Təhlükəsizlik kəmərindən istifadə etməyənləri hansı CƏZA GÖZLƏYİR?

Təhlükəsizlik kəmərindən istifadə etməyənləri hansı cəza gözləyir?

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi avtomobillərdəki təhlükəsizlik kəmərlərindən istifadə etməyənlərə qarşı tətbiq olunan cərimələrin məbləğini açıqlayıb.

Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə açıqlamasında bildirib ki, avtomobildə istər sürücü, istərsə də şərnişin təhlükəsizlik kəmərindən istifadə etməlidir və bu məcburidir: "Əgər avtomobilin konstruksiyasında təhlükəsizlik kəməri varsa, sürücü və sərnişinlər həmin kəmərlərdən düzgün istifadə etməlidirlər. Təhlükəsizlik kəmərindən düzgün istifadə etməyən sürücü 40 manat, sərnişin isə 30 manat məbləğində cərimə edilir".

V.Əsədov bildirib ki, sərnişinlər və sürücülər təhlükəsizlik kəmərlərindən düzgün istifadə etmirlər: "Təhlükəsizlik kəmərlərindən düzgün istifadə etmirlər və bu da onların həyatı üçün təhlükə yaradır. Həmin sürücülər hətta yol polisləri ilə mübahisə də edirlər ki, kəmərdən istifadə edirlər. Hansı ki, onlar kəməri düzgün bağlamırlar. Belə sürücü və sərnişinlər də cərimə edilirlər".

V.Əsədov deyir ki, avtomobildə təkcə qabaq oturacaqda əyləşən deyil, nəqliyyat vasitəsində olan bütün sərnişinlər təhlükəsizlik kəmərindən istifadə etməlidirlər: "Fərqi yoxdur, qarşı oturacaqda, ya arxa oturacaqda. Əgər avtomobilin konstruksiyasında arxa oturacaqda təhlükəsizlik kəməri varsa, sərnişin həmin kəmərdən istifadə etməlidir. Əks halda, həmin sərnişinlər də 30 manat cərimə edilirlər".

V.Əsədov azyaşlıların avtomobildən sərnişin kimi istifadə etməsi məsələsinə də toxunub. O bildirib ki, avtomobildə 12 yaşına qədər uşaq avtomobilin qarşı oturacağında əyləşərsə, onun təhlükəsizliyi təmin edilməlidir: "Əgər 12 yaşına qədər uşaq avtomobilin qarşı oturacağında oturubsa, onun xüsusi oturacaqda əyləşməsi vacibdir. Əks halda, sürücü məsuliyyətə cəlb edilir. Həmin yaş həddində olan uşaqların avtomobilin qarşı oturacağından xüsusi oturacaqsız istifadə etməsi qadağandır. Avtomobilin arxa oturacağında oturan uşaqların isə xüsusi oturacaqdan istifadə edilməsi sürücülərə tövsiyə edilir. Bu həmin azyaşlı sərnişinlərin təhlükəsizliyi üçündür. Amma buna görə, sürücü cərimə edilmir. Bu, sadəcə yol polisinin tövsiyəsidir".






Fikirlər