Sürüşmə zonasında vəziyyət necədir?
Bakının Səbail rayonunun Badamdar qəsəbəsindən “20-ci sahə”yə gedən avtomobil yolunun sağ tərəfində - “Bəyoğlu” restoranın qarşısındakı ərazidə dekabrın birində baş vermiş sürüşmə sahəsində təhlükə hələ də qalmaqdadır. Hazırda gərginlik qaldığına görə, yol nəqliyyatın istifadəsi üçün dayandırılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralovun verdiyi məlumata görə, hələlik ərazidə tamir-bərpa işlərinin aparılması mümkün deyil. “Sürüşmə tam dayanandan sonra, ərazidə təmir-bərpa işləri aparılacaq. Lakin hazırda ərazidə texnikanın istifadəsi yolverilməzdir. Təkrar sürüşmə baş verərsə, yamacın ətəyindəki yol bağlana bilər. Bu səbəbdən də yolun istifadəsinə qadağa qoyulub”.
Onun sözlərinə görə, yamacın üst hissəsində tikilən şəxsi evlərin kanalizasiya sistemləri yoxdur. Bu səbəbdən də, həm kanalizasiya, həm də məişət suları birbaşa yamaca axıdılır. Bu da çuxurların dayanıqlarını pozur. “Burada sürüşmə zonasının uzunu 250 metr, eni 200 metrə yaxındır. Ərazi sərt yamacdır. Yamacın meyilliyi 40 dərəcəyə qədərdir. Ərazi sürüşməyə meyilli axıc kütlədir. Əgər torpaq kütləsi su ilə doyarsa hərəkət edəcək. Su keçiriciliyi yüksək olan torpaq artıq su ilə doyub".