Pensiyalar nə vaxt veriləcək? – RƏSMİ AÇIQLAMA

Bakı şəhərində iyul ayının pensiyaları gecikir.

Uzun müddətdir pensiyaların maliyyələşməsi vaxtından əvvəl başa çatır və hər ayın 13-dək Bakı şəhərində pensiyalar verilir, 20-dək isə regionlarda proses tam başa çatır. Lakin iyulda paytaxtda pensiyalar verilməyib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev Publika.az-a açıqlamasında bu həftənin sonuna paytaxtda pensiyaların maliyyələşməsinin tam başa çatacağını bildirib: “Pensiyaçılar Ramazan bayramından əvvəl pensiyalarını almaq istəyirdilər. Bildiyiniz kimi, hər il Ramazan bayramının günləri dəyişir. Bu il iyul ayının 6-7-nə təsadüf etdi, bayrama qədər vermək çox tez idi. Bayram günlərinə qədər prosesin başa çatması mümkün deyildi, sənədləşmə işləri başa çatmadı. Paytaxtda pensiyalar bu həftənin sonuna qədər tam veriləcək, ayın 20-25-dək bütün respublikada başa çatacaq. Bu yenə də pensiyaların vaxtında əvvəl maliyyələşməsi deməkdir”.

 

Qeyd edək ki, 2013-cü ildən Azərbaycanda pensiyaların ölkə üzrə maliyyələşdirilməsi qrafiki bir qədər də irəli çəkilib. Həmin ildən xəzinədarlıq orqanları tərəfindən pensiyaların vətəndaşların şəxsi hesablarına köçürülməsi Naxçıvan Muxtar Respublikası üzrə hər ayın 11-dək, Bakı şəhərinin rayonları üzrə hər ayın 13-dək, əhalisi məcburi köçkün olan rayonlar üzrə hər ayın 16-dək, respublika tabeli şəhərlər üzrə hər ayın 18-dək, digər rayonlar hər ayın 24-dək, hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan pensiyaçılar üzrə hər ayın 29-dək yekunlaşdırılacağı barədə məlumat verilmişdi. Qrafiklə müəyyən olunmuş tarixlər istirahət və bayram günlərinə təsadüf etdikdə istirahət və bayram günlərindən sonrakı iş günündə icra edilir. Bayramlar və dövlət əhəmiyyətli tədbirlər olduğu aylarda bu qrafikin müəyyən olunmuş vaxtdan əvvəl icrasının həyata keçirilməsi nəzərdə tutulub.






Fikirlər