DYP-nin baş müstəntiqi vəzifədən alındı -MÜHACİRLİYİ araşdırılır
Dövlət Yol Polisi İdarəsində İstintaq və Təhqiqat Şöbəsinin baş müstəntiqi Hikmət Kərimovun siyasi mühacir həyatı yaşaması haqda AFN.az bir neçə gün öncə məlumat vermişdi.
Saytımıza verilən məlumatda deyilirdi ki, H.Kərimov 1990-cı illərin ortalarında Bakı Dövlət Universitetini bitirib və bir müddət işsiz qalıb: "Kərimov sonra Avropa ölkələrinin birinə mühacirət etmək qərarına gəlib. Onun Edik adı ilə tanınan dayısının köməkliyi sayəsində əlaqələr tapdığı və Almaniyada siyasi sığınacaq aldığı deyilir. Bir müddət Almaniyada siyasi qaçqın adı altında yaşayan H.Kərimov çox keçmir ki, hansısa qüvvənin köməkliyi ilə Azərbaycana qayıdır və polis orqanlarına işə düzəlir.
Bir müddət Abşeron rayonunda sahə müvəkkili, sonra cinayət axtarış şöbəsində işləyir və naməlum güclü qüvvələrin köməkliyi sayəsində pillə-pillə indi işlədiyi vəzifəyə yüksəlir. Ancaq H.Kərimov özü belə tez parlamasını qarabağlı və məhşur Kolanı tayfasına mənsub olması ilə əlaqələndirib. Qaynağımız isə baş müstəntiqin irəli sürdüyü bu nüansın yanlış olduğunu söyləyir".
H.Kərimovla bağlı redaksiyamıza daxil olan yeni məlumatda bildirilir ki, o, tutduğu vəzifədən azad edilib: "Hazırda saytda yer alan xəbərlə bağlı araşdırmalar getdiyindən H.Kərimov sərəncama göndərilib. Lakin onun siyasi mühacir həyatı yaşaması danılmaz faktdır və bu səbəbdən də vəzifəsinə dönməsi ciddi sual altındadır".