Sol əllə hərbi salam verən prokuroru hansı cəza gözləyir? - Ekspertlər danışır

Sol əllə hərbi salam verməsi ilə gündəmə gələn prokuror Tariyel Qurbanovun "hərbi nizamnamədə sol əllə hərbi salam verməklə bağlı heç bir qadağa yoxdur” fikirləri hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərovun etirazına səbəb olub.

Hərbi ekspert məsələ ilə bağlı BakiPost.az-a prokurorun dediklərinin absurd olduğunu bildirb. Ü. Cəfərov hesab edir ki, T. Qurbanov bununla buraxdığı kobud səhvi ört-basdır etməyə çalışır: "Harada yazılıb ki, sol əllə hərbi salam vermək olar? O necə hərbçi olub bilmirəm, amma nizamnamədə yazılıb ki, əsgəri salam sağ əl verilir. Necə verilməsi qaydaları da birə bir qeyd olunub. Deyir ki, nizamnamədə elə bir şey yazılmayıb. Bu absurddur axı. Nizamnamədə hansı əllə verilməli olduğu yazılıb, əlavə olaraq hansı əllə verilməsininin qadağan olduğunu yazmaq məntiqsizlikdir. Mən çox təəssüflənirəm ki, o, buraxdığı kobud səhvi belə malalamağa çalışır”.

Ehtiyatda olan zabit Tariyel Qurbanovun sağ əlində problem olmasıyla bağlı dediklərinə də münasibət bildirib. Onun sözlərinə görə, səhhətində problem olan şəxs hərbi salam verməyib, sayğı duruşunda dayansaydı, daha yaxşı olardı: "Sağ əli ağrıyırdısa xüsusi hərbi geyimi niyə geyinirdi? Niyə papaq qoyurdu başına? Hərbinin adından istifadə etməsin, deməsin ki, sol əllə salam vermək qadağan deyil.

 O özünü itiribmi, yaxud başqa hansı vəziyyətdə olub, bilmirəm, hər halda əlində problem var idisə, onu kim məcbur edirdi ki, gedib orada keçmiş Ali Baş Komandana o cür əsgəri salam versin? Ən azından salam verməyib əsgəri sayğı duruşunda dursaydı, hamı onu normal qəbul edərdi və indiki verdiyi açıqlama yerində olardı. Düşünürəm ki, iki prokurorluq generalının durduğu yerdə yalnış əsgəri salam verdiyinə görə üzr istəməsi ona daha çox şərəf gətirərdi, nəinki bu şəkildə fikirlər ifadə etməsi”.

 Ü. Cəfərov onun üzr istəməli olduğunu düşünür:"Yoldaşın özünü təmizə çıxarmasının yeri yoxdur. Buraxdığı səhvə görə üzr istəsin, heç bir bəhanə gətirmədən məsələni yekunlaşdırsın. Vəzifəsinə görə qorxursa, onun şəxsi işidir, amma hərbinin adından istifadə etməsin”.

Hərbi ekspert bu xətaya görə məsuliyyətin nəzərdə tutulduğunu vurğulayıb: "Hərbi salamı yanlış verən şəxsə qanunla məsuliyyət var. Ona töhmət verilə bilər, rəhbərlik məzəmmət edə bilər”.

Hüquqşünas Əlimməd Nuriyev isə qeyd edib ki, hərbi salamı səhv verən Tariyel Qurbanovu cəzalandırmaq üçün hər hansı əsas yoxdur: "İnsan həyəcanlı ola bilər. Bunun nəticəsində də yanlışlıq edə bilər. Çünki Heydər Əliyev böyük şəxsiyyətdir. Ulu öndəri anım günündə yüzlərlə, on minlərlə adamlar gəlib ziyarət edir. Bu müddət ərzində şəxslərdən kimsə həyəcan keçirə bilər. Bu zaman da hansısa proseduranın yerinə yetirilməsi zamanı səhvlərə yol verilməsi mümkündür. Ona görə də bu cür halın baş verməsi ehtimalı yüksəkdir. Bu səbəbdən insanı cəzalandırmaq yanlışlıqdır. Hesab etmirəm ki, cəza tətbiq olunmalıdır. Bu bilərəkdən baş verən hadisə deyil. Ona görə həmin prokurora sərt cəza verilə bilməz. Burada böyük problem axtarmaq lazım deyil”.






Fikirlər