Fatih Portakal bu dəfə İmamoğlunu “sürüdü“: “CƏSARƏTSİZdir...“

Fatih Portakal bu dəfə İmamoğlunu “sürüdü“: “Cəsarətsizdir...“ 

Türkiyə müxalifətinin ötən ay keçirilən parlament və prezident seçkilərindən məğlub ayrılması bu düşərgədə qarşılıqlı ittihamlara yol açıb. İndi təkcə siyasi partiya təmsilçiləri deyil, müstəqil ziyalılar, hakimiyyət əleyhdarı olan jurnalistlər də müzakirələrdə iştirak edir. 

"AzerTaym.az" yenisabah.az-a istinadən xəbər verir ki, ölkənin ana müxalifət partiyası sayılan CHP-nin İdarə Heyətinin 20 üzvünün ötən gün istefa verməsi müxalifətdaxili müzakirələri daha da intensivləşdirib. 

Müxalifətə yaxınlığı ilə tanınan türkiyəli jurnalist, "Sözcü" TV-nin xəbərlər proqramının aparıcısı Fatih Portakal da narazıların sırasına qoşulub. Srağagün CHP sədri, prezidentliyə keçmiş namizəd Kemal Kılıçdaroğlunu tənqid atəşinə tutan telejurnalist bu dəfə İstanbulun bələdiyyə başqanı Ekrem İmamoğlunu yıxıb-sürüyüb. Portakal virtuoz siyasətçi kimi xarakterizə etdiyi İmamoğlunu cəsarətsizlikdə suçlayıb. 

Onun sözlərinə görə, müxalifətin prezidentliyə namizədi K.Kılıçdaroğlu deyil, Ekrem İmamoğlu olmalı idi:

"Seçkidən əvvəl Meral Akşener bu təkliflə çıxış etdi. Mən bilirdim ki, namizəd olmaq İmamoğlunun da ürəyindən keçirdi. Amma bunu dilinə gətirməyə cəsarəti çatmadı". 

F.Portakal deyib ki, CHP-nin qurultayı ilə bağlı da analoji vəziyyət yaranıb. Onun iddiasına görə, K.Kılıçdaroğlunun sədrlikdən getməsi qaçılmazdır:

"Yeni sədr kim olacaq? Məncə, Ekrem İmamoğlu olmalıdır. CHP-də onun sədr olmasını istəyən xeyli adam var. Ekrem bəy CHP-nin yeni sədri olacaqmı? Ürəyindən keçir, amma dilinə gətirə bilmir. Çünki cəsarətsizdir".






Fikirlər