Rəsmi qəzetdən növbəti TƏNQİDİ YAZI
Lent.az “Azərbaycan” qəzetinə istinadən həmin yazını təqdim edir:
Böyük şəhərlərdən, meqapolislərdən əskik olmayan problemlər Bakıdan da yan keçmir. Hamını rahatsız edən belə problemlərin sırasında isə paytaxtda avtomobillərin sayının sürətlə artması fonunda nəqliyyatın normal hərəkətinin və avtomobillərin şəhərin küçə və prospektlərində park olunmasının təşkilinin xüsusi çəkisi var.
Yaxın günlərəcən çoxumuzun qarşılaşdığı mənzərə idi - avtomobillərin park edilməsinə əlinə çubuq alıb, qoluna qırmızı lent bağlayan, harada işləmələri məlum olmayan şəxslər nəzarət edirdi. Belə vəziyyət paytaxtın müasir mənzərəsinə xələl gətirməklə yanaşı, nəqliyyatın və piyadaların normal hərəkəti üçün də ciddi əngəllər yaratmışdı.
Məsələnin ciddiliyini nəzərə alan prezident İlham Əliyev Nazirlər Kabinetinin cari il aprelin 13-də keçirilən iclasındakı çıxışında Bakının küçə və prospektlərindəki qanunsuz parkinqlə bağlı iradlarını bildirdi. Dövlət başçısının iradından sonra sözügedən sahədəki problemlərin aradan qaldırılması üçün müvafiq addımlar atıldı. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən “Bakı şəhərində avtodayanacaqların təşkili haqqında” sərəncam verildi. Ardınca şəhərin küçə və prospektlərində, parkların və metro çıxışlarının ətrafında və digər ərazilərdə fiziki şəxslər, həmçinin heç bir hüquqi əsası olmadan dövlət strukturları, idarə, təşkilat, müəssisə və ticarət obyektlərinin sahibləri tərəfindən qanunsuz yaradılmış duracaqlar ləğv edildi. Əvəzində nəqliyyatın hərəkətinə maneçilik törətməyən ərazilər hesab edilən yerlərdə yeni duracaqların yaradılması işinə başlanıldı. Belə duracaqlarda ödənişlərin elektron formada həyata keçirilməsi üçün ilkin olaraq Fransadan müasir tipli 1000 aparat-parkomat gətirildi və 5 ay ərzində onların 500-ü müəyyən edilmiş müvəqqəti duracaqlarda quraşdırılıb sürücülərin ixtiyarına verildi.
Bu sistemin tətbiq edilməsinin şəhər nəqliyyatının hərəkətinə və özbaşına parklamanın qarşısının alınmasına necə təsir etməsinə keçməzdən öncə parkomatın texniki imkanları və ondan istifadə haqqında məlumat almaq istədik. Bakı Şəhər İcra Hakimiyyəti Xüsusi təyinatlı avtonəqliyyat idarəsindən öyrəndik ki, paytaxta gətirilən parkomatlar müasir tələblərə uyğundur və bu sahədə istifadəyə verilən son model aparatlardır. Bunlar nağd ödənişlə bərabər, SMS bildiriş sistemi və “şəhər kartları” ilə işləyir, qəpikləri rahatlıqla götürür. Onlar günəş panelləri hesabına təmin olunur. Aparatdan istifadə isə çox sadədir. Sürücülər müəyyən olunmuş ərazidə avtomobili saxladıqdan sonra parkomata yaxınlaşıb öncə müvəqqəti durma vaxtını seçməli, pulunu ödəməli və aparatdan ödənişə görə götürdüyü qəbzi avtomobilinin şüşəsinin görünən hissəsində yerləşdirməlidir. İdarədən onu da bildirdilər ki, parkomatların quraşdırıldığı müvəqqəti duracaqlarda aparılan ödənişlər şəhərdə I, II və III zonalara bölünür. Xidmətin haqqı müvafiq olaraq I zonada (mərkəzi küçə və prospektlərdə) saatı 1 manat, II zonada (“Elmlər Akademiyası”, “Gənclik”, “Nəriman Nərimanov” metro stansiyalarının ətrafı və digər ərazilər) 50, III zonada (“20 Yanvar”, “Qara Qarayev”, “Xalqlar Dostluğu” metro stansiyalarının yaxınlığı, Bakıxanov və Bayıl qəsəbələrinin əraziləri) 30 qəpikdir. Bütün zonalar üzrə 4 saatdan artıq dayanmaq qadağandır. Avtonəqliyyat vasitələrinin duracaq yerlərinə yaxın yerlərdə yaşayan, parkomatın ərazisində pasport-masa qeydiyyatında olan şəxslərə isə avtomobillərini duracaqda saxlamaq üçün ayda 15 manat ödəməklə aylıq abunə kartı verilir. Xüsusi təyinatlı nəqliyyat vasitələrinin (təcili yardım, yanğınsöndürmə xidməti, inkassasiya, qaz, işıq və s.) dayanacaqda parklanmasına görə hər hansı ödəniş tələb olunmur. Eyni zamanda, əlil vətəndaşların idarə etdiyi avtomobillər (7-17 əlillik nişanı ilə işarələnmiş) üçün də duracaq istifadəsi ödənişsizdir. Yeri gəlmişkən qeyd edək ki, dünyanın əksər ölkələrində ödənişli duracaqlardan geniş istifadə olunur və bu xidmətə görə ödənişlər də tam fərqlidir. Məsələn, keçmiş postsovet ölkələrindən olan Qazaxıstanda parkinqin 1 saatı, təxminən 5 dollar təşkil edir. Qonşu Türkiyədə bayram və özəl günlərdə duracaqlardan istifadə pulsuz olmaqla, digər günlərdə hər saatına 80 qəpiyə yaxın ödəniş aparılır. Avropanın inkişaf etmiş ölkələrində isə bu xidmətə görə ödəniş daha yüksəkdir.
