Dövlət qəzetindən merə zərbə

Milli Məclisin rəsmi orqanı olan “Azərbaycan” qəzetini 22 dekabr sayında şəhər təsərrüfatına dair tənqidi məqalə dərc edilib. Baş redaktoru deputat Bəxtiyar Sadıqov olan qəzetdə dərc olunan “Tıxac probleminin həlli niyə ”tıxac"a düşüb" başlıqlı məqalədə paytaxtın kommunal təsərrüfatına görə birbaşa məsuliyyət daşıyan Bakı Şəhər İcra Hakimiyyətini (BŞİH) nişan verib:
Dövlət qəzetindən merə zərbə

“Bakıda nəqliyyatın hərəkətini iflic edən səbəblərdən biri küçələrin tez-tez təmirə bağlanmasıdır. Biz hələ bəzən təmir işlərinin lüzumsuz aparılmasını və onun da günlərlə yox, aylarla uzanmasını demirik... İnanmırıq ki, Bakının yol təsərrüfatı qurumları təmir üçün hər hansı küçəni bağlayanda yol polisi ilə məsləhətləşsin. Deyə bilmərik, bu, hansının zəifliyi, yaxud məsuliyyətsizliyidir. Bütün hallarda həmin qurumlar əlbir işləməlidir... Yollar təkcə təmir üçün bağlanmır. Su, kanalizasiya, qaz xətlərinin çəkilişi ilə bağlı hətta təmirdən təzə çıxmış yolların qazılıb dağıdılmasının azmı şahidiyik? Görəsən, şəhərin kommunal təsərrüfatlarının yol istismar təşkilatları ilə əlbir işləməyinə nə və ya kim mane olur?! Axı ”əvvəl təmir, sonra qazıntı üsulu"nun həm şəhərin yol infrastrukturuna, həm də dövlət büdcəsinə xeyli ziyan vurduğunu başa düşmək xüsusi istedad tələb etmir".

Qəzet daha sonra Dövlət Yol Polisinin (DYP) fəaliyyətini tənqid edərək tıxaclara səbəb olan başqa bir detala - avtobus dayanacaqlarının “işğalına” toxunur: “Ancaq belə əcaib vəziyyətin yaranmasında adamı təəccübləndirən başqa amildir. Bu da problemin həllində yol polisinin acizliyidir. DYP əməkdaşlarının tıxacların yaranmasında kifayət qədər yüksək ”xüsusi çəki"yə malik belə hallara qarşı biganəliyinin heç bir bəraətə sığmaması qənaətinə gəlməkdən savayı əlac qalmır. Axı avtobus dayanacaqlarında minik avtomobillərinin saxlanması təkcə sürücü mədəniyyətsizliyi deyil, həm də yol hərəkəti qaydalarının kobud surətdə pozulmasıdır. Necə olur ki, DYP-nin evaukatorla silahlanmış əməkdaşları bir-iki dəqiqəlik mağazaya və ya aptekə girənin, yaxud xəstəxanaya xəstə gətirənin avtomobillərini yolda hərəkətin intensivliyinə mane olmadığı halda belə bir göz qırpımında xəbərdarlıqsız-filansız götürüb naməlum istiqamətə apara bilirlər, amma taksilərin gecə-gündüz avtobus dayanacaqlarını işğal etmələrinə göz yumurlar?!"

Məqalədə daha sonra ictimai nəqliyyat sahəsindəki problemə toxunulur.

“Bizdə bu sahə üzrə həyata keçirilən tədbirlər hələlik istənilən nəticəni vermir. Kiçik avtobusların iriləri ilə əvəzlənməsi, yeni yolların salınması, çoxsaylı yol ötürücülərinin inşası, hətta nəqliyyatın intellektual idarəedilməsinin tətbiqi (belə demək mümkünsə) şəxsi avtomobil sahiblərini ictimai nəqliyyat sərnişinlərinə çevirə bilmir.

Sürücülərin davranışı isə ayrıca mövzudur. Təkcə şəhərdə ictimai nəqliyyatın iştirakı ilə baş verən qəzalara nəzər salmaq yetər ki, onların sərnişinlərin həyatları ilə risk etdikləri sübut olunsun. Hərəkət cədvəli, marşrut, dayanacaq, vaxt belə sürücülər üçün yalnız kağız üzərində formallıqdır".

Yazıda ictimai nəqliyyatın fəaliyyətinin təşkili forması da kəskin tənqid olunur: “Bu gün Bakı bəlkə də çox az şəhərlərdəndir ki, burada marşrutlar ”sahibkar" adlandırılan ayrı-ayrı adamlara verilib. Halbuki əksər iri şəhərlərdə ictimai nəqliyyatın təşkili və fəaliyyəti yerli özünüidarə orqanlarına həvalə olunur. Bakının rayonlarının, kənd və qəsəbələrinin belə bir idarəetmə orqanı (bələdiyyəsi) olsa da paytaxtınkı yoxdur. Lakin əvəzində ölkənin böyük imkanlara malik Nəqliyyat Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti var və yəqin ki, bələdiyyələrin öhdəsindən gələ bilmədiyi işi nümunəvi təşkil etmək onlar üçün elə də çətin olmazdı. Vəziyyət də göstərir ki, ictimai nəqliyyatı özəlləşdirmək adı ilə ayrı-ayrı sahibkarların ixtiyarına buraxmaq özünü doğrultmur" - deyə, “Azərbaycan” qəzetinin tənqidində vurğulanır.






Fikirlər