AVROPADA YENİ DÖVLƏT! – “Barselona” İspaniya liqasını tərk edə bilər!

 

242090_originalİspaniyanın Kataloniya vilayətində bu bazar keçirillən yerli parlament seçkilərində müstəqillik tərəfdarlarının qələbə qazanması Avropanın xəritəsini yenidən dəyişə bilər.

Yaxın il yarım ərzində separatçılar müstəqillik üçün müxtəlif gərəkli strukturlar yaratmağı qərara alıblar. O cümlədən ayrıca futbol liqası və “milli yığma”nın da yaradılmasından söz gedir. Beləliklə, Kataloniya təmsilçisi “Barselona”nın da İspaniya çempionatını tərk etməsi gözləniləndir.

Bu ehtimal yerli futbolçular və idman ictimaiyyəti arasında heç də mənfi qarşılanmır. Sarı-qırmızı bayraqlar az qala hər evin pəncərəsindən asılıb və yerli separataçıların liderləri kataloniyalıların qarşısına triumfator kimi çıxırlar. “Barselona”nın baş məşqçisi Luis Enrike də “suverenitetin qələbəsindən” danışıb. Əslən kataloniyalı olmayan baş məşqçinin separatçıları dəstəkləməsi səs-küy doğurub.

Artur MasLakin rəsmi Madrid əyalətdə baş verənləri birmənalı qarşılamır. Ali Məhkəmənin muxtariyyət lideri Artur Ması dindirməyə cəlb etməsi və onun səlahiyyətləri aşmaqda, büdcə pullarını oğurlamaqda, eləcə də regionun müstəqilliyi barədə “qanunsuz sorğular”ın təşkilində ittiham olunması Kataloniyada separatçı ruhu daha da gücləndirdi.

Ekspertlər əmindir ki, Masın üzərindəki təzyiqlərlə Madrid xoşagəlməz cavab reaksiyası, kütləvi aksiyalarla üzləşə bilər.

Kataloniyanın vitse-prezidenti Neus Munte muxtariyyət liderinə qarşı məhkəmə işini “siyasi motivlərlə” əlaqələndirib: “Biz qəti şəkildə əminik ki, o, heç bir qanunsuz iş görməyib”.

İstər Avropa İttifaqında, istər ABŞ, istərsə də Rusiyada bu proseslərə müdaxilə arzusu müşahidə olunmur. Rusiya XİN-dən ölkə mətbuatına verilən açıqlamada bunun “İspaniyanın daxili işi olduğu” bildirilib.

İspaniyanın şimal-şərqində yerləşən Kataloniya ölkə ÜDM-sinin 20 faizini verir, lakin subsidiya şəklində cəmi 8 faiz ödəniş alır. İspaniya taxtı uğrunda gedən mübarizələrdə “yalnış namizəd”in dəstəklənməsindən indiyə qədər, yəni, 1707-ci ildən bəri Kataloniyada vaxtaşırı “müstəqillik” dalğaları baş qaldırır.

Kataloniyanın müstəqillik uğrunda daha da qətiyyətlə addımlaması Madridin siyasətini və İspaniyanın bütövlüyünü təhlükə altında qoyur.

Kataloniyada yerli seçkilər zamanı partiyalara müstəqillik uğrunda mövqe fərqinə görə səs verilib. Nəticədə separatçı fikirli qüvvələrin yerli parlamentdə üstünlük təşkil etməsi, suveren institutların formalaşması üçün də münbit şərait yaradıb.

Ötən sorğularda da İspaniya Konstitusiya Məhkəməsinin kataloniyalıları “pərt” etməsi, Madridin hüquq-məhkəmə sistemi vasitəsi ilə təzyiqləri muxtariyyətdə narazılıq dalğasını xeyli artırıb. Belə ki, hazırda müstəqillik tərəfdarları əvvəlki illərə görə dəfələrlə çoxdur. Ekspertlərin ehtimalına görə, müstəqillik tərəfdarlarının yerli parlamentdə mütləq çoxluq təşkil etməsi artıq Madridin də mövqeyindən asılı olmayaraq, gələn il üçün müstəqillik referendumunun keçirilməsinə yol aça bilər.

İspaniyanın mərkəzi hökuməti dəfələrlə bəyan edib ki, muxtar vilayətin krallıqdan çıxmasına heç bir vəchlə imkan verməyəcək.

Birtərəfli qaydada müstəqilliyin elan olunması İspaniya Konstitusiyasına, eləcə də beynəlxalq hüquqa zidd olduğundan, Kataloniyada müstəqillik prosesinin asan və itkisiz başa gələcəyi elə də inandırıcı variant kimi önə çıxmır.

Lakin Aİ üzvü olan bir ölkədə bu prosesin necə baş verəcəyi, separatçı cəhdlərinin qarşısının necə alınacağı hələ də suallar doğurur.

Aİ institutları və Avropa liderləri hazırkı mərhələdə İspaniyanı dəstəkləyir. Merkel bu məsələ ilə bağlı “təminatlı milli suverenitet və ərazi bütövlüyü” məsələsini irəli çəkib. Aİ-dən çıxmağa çalışan Britaniya baş naziri Devid Kemeron isə Kataloniyaya xəbərdarlıq edib:Əgər İspaniyadan ayrılsa, bu “yeni dövlət” Aİ-nin bir hissəsi hesab olunmayacaq.

“Müstəqilliyi əldə etmə prosesi”nin 18 ay çəkməsi nəzərdə tutulub. Madrid bu prosesə hansı şəkildə müdaxilə edəcək – hazırda ekspertləri ən çox bu narahat edir.

Ölkədə vətəndaş müharibəsi istisna olunur, bu qətiyyən mümkün deyil – Qərb siyasiləri buna imkan verməyəcəklər.

Bəs separatçıları necə sakitləşdirmək lazımdır? Və ya bu şəxsləri kimlər dəstəkləyir?

Separatçıların hansı böyük gücə arxayın olaraq addımlar atması barədə müxtəlif fərziyyələr ola bilər.

Lakin bu, təkcə İspaniya üçün yox, Aİ üçün bütövlükdə mühüm sınaq olacaq. Hər hansı diqqətsiz yanaşma ittifaqı içindən sarsıda bilər.

Rüfət ƏHMƏDZADƏ
AzPolitika.info






Fikirlər