Göründüyü kimi, Bakıda da ödənişli duracaqlardan istifadə haqqında qaydalar tərtib olunub və hətta xüsusi təyinatlı nəqliyyat vasitələri üçün güzəştlər də mövcuddur. Hər bir halda əksər sahələrdə sürətli inkişafı ilə fərqlənən Azərbaycanda pullu dayanacaqların olması və elektron ödəniş sisteminin bu sahəyə tətbiq edilməsi təqdirəlayiqdir. Necə deyərlər, bu, mədəni xidmətdir və heç kəs maşınının etibarlı və rahat yerdə saxlanmasına etiraz etmir.
Bu sadalananlardan sonra qalır digər vacib məsələ, yəni parkomatların quraşdırıldığı ərazilərdə nəqliyyatın hərəkətinin normal tənzimlənməsi və avtomobillərin səliqə ilə parklanmasının təşkili. Təəssüflər olsun ki, bu cəhətdən müşahidə olunan mənzərələr parkomatların quraşdırıldığı bütün ərazilərdə ürəkaçan deyil. Bu cür aparatların olduğu bəzi ərazilərdə avtomobillərin hərəkəti nəinki yaxşılaşıb, əksinə, çətinləşib. Onsuz da mərkəzləşmiş idarəetmə sistemini tam mənimsəyə bilməyən paytaxtın nəqliyyat sektorunun işi bir az da müşkülə düşüb. Xüsusilə maşınların sıx hərəkət etdiyi küçələrdə, hərəkət zolağının kənarlarında, yol ayrıclarına, metro çıxışlarına və avtobus dayanacaqlarına yaxın ərazilərdə quraşdırılan parkomatlar sürücülərlə bərabər, piyadalar üçün də müəyyən çətinlik yaradıb. Dayanma və durmanı qadağan edən nişanların olduğu ərazilərdə yeni duracaqların yaradıldığını isə ümumiyyətlə başa düşmək çətindir. Götürək metronun “Elmlər Akademiyası” və “Xalqlar Dostluğu” stansiyalarının çıxışını. Çox da geniş olmayan bu ərazilərdə təxminən hər 25-30 metrdən yaradılan duracaqlarda parklanan saysız-hesabsız avtomobillər, sözün həqiqi mənasında, hərəkəti iflic edir. Üstəlik belə vəziyyət ictimai nəqliyyatın da dayanacaqlara yan almasına mane olur. Oxşar vəziyyəti Hüseyn Cavid prospekti ilə Mətbuat prospektini birləşdirən birzolaqlı yolda da müşahidə etmək mümkündür. Üç universiteti (Bakı Dövlət Universiteti, Memarlıq və İnşaat Universiteti, Texniki Universitet) və Milli Elmlər Akademiyasının bir hissəsini əhatə edən, tələbələrin daha çox olduğu bu yolda yol boyu düzülən parkomatları, hər iki tərəfdə park olunan avtomobilləri görmək mümkündür. Sürücülərin dediyinə görə, əvvəllər, ümumiyyətlə, bu yolda maşınların saxlanması qadağan idi. İndi isə tam fərqlidir. Yeni duracaqlarda bəzən parklanan maşınların bir qismi yola üfüqi, bəziləri isə şaquli dayanır, hətta duracaqlarda iki cərgə ilə düzülən avtomobilləri də görmək mümkündür. Nəticədə yolda tıxaclar yaranır, gərginlik artır.
Sözsüz ki, mənzərənin belə olmasında bəzi sürücülərin (həm ictimai nəqliyyat, həm də şəxsi minik avtomobillərinin sürücülərinin) məsuliyyətsizliyi, parklanma, dayanma və durma qaydalarına əməl etməmələri, ən əsası, yol mədəniyyəti haqqında hətta ibtidai biliyə sahib olmamalarının da mühüm rolu var. Ona görə də bu sahədə maarifləndirmə işini genişləndirmək lazımdır. Əgər məqsəd xaotik parklanmanın qarşısını almaq, tıxacları azaltmaq, avtomobillərin normal hərəkətini və durmasını təmin etməkdirsə, yaxşı olardı ki, aidiyyəti qurumlar parklanma qaydasını pozan, həmin ərazilərdə yolu kəsən avtomobillərin sürücülərinə nəzarəti gücləndirsin. Başqa sözlə desək, məqsəd təkcə avtomobillərin parklanmasını təmin etmək yox, həm də ictimai nəqliyyatın və digər avtomobillərin normal hərəkətinə də şərait yaratmaqdır.