Hacıbala Abutalıbovun parkomat layihəsi iflasa uğradı - ...milyonlar ayrılsa da, nəticəsi olmadı
Tıxacların ən əsas səbəblərindən biri də yol kənarında avtomobillərin qanunsuz park edilməsi idi. Məsələnin ciddiliyini nəzərə alan prezident İlham Əliyev Nazirlər Kabinetinin ötən il aprelin 13-də keçirilən iclasındakı çıxışında Bakının küçə və prospektlərindəki qanunsuz parkinqlə bağlı iradlarını bildirdi.
Dövlət başçısının iradından sonra sözügedən sahədəki problemlərin aradan qaldırılması üçün müvafiq addımlar atıldı. Buna uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən "Bakı şəhərində avtodayanacaqların təşkili haqqında" sərəncam verildi. Ardınca şəhərin küçə və prospektlərində, parkların və metro çıxışlarının ətrafında və digər ərazilərdə fiziki şəxslər, həmçinin heç bir hüquqi əsası olmadan dövlət strukturları, idarə, təşkilat, müəssisə və ticarət obyektlərinin sahibləri tərəfindən qanunsuz yaradılmış duracaqlar ləğv edildi. Əvəzində nəqliyyatın hərəkətinə maneçilik törətməyən ərazilər hesab edilən yerlərdə yeni duracaqların yaradılması işinə başlanıldı. Belə duracaqlarda ödənişlərin elektron formada həyata keçirilməsi üçün ilkin olaraq Fransadan müasir tipli 1000 aparat-parkomat gətirildi və 5 ay ərzində onların 500-ü müəyyən edilmiş müvəqqəti duracaqlarda quraşdırılıb sürücülərin ixtiyarına verildi. Amma tətbiq edilən yeni qayda da tıxac problemini aradan qaldırmağa yetmədi. Başqa sözlə desək, Hacıbala Abutalıbovun Fransadan milyonlarla vəsait hesabına Bakıya gətirtdiyi parkomatlar gözlənilən ümidləri doğrulda bilmədi.
Qeyd edək ki, parkomatlara BŞİH-in müvafiq strukturu olan Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin (XTAİ) əməkdaşları nəzarət edir. Mövcud durum isə belə deməyə əsas verir ki, idarənin əksər əməkdaşları parkomatlara istənilən səviyyədə nəzarət edə bilmir və şəhərin müxtəlif ərazilərində tıxacın yaranmasına rəvac verirlər. XTAİ əməkdaşları avtomobil sürücülərinə özlərinə məxsus şəkildə xəbərdarlıq edirlər ki, pulu ödəyib qəbzi avtomobilin ön şüşəsinə qoymasanız, maşınınızı evakuator aparacaq. Bu barədə KİV-də də məlumatlar yayılıb və DYP rəsmiləri də "duracaq qaydalarının pozulmasına görə" avtomobil sürücülərinin inzibati qaydada cəzalandırılmasını təsdiq ediblər. Qəribədir ki, bir sıra hallarda təyin edilmiş yerlərdə maşın saxlayan sürücülərin avtomobilləri cərimə meydançasına aparılır, onlara protokol yazılır. Halbuki, sürücülər maşınlarını saxladıqları ərazidəki parkomata pul ödəyib ordan çıxan qəbzi ön şüşəyə qoyurlar. Buna baxmayaraq, yol polisi əməkdaşları həmin avtomobillərin sürücülərini cərimələyir. Həm Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri, həm də yol polisi əməkdaşları bu məsələdə özlərini sudanquru çıxarmağa çalışırlar. Heç şübhəsiz ki, belə olan halda vətəndaşlar çıxılmaz vəziyyətdə qalırlar.
Məlumatı olmayanlar üçün bildirək ki, parkomatlardan çıxan qəbzin arxa üzündə belə bir qeyd yer alır: "Bu qəbz sizə, nəqliyyat vasitənizi qəbzin üzərində göstərilən müddətədək ödənişli dayanacaqda saxlamağa icazə verən sənəddir. Qəbz saat, tarix və dövlət nömrə nişanı göstərilən sahəsi yuxarı olmaq şərti ilə nəqliyyat vasitəsinin içəridən ön şüşəsinə yapışdırılmalıdır. Əgər nəqliyyat vasitəsinin dayanacaqda durma müddəti keçərsə, yaxud qəbz avtomobilin ön şüşəsinə qaydalara uyğun yapışdırılmazsa nəqliyat vasitəsi cərimə meydançasına aparılacaq, yaxud cərimə protokolu tərtib ediləcəkdir". Araşdırmalara görə, bəzi hallarda bu qeyddə göstərilən tələblər pozulmasa da, avtomobillər cərimə meydançasına aparılır. Sürücü bu halda "saxlanılması, yaxud paklanma" qaydalarını tənzimləyən İnzibati Xətalar Məcəlləsinin 158.1-ci maddəsinin pozulmasına görə inzibati məsuliyyətə cəlb edilə bilməz. Ona görə ki, Bakı Şəhər İcra Hakimiyyəti özü bu yerdə avtomobillərin saxlanmasına, parklanmasına icazə verir.
Beləliklə, BŞİH rəhbəri hörmətli Hacıbala müəllim avtomobil sahiblərinə ikiqat ziyan vurur. Yəni onlar həm parkomata pul ödəyirlər, həm də protokola görə cərimə vermək məcburiyyətində qalırlar. Sadə hesablama aparsaq görərik ki, parkomat biznesindən ay ərzində külli miqdarda gəlir əldə olunur. Di gəl ki, həmin vəsaitlərin dövlətin büdcəsinə keçirilməsi bir qədər qaranlıq məsələdir. Ekspertlər isə hesab edir ki, bu istiqamətdə prosesin icrası özəl şirkətlərə həvalə edilməlidir: "Bu parkomatların quraşdırılması əslində yaranmış boşluqdan Bakı Şəhər İcra Hakimiyyətinin istifadə etməsi kimi dəyərləndirilməlidir. İndiki şəraitdə parkomatların quraşdırıldığı ərazilər onsuz da əvvəlcədən də avtomobillərin normal hərəkətinə ciddi maneə yaradırdı. BŞİH vəziyyətdən çıxış üçün həmin ərazilərdə maşın saxlanılmasını qadağan etmək əvəzinə, parkomatlar quraşdırmaqla yol kənarında avtomobil saxlanılmasını qanuniləşdirib. Belə halda, görürük ki, yolda maneələr əvvəlki dövrdə olduğundan daha çox olur. Ona görə də Hacıbala Abutalıbovun atdığı bu addım düzgün deyil. Şəhərdə yeni park yerləri tikilsə də, problem həll olunmayıb".
Paytaxtda nəqliyyatın ümumi vəziyyəti parkomatların effektli nəticə vermədiyini göstərir. Olan yenə də dövlətin büdcəsinə olur. Parkomatların xaricdən alınmasına, quraşdırılmasına milyonlar xərcləndi, amma ortada bir nəticə yoxdur. Hacıbala müəllimin parkomat layihəsi də beləcə iflasa uğradı. ( gundelik-baku.com )