhiyyə Təşkilatının tibbi xidmətin göstərilməsi üzrə klassifikasiyasında  3 əsas səviyyə qeyd olunub: “Birinci səviyyə ilkin poliklinika mərhələsində göstərilən xidmətlər - hansı ki Səhiyyə nazirliyi tərəfindən büdcədə nəzərdə tutulmuş maliyyə vəsaiti ilə Azərbaycanın hər bir nöqtəsində təşkil olunmuşdur və gündən günə də inkişaf etməkdədir.

İkinci səviyyə -  Tibb mütəxəssisləri tərəfindən əhaliyə göstərilən ixtisaslaşmış tibbi yardım - Səhiyyə nazirliyi tərəfindən  ölkəmizin hər bir nöqtəsində göstərilən təcili tibbi yardım, mama ginekoloji xidmət, stasionar xidməti, tibbin əksər sahəsini əhatə edən cərrahi xidmət təşkil olunmuşdur və gündən günə  inkişaf etməkdədir. 

Üçüncü səviyyə - Əhaliyə göstərilən Yüksək texnologiyalı tibbi xidmətdir.Hansı ki, yüksək maliyyə xərci tələb edən bu əməliyyatlar hər bir vətəndaşın,  hər bir milli məclis üzvünün, hər bir səlahiyyətli orqan rəhbərinin, elə cə də hər bir tibb işçisinin  ən çox əziyyət çəkdiyi  problemdir.Bildiyiniz kimi, hal hazırda təklif olunan  ilkin layihədə, icbari tibbi sığortanın pilot layihə şəklində müəyyən ərazidə tətbiqi nəzərdə tutulmaqdadır. Eləcə də  müəyyən dövrdən sonra monitorinqinin  keçirilməsi  və təhlillərin nəticəsindən asılı olaraq respublikanin digər bölgələrində tətbiq edilməsi  üzərində işlənir. Bir mənalı olaraq pilot layihənin bu cür başlanğıcının bizə vaxt itkisi və bir çox  problemlər yaradacağı duşuncəsindəyəm. Onu deyə bilərəm ki , Dünya Səhiyyə Təşkilatının 3 səviyyəsi üzrə tibbi xidmətin ilk 2 səviyyəsi AR Səhiyyə Nazirliyi tərəfindən mövcud sistem üzrə hal-hazırda  həyata keçirilməkdədir.Ərazi üzrə başlanması planlanan, hər 3 səviyyəni əhatə edən pilot layihənın tətbiqi əsnasında istəmədən Səhiyyə Nazirliyi tərəfindən tətbiq olunan iki mərhələmizə zərər verə bilərik.

 Bütün bunları nəzərə alaraq sual ortaya çıxır. Yaxşı, pilot layihəyə bu səviyyələrdən hansı ilə başlamaq  ölkəmiz üçün daha vacib və daha aktualdır?  

2-ci sual bəs,  İcbari Tibbi Sığortanın həyata keçirilməsində,  hardan başlamaq lazımdır ki, var olan  səhiyyə sisteminin işinə xələl gətirmədən tətbiq oluna bilinsin və eləcə də bu pilot layihə əhalinin ən çox əziyyət çəkdiyi problemi həll etməklə birlikdə,   həm də mövcud səhiyyə xidmətinin səviyyəsinin daha artmasına xidmət etsin.

 3 -cü sual bu pilot layihəni hansı tibbi xidmət səviyyəsindən başlayaq ki,  ən optimal maliyyə vəsaiti ilə ən maksimal nəticə əldə edə bilək?”.

R.Mahmudov qeyd edib ki, məhz bütün bunları nəzərə alaraq ilkin pilot layihənin yüksək texnologiyalı tibbi xidmətlə başladılması daha məqsədəuyğundur:  "Yüksək texnologiyalı tibbi xidmət səviyyəsi üzrə icbari sığortanın tətbiqinin  bizə gətirdiyi müsbət tərəfləri sıralamaq istərdim. 

1. Ölkəmizdə yüksək texnologiyalı tibbi xidmətə ehtiyacı olan bütün vətəndaşları əhatə edə bilər.

2. Paytaxt və regionları əhatə etməklə sadəcə 8-10 yüksək texnologiyaların tətbiq olunduğu dövlət və özəl  tibb müəssisələrində həyata keçirilə bilər ( bu da aidiyyəti qurumların kontrol və monitorinqini asanlaşdıracaq).

 3. Yüksək texnologiyalı tibbi xidmətin tətbiq edildiyi icbari sığorta səhiyyənin  digər səhələrində lokomotiv rolunu oynayacaq ki, bu da  kadr potensialının inkişafına və bu günə qədər dövlət tərəfindən  yüksək texnologiyalara qoyulan  vəsaitin dirçəlməsinə səbəb olacaq.

4. Digər müsbət tərəfi son 20 il ərzində post sovet məkanında 15 respublika içərisində xaricdə tibbi təhsil alınmasına ən çox vəsait sərf edən dövlətimizin,  planlı   kadr siyasətinin  nəticəsi olaraq,  ölkəmizdə və xarici ölkələrdə fəaliyyət göstərən minlərcə yüksək ixtisaslı kadrların ölkəmizdə həvəs içərisində çalışmasına zəmin yaradacaq.

5. Bu layihə həm də icbari tibb sığorta ilə işləyən tibb müəssisələrinin özünü idarəetmə sistemlərinin təkminləşməsinə,  zaman içərisində dövlətdən gələn maliyyə dəstəyinin sıfırlanmasına və eləcə də gələcəkdə ölkəmizin digər səhiyyə ocaqları üçün tibb personalından əlavə xəstəxana idarəetmə personalının  hazırlanmasına köməklik edəcəkdir. 

Nəticə olaraq qeyd etmək istəyirəm ki,  yalnız qarşılıqlı əməkdaşlıq sayəsində sığorta fəaliyyətinin təşkili və tətbiqi ilə bağlı bütün problemlər  öz həllini tapa bilər və  sığorta üzrə vacib məsələlər müzakirə edilməklə  və tərəflərin maraqları, öhdəlikləri və vəzifələri nəzərə alınmaqla effektiv  strateji planlar hazırlana bilər.  İşçi qrupunda müzakirə əsasında qəbul edilən yekun qərarlar isə öz növbəsində  Tibbi Sığorta Agentliyinə  tibbi siğorta fəaliyyətini daha effektiv şəkildə təşkil və tətbiq etməsinə yaxından köməklik edəcək.

Yekunda demək istəyirəm ki, hər bir işin doğru başlınğıcı,  müvəffəqiyyətli davamın və inkişafın əsas şərtidir.Buna görə də səhiyyənin  və tibbi sığorta işinin  mövcud potensialını nəzərə alaraq optimal başlanğıc miqyasının seçilməsi çox vacibdir."

AzerTaym.az  

 

  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

  

  

 

  

 

 

 






Fikirlər