Tramp Zelenskiyə niyə ultimatum verdi: Qərb Ukraynanın “düşmən”inə, Rusiyanın isə “dost”una çevrilir

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp rəsmi Kiyevə “Ukrayna ərazilərini Rusiyaya təhvil ver” mesajı göndərib, indi onu Ukraynanın gələcək taleyi qətiyyən düşündürmür... Ağ Evin yeni sahibi üçün Rusiya ilə müharibənin dayandırılması Ukraynanın mövcud olub-olmayacağından daha böyük əhəmiyyət daşıyır və bu, rəsmi Kiyevin hərbi müttəfiqlərini artıq itirmək üzrə olduğunu göstərir...

Ukrayna savaşı ətrafında yaranmaqda olan yeni situasiya kollektiv Qərbi tədricən parçalamağa başlayıb. Çünki bu “savaş bataqlığı”na yönəlik yanaşma tərzi həm sürətlə, həm də radikal şəkildə dəyişməyə başlayıb. Belə ki, indi kollektiv Qərb Ukrayna savaşına münasibətdə iki düşərgəyə ayrılmış kimi görünür. Ona görə də, yaxın vaxtlarda Ukraynanı dəstəkləyən Qərb siyasi dairələri arasında müəyyən qarşıdurna meyllərinin güclənə biləcəyi qətiyyən istisna deyil. Və bu, Ukrayna üçün olduqca təhlükəli dövrün artıq başlandığını göstərir.

Onu da qeyd etmək lazımdır ki, hazırda rəsmi Kiyev Ukraynanın əvvəlki kimi dəstəkləndiyinə qətiyyən əmin deyil. Əksinə, Zelenski hakimiyyəti son vaxtlar Ukrayna ətrafında “qara buludlar”ın sıxlaşdığını nəzərə almaq məcburiyyəti ilə üzləşib. Bu səbəbdən də, tərəddüdlü davranışlarla da olsa, ABŞ və Qərbə müqavimət göstərməyə çalışır. Və prezident Volodimir Zelenskinin bəzi Qərb ölkələrinə qarşı açıq tənqid cəhdləri də buna örnək sayıla bilər.

zelenski-olaf.JPG (52 KB)

Məsələ ondadır ki, son vaxtlar Ukrayna lideri bəzi Qərb ölkələrini, xüsusilə də, Almaniyanı birbaşa hədəfə alıb. Belə ki, prezident Volodimir Zelenski Almaniya kansleri Olaf Şoltsu Ukraynaya “Taurus” raket sistemlərini verməkdən imtina etdiyinə görə ittiham atəşinə tutub. Halbuki, bu, yalnız Alminya hökumətində deyil, eyni zamanda NATO-nun rəhbərliyində də ciddi narazılıqla qarşılanır. Və NATO-nun baş katibi Mark Rutte Ukrayna liderini Almaniyaya yönəlik əsassız ittihamlarını dərhal dayandırmağa çağırıb.

Belə anlaşılır ki, Ukrayna savaşı ucbatından mövqe ziddiyyətləri yaşayan Qərb siyasi dairələrində rəsmi Kiyevin davranışları olduqca ciddi narazılıq və qıcıq doğurmağa başlayıb. Üstəlik, rəsmi Berlinin qərarlarını dəstəkləyən bəzi Qərb ölkələri rəsmi Kiyevi Ukrayna savaşı ətrafında baş verənlərə yalnız öz maraqları çərçivəsində “eqoist” yanaşmaqda suçlayırlar. Və onların fikrincə, kollektiv Qərbin çiyinlərində artıq daşınması mümkün olmayan ağır yükə çüvrilmiş Ukrayna savaşı indi əsl problemə də çevrilməyə başlayıb.

Maraqlıdır ki, rəsmi Berlin Ukraynanın ittihamlarına reaksiya göstərsə də, demək olar, ciddi əhəmiyyət verməyə ehtiyac duymur. Əksinə indi Almaniya üçün Ukraynanın Rusiya ilə savaşda qələbəsi geopolitik prioritet təşkil etmir. Rəsmi Berlin hazırda Ukraynanın gələcək taleyini düşünməkdən daha çox Kremllə təmaslara can atır. Və Almaniya Rusiya ilə münasibətləri bərpa etmək məsələsində geç qalmaq istəmir.

