Bakıda qarlı hava ilə bağlı yol polisi sürücülərə müraciət etdi

Vaqif Əsədov: “Vətəndaşlar mümkün qədər şəxsi avtomobillərdən az istifadə etsinlər”
Bakıda qarlı hava ilə bağlı yol polisi sürücülərə müraciət etdi
Bakı yol polisi qarlı hava şəraiti ilə bağlı sürücüləri diqqətli olmağa çağırıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov ANS PRESS-ə bildirib ki, qarlı, anomal hava şəraitində sürücülər təkərlərdə təzyiqin normadan aşağı olmasına fikir verməlidirlər. Yol polisi şaxtalı və buzlu yolları qiymətləndirərək, sürət həddini aşmamalıdırlar. Mümkün qədər şəxsi avtomobillərdən az istifadə etməyi məsləhət bilən Vaqif Əsədov nasaz avtomobillərlə yola çıxmağın çox təhlükəli olduğunu bildirib.

“Sürücülərə məsləhətim budur ki, belə havada nəqliyyatın hərəkət intensivliyini nəzərə alaraq müəyyən edilmiş sürət həddindən artıq sürətlə hərəkət etməsinlər. Çünki sürətin hava və yol şəraitinə uyğun seçilməməsi son nəticədə yol-nəqliyyatı hadisəsinə səbəb olur. Eyni zamanda piyadalar da belə havalarda diqqətli və ehtiyatlı olmalıdırlar. Səki ilə getməlidirlər və avtomobil yoluna çıxmamalıdırlar. Sürücülər əyləc sistemindən mümkün qədər istifadə etməməklə avtomobili sürət qutusunun köməyi ilə hərəkətə gətirilməlidir. Avtomobillərin şüşəsiləni işlək olmalıdır”, - deyə Vaqif Əsədov vurğulayıb.

Yol polisi Bakının Yasamal rayonu ərazisində, hündürlüklərdə, Biləcəri dikində, ümumiyyətlə enişli-yoxuşlu yollarda daha çox ehtiyatlı olmağı məsləhət bilir.

Qeyd edək ki, Azərbaycan sinoptikləri ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar xəbərdarlıq edib. Bakıda və Abşeron yarımadasında dekabrın 12-də hava şəraiti soyuq və arabir yağıntılı olacaq. Arabir güclü şimal küləyi əsəcək. Bakıda və Abşeron yarımadasında dekabrın 12-də gecə və gündüz 0-3 dərəcə isti olacaq.






Fikirlər