“Təhlükəsizlik kəməri sizi həyata bağlayır”

Bu gündən Bakıda “Təhlükəsizlik kəməri sizi həyata bağlayır” adlı layihəyə start verilib. 

 AzerTaym.az xəbər verir ki, "Hed Academi Azerbaijan", Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) və "Park Bulvar" AVM-in birgə təşkilatçılığı ilə Azərbaycanda yol hərəkəti təhlükəsizliyinə həsr olunan layihə 3 gün davam edəcək. Tədbirdə Azərbaycanda ilk dəfə “Hed Azərbaycan”-a məxsus “Aşma əleyhinə simulyator” geniş ictimaiyyətin istifadəsinə təqdim olunub. "Aşma simulyatoru, avtomibilin aşma anını simulyasiya edib və qəza anında kəmərin sürücünü necə qoruduğunu əyani göstərilib. Məlumat verilib ki, layihənin məqsədi insanları təhlükəsizlik kəmərinin əhəmiyyəti, mahiyyəti və düzgün istifadə qaydaları haqqında məlumatlandırmaqdır. Aşma simulyatoruna əyləşən sürücü simulyator dönməyə başladıqda kəmərin onu necə saxladığını görür və kəmərsiz yarana biləcək təhlükənin şahidi olur. Tədbirin ilk günü simulyatordan istifadə edənlərin sayı 100-ə yaxın olub. 3 gün ərzində aşma simulyatoruna əyləşən hər bir şəxs həm də müsabiqədə iştirak etmək şansı qazanacaq. Artıq 40-dan çox iştirakçı sualları cavablandırmaqla müsabiqədə iştirakını təsdiq edib. Suallara doğru cavab verən şəxslərə "Hed Academi Azerbaijan", "Park Bulvar" AVM və digər tərəfdaşlar tərəfindən dəyərli hədiyyələr təqdim olunacaq. 

Tədbirdə iştirak edən azyaşlı məktəb uşaqları yol hərəkəti təhlükəsizliyi ilə bağlı maraqlı proqramla iştirakçıların diqqətini təhlükəsizlik kəmərinin əhəmiyyətinə yönəldiblər. Bakının müxtəlif məktəblərində təhsil alan 50 şagirdin təhlükəsizlik kəməri, keçidlərdən istifadə, yol hərəkəti qaydalarına əməl etmək kimi çağırışları maraqla qarşılanıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, DYP yol hərəkəti təhlükəsizliyi ilə bağlı istənilən tədbirə dəstək verməyə hazırdır. Xüsusi olaraq təhlükəsizlik kəmərinin əhəmiyyətinə diqqət çəkən Vaqif Əsədov deyib ki, «Hed Academi Azərbaycan»ın tətbiq etdiyi simulyator sürücülər üçün əyani vəsaitdir və bu texnika vasitəsilə kəmərin əhəmiyyətini insanlara daha real şəkildə izah etmək olur.

DYP-nin təhlükəsizliklə bağlı gördüyü işlərdən danışan V.Əsədovun sözlərinə görə, təhlükəsizlik kəməri yol qəzaları zamanı insan həyatını 80 faizdən artıq sığortalayır. Bu baxımdan, yol polisinin apardığı təbliğat işləri öz nəticəsini verib və artıq Azərbaycanda, xüsusən də Bakı şəhərində təhlükəsizlik kəmərindən istifadə edən sürücülərin sayı artıb.

Qeyd edək ki, “HED Akademi Azerbaijan” 1991- ci ildə Almaniyada C&E adlı şirkət kimi yaradılıb. Şirkət sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühit və keyfiyyət baxımından yol təhlükəsizliyinə daxil olan bütün mövzularda beynəlxalq sertifikatlı mütəxəssisləri ilə təlim, konsaltinq və təşkilati xidmətlər təklif edir. HED Akademiya 2007-ci ildən Azərbaycanda fəaliyyət göstərir. Şirkət hazırda dünyada 476, Azərbaycanda isə 123 xarici və yerli şirkətlə əməkdaşlıq edir.

Qeyd edək ki, tədbir dekabrın 4-də də davam edəcək. İştirak etmək istəyənlər saat 16.00-dan sonra "Park bulvar"a gələ bilərlər. Birinci mərtəbədə gözləyirik...

Tədbirin media dəstəkçisi Avtosfer.az və Modern.az saytlarıdır.






Fikirlər