Çingiz Abdullayev utanır: "GÜNAHLARIM, SƏHVLƏRİM olub"

 Çingiz Abdullayev utanır:

"Oyundan sonra Əsgər Abdullayevlə heç bir görüşüm, söhbətim olmayıb. O, hələ ki, baş məşqçimizdi. Klubdakı taleyinə, növbəti oyuna komandanı kimin çıxaracağına Müşahidə Şurası qərar verəcək".

AzerTaym.az Qaynar.info istinadən xəbər verir ki, bu sözləri "Qəbələ"yə 1:2 hesablı məğlubiyyətdən sonra "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev deyib. 

 Xalq yazıçısı baş məşqçi axtarışlarına başlayacaqlarını bildirib. Onun fikrincə, "Neftçi"nin baş məşqçisi adına layiq yaxşı, səviyyəli mütəxəssis olmalıdı: "Ancaq bu, o demək deyil ki, mütləq əcnəbi olacaq. Görürsünüz, Qurban Qurbanov yerli mütəxəssisdi, "Qarabağ" onunla uğurlar qazanır. Əslində Əsgər Abdullayevlə 2015-ci ilin sonunadək anlaşmışdıq. Amma manatın ikinci devalvasiyası və Emil Mpenzaya olan borcumuz üzündən ondan xahiş etdik ki, bir müddət də postunda qalsın".
"Qəbələ"yə məğlubiyyətdən və AZAL-ın "Xəzər Lənkəran"ı səfərdə 1:0 hesabı ilə yenməsindən sonra "Neftçi" 7-ci pilləyə enib. Abdullayev bu mövqenin qətiyyən qaneedici olmadığını bildirib: "Komanda indi bu yerdədisə, ən birinci utanmalı olan insan mənəm. Görünür, mən lazımınca tələbkar olmamışam, günahlarım, səhvlərim olub".






Fikirlər