Azər Allahverənov: “Bizdə, sadəcə “Baku Bus”larda bu mexanizmdən istifadə olunur”
Elməddin Muradlı: “Sürücülər var ki, işə çıxmazdan əvvəl, səhər tezdən xaşla spirtli içki içib, avtobusu idarə edir”
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev
ictimai nəqliyyatda çalışan sürücülərin hər gün tibbi müayinədən keçirilməsi ilə bağlı təklif
verib. Onun sözlərinə görə, emosional, gərgin vəziyyətdə sükan arxasında əyləşən sürücü artıq
potensial qəza törədicisidir. Nazirlər Kabineti yanında komissiya yaradıldığını vurğulayan baş
həkim deyib ki, Nəqliyyat Departamentinin nümayəndələri və yol polisləri baş vermiş yol
qəzalarının qarşısını almaq istiqamətində iş aparırlar.
Sürücülərin sağlamlığı nəzarətdə olmalıdır. İctimai nəqliyyat sürücülərinin hər gün tibbi
müayinədən keçirilmələri ilə bağlı təkliflər verilib və yaxın gələcəkdə bu təkliflərə baxılacaq.
Əvvəllər də ictimai nəqliyyatda çalışan sürücülər hər gün tibbi müayinədən keçirdilər”.
R.Nağıyev hesab edir ki, sərnişinlərin təhlükəsizliyinin qorunması əsas məqsəd olmalıdır. Çünki
xəstə insan gedib qəzalar törədə bilər. Bəzən səhhətində problem olan, əsəbləri zəif olan
sürücülər sərnişinlərlə mübahisə edirlər. Və yaxud da avtobusu qaydalara uyğun olmayan şəkildə
idarə etmədiklərindən həm öz canlarını, həm də sərnişinləri təhlükəyə atırlar”.
Təklif verməyin çox asan olduğunu deyən ekspert Azər Allahverənovun sözlərinə görə, əsas olan
icra mexanizminin tapılmasıdır:
"Baku Bus” MMC-yə işə götürülməzdən əvvəl sürücülər psixoloji testdən keçirilir və onların psixoloji cəhətdən dayanıqlılığı müəyyən olunur. Amma bu,digər şirkətlərdə yoxdur. Hesab edirəm ki, hansısa bir şəxsin ictimai nəqliyyatda sürücü qismində işləyib-işləməyəcəyini müəyyən etmək üçün sürücülər psixoloji testdən keçməlidirlər. Xaricdə yalnız bu imtahanları uğurla başa vuranlara ictimai nəqliyyatda işləməyə icazə verilir. Bizdə isə yuxarıda da qeyd etdiyim kimi, sadəcə "Baku Bus”larda bu mexanizmdən istifadə olunur.
O ki qaldı iş prosesində hansısa sürücünün aqressivləşməsi və emosiyalara qapılması fonunda,
şirkət özü işçilərinin hər gün tibbi müayinədən keçirilməsində maraqlı olmalıdır. Yəni həyata
keçiriləcəyi halda sürücülərin günlük müayinədən keçirilməsi icbari olmamalıdır. Şirkət özü
aidiyyəti qurumlara müraciət etməklə bu prosesdən faydalanmalıdır”.
Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı isə hesab edir ki, sərnişindaşıma ilə
məşğul olan şirkətlər xüsusi avtobus parkları və tibb məntəqələri təsis etməlidir. Sürücülərin xəstə halda xəttə çıxmasının yolverilməz olduğunu vurğulayan ekspertin sözlərinə görə, avtobus sürücüləri gün ərzində yüzlərlə insana xidmət edir, sərnişinlərlə təmasda olur:
"Sürücülərin müayinəsi üçün xüsusi poliklinikanın yaradılmasına ehtiyac yoxdur. Bu işlə məşğul olan
şirkətlərin özəl "qaraj”ları olmalıdır və hər bir sürücü həmin qarajlarda onlar üçün yaradılan tibb
məntəqələrində müayinədən keçməlidir. Sürücünün xəstəliyi ortaya çıxarsa, onda həmin sürücü
həkim məsləhəti ilə xəttə çıxmayacaq. Sağlam olduqda isə ona xəttə çıxa bilməyini təsdiq edən
arayış veriləcək. Sürücüləri yol polisi saxladıqda tələb etdiyi sənədlər arasında həmin tibbi
arayışlar da ola bilər. Bəzən şahidi oluruq ki, sürücülər xəstə vəziyyətdə avtobusu idarə edir.
Hər hansı dayanacaqda tibb işçiləri sağlamlıq haqqında arayışı sürücüyə 1-2 manatdan,
avtobusun pəncərəsindən satır. Bu kimi biabırçı vəziyyətlərin aradan qaldırılması məqsədilə
sürücülərin müayinəsi üçün ciddi addımların atılması sevindiricidir”.
Bir çox sərnişindaşıma şirkətlərinin avtobus parkının olmadığını deyən E.Muradlı sürücülərin
avtobusları evlərinin qarşısında saxladıqlarını bəyan edib:
"Yəni avtobusların dezinfeksiyası da həyata keçirilmir. Sürücülər var ki, işə çıxmazdan əvvəl, səhər tezdən xaşla spirtli içki içib, avtobusu idarə edir. Belə halların qarşısının alınması üçün sərnişindaşımanın vahid mərkəzdən idarə olunması önə çəkilir. Bu işlə məşğul olan sürücülərin üzərinə ciddi məsuliyyət düşür”.