Vergilər Nazirliyi və SOCAR birgə məlumat yayıb
Son günlər bir sıra kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində (SOCAR) Vergilər Nazirliyi tərəfindən aparılan vergi yoxlamaları ilə bağlı həqiqəti əks etdirməyən, yoxlanılmamış, çaşdırıcı xarakter daşıyan və nəticə etibarilə dövlət qurumlarının və ölkənin ümumi imicinə zərər vuran bəzi məlumatlar yayılmaqdadır. "Report" xəbər verir ki, bu barədə Vergilər Nazirliyi və SOCAR-ın birgə məlumatında qeyd edilib. "Xatırlatmaq istərdik ki, SOCAR regionun ən böyük milli şirkətlərindən biri olmaqla həm əvvəlki illərdə, həm də 2018-ci ilin nəticələrinə görə də Azərbaycan dövlət büdcəsinin gəlirlərini təmin edən böyük vergi ödəyicilərindən biridir. Bununla yanaşı, şirkət həm də dünyanın 20-dək ölkəsində dövlətimizin maraqlarını təmin etməklə, ölkəmizə böyük gəlirlər gətirir. Bütün şirkətlərdə, o cümlədən SOCAR-da yoxlamaların aparılması Vergilər Nazirliyinin əsas və birbaşa funksional vəzifələrindən biridir. Vergilər Nazirliyi hər il planlı şəkildə iri vergi ödəyicilərində, o cümlədən SOCAR-da müvafiq yoxlamalar aparır və bu il keçirilən yoxlama da növbəti səyyar vergi yoxlamasıdır",- məlumatda bildirilib. Qeyd edilib ki, bu yoxlamaların SOCAR-ın inzibatı strukturunda aparılan hər hansı dəyişikliklərlə əlaqələndirilməsi yanlışdır və kütləvi informasiya vasitələrində yer alan bir sıra məlumatlar ümumiyyətlə əsassız və uydurmadır. Vergi yoxlamaları hər iki strukturun iş fəaliyyətinə təsir etməyən adi bir prosesdir və şirkətin vəzifəli şəxsləri öz səlahiyyətləri çərçivəsində vəzifələrinin icrasını davam etdirirlər. KİV nümayəndələrinin nəzərinə çatdırılır ki, həqiqəti əks etdirməyən, dövlət orqanlarının rəsmi məlumatlarına istinad edilmədən və ya dəqiqləşdirilmədən yayılan məlumatlar SOCAR-ın ictimai nüfuzuna, ölkəmizi dünya bazarında təmsil edən ən böyük vergi ödəyicisinin imicinə zərbə vurur. Bu baxımdan media nümayəndələrindən xahiş olunur ki, əsassız və dəqiqləşdirilməmiş məlumatları yaymasınlar, zəruri hallarda rəsmi mənbələrdən verilmiş məlumatlardan istifadə etsinlər.