Yeni Cəbrayılı “Xutor”a oxşatdılar ...

Yeni Cəbrayılı “Xutor”a oxşatdılar 

Xəbər verdiyimiz kimi, bu il Cəbrayıl şəhərinə köç olacaq. Hazırda şəhər mərkəzində 33 yaşayış binası tikilib. 

 Məlumat verilir ki, yeni inşa olunan binalar 4-5 mərtəbədən ibarətdir.  Bu binalarda 712 mənzil olacaq. 

Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən icra olunan tikinti işləri başa çatdıqdan sonra Cəbrayıl şəhərində 2158 keçmiş məcburi köçkün məskunlaşacaq. 

Qeyd edək ki, Cəbrayıl şəhərinin yeni görüntüsü müzakirəsiz ötüşməyib. Təkcə cəbrayıllılar deyil, ölkənin digər bölgələrində yaşayan insanlar da layihəni sərt tənqid ediblər. Sosial şəbəkələrdə aparılan müzakirələrdə ən çox iki məqam qabardılır: İnsanlar hesab edirlər ki, kiçik bir ərazidə 33 binanın inşası məqbul deyil. Bu, şəhərin gələcək sakinləri üçün çoxsaylı problemlər yaradacaq. Məlum görüntülərə görə, yeni Cəbrayılı “Xutor”a bənzədənlər də tapılıb.

Kiçik ərazidə 33 binadan ibarət olan yaşayış massivinin salınması çoxsaylı suallar doğurub. Sosial şəbəkə istifadəçiləri haqlı olaraq soruşurlar: Cəbrayıl Bakının Səbail, Nərimanov, Nəsimi rayonudur ki, 1 sot torpağın qiyməti 300-500 min manat olsun? Niyə Cəbrayılda yaşayış massivi daha geniş ərazidə salınmayıb? 

Bəzi cəbrayıllılar isə məsələyə özlərinə məxsus tərzdə reaksiya veriblər:  “Cəbrayılda hərənin bir hektar həyətyanı sahəsi vardı. İndi 2158 adam bir hektar ərazidə yaşamalı olacaq”. 

Mütəxəssislər əhalinin gələcək rahatlığı üçün ərazinin genişləndirilməsini təklif ediblər. Yenisabah.az






Fikirlər