Kralın 750 milyardlıq hədəsi ABŞ-ı şoka salıb - Obama təcilli Riyada gedir

Kralın 750 milyardlıq hədəsi ABŞ-ı şoka salıb

ABŞ prezidenti Barak Obama, bu gün Səudiyyə Ərəbistanında rəsmi səfərdə olacaq. 

Avropa.info xəbər verir ki, səkkiz illik prezidentlik dövründə 3 dəfə Səudiyyə Ərəbistanına səfər edən Obama, bu gün yenidən paytaxt Riyada gələcək. 
Vəzifəsinin sona çatmasına bir neçə ay qalan Obamanın Səudiyyə Ərəbistanı gündəmi olduqca gərgindir. Görüş zamanı neftin qiymətlərindən, silah satışına, İran məsələsindən İŞİD-ə qədər bir çox məsələnin müzakirə olunması gözlənilir. 
Ancaq səfərin əsas gündəm məsələsi isə ABŞ ilə Səudiyyə Ərəbistanı arasında pozulan münasibətlərin yenidən bərpa olunmasıdır. 
Riyad və Vaşinqton arasındakı münasibətlər, neft qiymətlərinin aşağı düşməsi və Yəməndəki əməliyyatlar səbəbilə onsuz da gərgindir. Obamanın keçən ay “Atlantik” jurnalına verdiyi müsahibədə rəsmi Riyadı da nəzərdə tutaraq "Region ölkələri arasında ABŞ-ın gücünə, parazit kimi yanaşanlar var" deməsi səudiyyəlilərin qəzəbinə səbəb olub. 
Bütün bunlarla yanaşı 11 sentyabr hadisələri zamanı yaxınlarını itirənlərin Səudiyyə Ərəbistanı əleyhinə külli miqdarda təzminat iddiasının yolunu açan qanun layihəsinin senata təqdim edilməsi də gündəmi qarışdırıb. 
"Terrorçuluğun sponsorlarına qarşı ədalət" adlı qanun layihəsi, yanvar ayında Nümayəndələr Palatasının Ədalət Komissiyasından keçmişdi.
ABŞ Konqresinin gündəminə daxil olan qanun layihəsi Səudiyyə hökumətinin sərt reaksiyasına səbəb olmuşdu. “New York Times”-ın xəbərinə görə Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Cubeyr, keçən ay Vaşinqtona səfəri zamanı Kral Səlmanın xəzinə istiqrazları da daxil olmaqla ABŞ-dakı ümumilikdə 750 milyard dollarlıq varlığı satmaq haqda qərar qəbul edə biləcəyini söyləmişdi. 

Obama hökuməti isə Riyad ilə yeni bir böhran yaradacaq qanuna qarşı çıxır. Ağ Ev sözçüsü Co. Ernest ötən gün Obamanın layihəni veto edəcəyini açıqlayıb. 

Bundan başqa Obamanın bu təhdiddən çox, vəzifə müddətinin sonuna yaxın "Səudiyyə Ərəbistanı ilə bağları qoparan prezident" olaraq tarixə düşmək istəmədiyi bildirilir. 

İyun ayında senata təqdim ediləcək olan qanun layihəsi, bundan əvvəl də gündəmə gətirilmişdi. Sabiq prezident Corc Buş milli təhlükəsizliyi təhlükəyə atacağı səbəbilə layihəyə imza atmağı rədd etmişdi. 

Xatırladaq ki, 11 sentyabr hadisələrini həyata keçirən 19 nəfərdən 15-i Səudiyyə Ərəbistanı vətəndaşı idi. Riyad, hadisədə əli olmadığını bildirərək təzminat ödəməyi rədd edir.






Fikirlər