20.06.2014.- Bakı sürücülərinə ciddi xəbərdarlıq
Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov Trend-ə bildirib ki, Bakının mərkəzi küçələrində - Zərifə Əliyeva, Tərlan Əliyarbəyov, H.Z.Tağıyev, Yusif Məmmədəliyev, Rəsul Rza, Xaqani, Cəfər Cabbarlı, Xaqani parkının ("Malakan bağı") ətrafı və digər küçələrdə 95 parkomatın quraşdırılmasına baxmayaraq, sürücülər yenə də dayanma, durma, parklama qaydalarının pozulması hallarına yol verirlər.
V.Əsədov deyib ki, quraşdırılan parkomatlar hesabına avtomobillərin sərbəst saxlanılmasına şərait yaradılıb. Lakin aparılan müşahidələr və tərtib edilmiş protokollar, eləcə də gün ərzində evakuasiya edilən avtomobillər və ya hazırlanmış fotomaterialların təhlili göstərir ki, sürücülər hələ də qadağan olunmuş ərazilərdə dayanmağa üstünlük verirlər.
Bakı şəhər polisi xəbərdarlıq edir ki, qadağan olunmuş ərazilərdə park edilən avtomobillər qəti şəkildə mühafizə olunan dayanacaqlara evakusiya vasitəsilə aparılacaq: "Xahiş edirik ki, narazılığın yaranmaması, eləcə də Bakı şəhəri ərazisində süni hərəkət sıxlığının yaranmaması məqsədilə sürücülər diqqətli olsunlar və qanuna riayət etsinlər".
V.Əsədovun sözlərinə görə, gün ərzində Bakı şəhərində təxminən 400-ə yaxın avtomobil sürücüsü barədə dayanma, durma, parklama qaydalarının pozulmasına görə protokol tərtib edilir. Əvvəlki aylara nisbətən azalma müşahidə edilsə də, bu sahədə vəziyyət qənaətbəxş deyil.
Qeyd edək ki, Bakıda getdikcə parkomatların sayı artırılacaq. İlin sonunadək 1000 parkomat gətirilərək quraşdırılacaq. Hazırda Bakıda müvəqqəti duracaqlarla bağlı tətbiq ediləcək yeniliklər son sınaq mərhələsindədir. Bəzi yerlərdə isə parkomatlardan istifadə edilməsi üçün artıq qiymətlər də aşağı salınıb: "Məsələn, Heydər Əliyev Sarayının arxasındakı duracaqda qiymətlər aşağı düşüb. Səhər saat 08:00-dan axşam saat 20:00-a kimi 12 saat ərzində avtomobili saxlamağın aylıq qiyməti 30 manatdır. Yəni günə cəmi 1 manata düşür. Ödəniş aylıq deyil, gündəlik olanda saatı 50 qəpik, 12 saatı 3 manatdır. Bu qiymətlər hələlik yalnız Bakı Şəhər İcra Hakimiyyətinin balansında olan parkinqlərə aiddir. Özəl parklama yerlərində isə qiymətləri onlar özləri təyin edirlər"".