1384812330-zelenskyy-binned-christmas-ceasefire-putin-039-s-friend-orban-blasts-ukraine-for-blood-filled-christmas.jpg (33 KB)

Məsələ ondadır ki, indiki sosial-siyasi böhran şəraitində Almaniyanın Rusiya ilə iqtisadi-ticari əməkdaşlığa böyük ehtiyacı var. Xüsusilə də, Almaniya Rusiyanın enerji resurslarına indi birmənalı şəkildə möhtacdır. Ona görə də, rəsmi Berlin situasiyaya uyğun davranmaqla, Almaniyanın maraqları çərçivəsində strateji addımlar atmaq niyyətində olduğunu qətiyyən gizlətmir. Və bu baxımdan, Almaniya tələsir, Ukrayna savaşının dayandırılmasına yönəlik prosesin rəsmən başladılmasına qədər Rusiya ilə təmasların qurulmasına cəhd göstərir.

Onu da qeyd etmək lazmıdır ki, Ukrayna savaşının dayandırılması prosesini öz xarici siyasətinin əsas predmetinə çevurmiş ölkələrin sırasında Macarıstan da yer alır. Belə ki, Macarıstan Ukraynaya hərbi dəstək verməkdən birmənalı şəkildə imtina edib. Üstəlik, Orban hökuməti Rusiya ilə həm siyasi, həm də iqtisadi-ticari əlaqələri qorumağı bacarıb. Hətta Macarıstan Avropa Birliyinin Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini daha bir il uzadılmasına veto qoyub.

Macarıstanın Orban hökuməti hesab edir ki, bu qərar yalnız Rusiyaya qarşı yönəlməyib. Hər halda, Rusiyaya qarşı sanksiyalar həm də Avropa Birliyi ölkələrinin maliyyə-iqtisadi maraqlarını da təhdid edir. Ona görə də, sanksiyalarla bağlı qərarın təsdiqlənməsi üçün əvvəlcə Ukrayna savaşının dayandırılmasına yönəlik mövqe tutan Tramp adminitrasiyasının ABŞ-da öz səlahiyyətlərinin icrasına başlamasını gözləmək lazımdır. Və əgər, Tramp administrasiyası Rusiyaya qarşı sanksiyaların ləğvinə yönəlik mövqeyə yaxınlaşarsa, bu, Avropa Birliyi məkanında olduqca ciddi siyasi-iqtisadi problemlər də yarada bilər.

_methode_times_prod_web_bin_642e7560-fead-40a3-9549-ad87b7244291.jpg (65 KB)

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampdan gələn mesajlar isə Ukrayna üçün neqativ məzmun daşıyır. Belə ki, Ağ Evin yeni sahibi prezident Volodimir Zelenskiyə Rusiya-Ukrayna sülh danışıqlarında sazişi imzalamağa elə indidən hazırlaşmağı məsləhət görüb. Prezident Donald Tramp onu da vurğulayıb ki, rəsmi Kiyev Ukraynanın Rusiya tərəfindən ələ keçirilmiş ərazilərindən imtina etmək barədə də düşünməlidir: “Rusiyanın nəzrətində olan Ukrayna şəhərləri tamamilə dağıdılıb. Onduz da həmin şəhərlər indiki vəziyyəti ilə Ukrayna üçün faydasızdır. Çünki həmin şəhərlərin bərpasına onilliklərlə zamana və onmilyardlarla dollar maliyyə vəsaitinə ehtiyac var. Ukraynanın isə belə imkanları hazırda yoxdur, gələcəkdə də olub-olmayacağı qeyri-müəyyəndir”.

Göründüyü kimi, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp rəsmi Kiyevə “Ukrayna ərazilərini Rusiyaya təhvil ver” demək istəyir. İndi Ağ Evin yeni sahibini Ukraynanın gələcək taleyi qətiyyən düşündürmür. Prezident Donald Tramp üçün Rusiya ilə müharibənin dayandırılması Ukraynanın mövcud olub-olmayacağından daha böyük əhəmiyyət daşıyır. Bu baxımdan, rəsmi Kiyevin son dövrlərə qədərki hərbi müttəfiqlərinin tədricən Ukraynanın düşməninə çevrildiyi müşahidə edilir. Və belə anlaşılır ki, Ukrayna “qaranlıq tunelə” artıq daxil olub.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu






Fikirlər