Bakıda PARKOMAT rüsvayçılığı

Nəzarətçilər vətəndaşları fərqinə varmadan fırıldaqçılıqda ittiham edir

 Bakıda yol kənarlarında qoyulan və parkomat kimi tanınan park-terminallarla bağlı daha bir yenilik tətbiq edilib. Bu yenilik dayanacağa daxil olan avtomobillərin sürücüsündən ilkin ödəniş vəsaitinin tələb olunmasıdır.

Etibarlı mənbədən Dosye.org-a daxil olan məlumata görə, parkomatların qoyulduğu dayanacaqlardan yığılan ödənişin səviyyəsi arzuedilən səviyyədə olmadığı, bəzi sürücülərin pul ödəmədən dayanacağı tərk etməsi daha bir yeniliyin tətbiqinə səbəb olub ki, bu da dayanacaq ərazisinə daxil olan hər bir sürücüdən “ilkin ödəniş” vəsaitinin tələb olunmasıdır. Belə ki, parkomatın qoyulduğu dayanacağa daxil olan hər bir sürücüdən ilkin ödəniş kimi minimum 50 qəpik-1manat vəsait ödəmək tələb olunur. Bildirilir ki, ilkin ödəniş sığorta məqsədlidir. Yəni sürücü avtomobili üçün ödəməsi gərəkdiyi dayanacaq pulunun tamamını ödəmədən ərazini xəlvətcə tərk edərsə, o zaman ilkin ödəniş bu zərəri qismən də olsa kompensasiya edir.

Bir sözlə, kimliyindən asılı olmayaraq parkomat ərazisinə daxil olan bütün vətəndaşlara ilkin ödəniş adı altında fırıldaqçı münasibəti sərgilənir ki, bu da insanların narazılığına səbəb olur, onlarda əsəb gərginliyi yaradır.

Narazılıq doğuran daha bir məqam isə ilkin ödəniş sisteminin insanları sözün həqiqi mənasında tapmaca qarşısında qoymasıdır. Məsələn, pullu dayanacaqlara daxil olan bəzi vətəndaşlar işlərini nə vaxt qurtaracaqlarını, avtomobillərinin burada 5 dəqiqəmi, 5 saatmı dayanacaqlarını bəri başdan bilmirlər. Bu səbəbdən də bəzən 1 manat məbləğində ilkin ödənilş edən şəxs cəmi 10 dəqiqədən sonra ərazini tərk etməli olur ki, həmin vaxt ona ödədiyi pulun qalığı qaytarılmır. Başqa sözlə desək, vətəndaş dayanacaq üçün əslində ödəməli olduğundan 5-10 dəfə çox pul ödəməli olur.

Odur ki, əksər vətəndaşlar hesab edir ki, parkomatlarda ilkin ödəniş sisteminin tətbiqinə xitam verilməli, insanlara oğru, dələduz, fırıldaqçı kimi yanaşılmasına son qoyulmalıdır. Bu, parkomat nəzarətçiləri ilə vətəndaşlar arasında yaşanan lüzumsuz gərginliyin aradan qaldırılması baxımından da zəruridir. 






Fikirlər