Britaniya mətbuatı: Prezidentlər HANSI xəstəliklərini gizlədiblər?

Britaniya mətbuatı: Prezidentlər hansı xəstəliklərini gizlədiblər?

"The Independent"in saytında dərc olunmuş məqalədə Washington müxbiri Rupert Cornwell yazır ki, xəstəliyi Hillary Clinton-u prezidentlikdən məhrum edə bilər, lakin tarixən ABŞ prezidentləri çox ciddi və təhlükəli xəstəliklərini gizlədə biliblər.

Məqalədə deyilir ki, hər bir adamın səhhəti onun şəxsi işidir, lakin söhbət ABŞ prezidentliyinə namizədin sağlamlığından gedirsə, bu, artıq şəxsi iş ola bilməz. Məhz buna görə də böyük bir ehtimalla Hillary Clinton indi öz sağlamlıq vəziyyətinin bütün təfərrüatlarını açmağa məcbur ediləcək.
Lakin bununla belə, ABŞ-ın açıqlıq reputasiyasına baxmayaraq, dünyanın ən qüdrətli şəxsinin sağlamlığı heç də həmişə şəffaf məsələ olmayıb.
Müəllif yazır ki, ümumən ABŞ prezidentləri kifayət qədər sağlam olurlar. Elə təkcə bunu demək kifayətdir ki, 18 ay ay davam edən namizədlik kampaniyasının öhdəsindən yalnız top kimi sağlam olmaqla gəlmək olar. Lakin hətta buna da baxmayaraq ABŞ tarixində bunun əksini göstərən bəzi istisnalar olub.
25-ci əlavə
Məqalədə deyilir ki, 1967-ci ildə Konstitusiyaya edilmiş 25-ci düzəlişə qədər ABŞ prezidentinin iş başında vəfat etməsi halında hansı prosedurların işə salınmasının dəqiq mexanizmi olmayıb.
Əslində yeni tarixdə prezidentlik postunda olduğu vaxt iki nəfər öz əcəli ilə ölüb.
1923-cü ildə Warren Harding ürək infarktından vəfat edib və 1945-ci ilin aprelində, 4-cü müddətə təzəcə and içmiş Franklin Roosevelt beynə qan sızmasından dünyasını dəyişib. Lakin bundan əvvəl və sonra əcəlin Ağ Evin yaxlınlığında dolaşdığı vaxtlar olub.
Woodrow Wilson 1919-cu ilin oktyabrında keçirdiyi iflicdən sonra prezidentliyin qalan 17 ayını fiziki məhdudiyyətli şəxs kimi keçirib. Onun səhhətinin yaxşı durumda olmadığını həkimlər əvvəldən də bilirmişlər.1955-ci ildə prezident Dwight Eisenhower-in infarkt keçirdiyi xəbəri ictimaiyyətə açıqlansa da, belə başa düşmək olar ki, onun vəziyyətini əslində olduğundan daha yumşaq təqdim ediblər.
Məqalədə deyilir ki, bütün bu halların arasında ən maraqlısı Eisenhower-dən sonra prezident olmuş John Kennedy ilə bağlıdır.
"JFK qatil gülləsindən ölüb, lakin onun tibbi problemləri vaxtında açıqlansaydı, o əslində prezident seçilməyə də bilərdi" - yazır Rupert Cornwell .
Kennedy Addison xəstəliyindən, başqa sözlə, böyrəküstü vəzlərin pozuntusundan əzab çəkirmiş. Bundan başqa onun koliti (düz bağırsağın iltihabı) və xroniki bel ağrıları da varmış. Təəccüblüsü budur ki, bütün bunlar onun prezidentliyinə mane olmurdu, amma ictimaiyyətə də açıqlanmamışdı.
Hətta 1960-cı ildə ona rəqib namizəd Lyndon Johnson-un düşərgəsi JFK-in Addison xəstəliyindən əzab çəkdiyini elan edəndə, Kennedy-nin düşərgəsi bu iddianı yüngülcə rədd etmişdi və bu söhbətə bir daha qayıdılmamaışdı. 1964-cü ildə prezidentlik kürsüsünə əyləşən Johnson-un özü də əvvəllər bir neçə infarkt keçirmişdi və bütün prezidentliyi boyunca onu qəfil vura biləcək daha bir infarktın qorxusu ilə yaşamışdı.
Bush-u çərəz boğacaqmış
1991-ci ilin mayında prezident George H.W. Bush-u ürək qulaqcıqların fibrilyasiyası, yəni aritmiyası tutmuşdu. Məqalədə deyilir ki, o zaman ən böyük narahatlıq 25-ci düzəlişə əsasən Dan Quayle-in prezident ola biləcəyindən idi. Amma Bush xəstəlikdən çox çevik dirçələ bilmişdi.
Amma bəziləri bu qənaətdədirlər ki, xəstəlik ondan əl çəkməmiş və 1992-ci ildə Bill Clinton-a məğlubiyyətinin səbəblərindən biri olmuşdu.
Ata Bush-un xəstəliyi bir də özünü Yaponiyadakı dövlət ziyafətində yediyini qaytarması ilə büruzə vermişdi.
Elə oğul Bush-un başına iş gəlib. 43-cü ABŞ prezidenti 2002-ci ildə Ağ Evdə televizora baxa-baxa yediyi pretzel çərəz peçenyesinin boğazında qalmasından boğulurmuş.
Məqalədə deyilir ki, xanım Clinton-un 48 saatdan sonra açıqlanmış xəstəliyi - sətəlcəm demokrat namizədin başqa xəstəlikləri ilə birlikdə təhlükəli ola bilər. Onun iki dəfə beyin sarsıntısı keçirdiyi və qan laxtalanması əlaqədar hələ də qandurulducu preparatlar qəbul etdiyi bilinir.
"O hələlik prezident deyil, lakin qaydalar artıq ona da şamil edilə bilər" - deyilir məqalədə (BBC)






Fikirlər