Avtoyuma məntəqələrində maşınlara ziyan vurulur - VİDEO

Maşın ustası iddia edir ki, avtoyuma məntəqələrinin işçiləri müştərini tez yola salmaqdan ötrü avtomobili təzyiqli su ilə yuyurlar. Belə olduqda həm avtomobilin rənginə, həm də alt hissəsindəki bəzi detallara ziyan dəyir. 

Modern.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, son günlər sosial şəbəkələrdə yayılan belə görüntülər geniş müzakirələrə səbəb olub.

Ustanın iddiasına görə, avtomobilin altındakı bu zədələri avtoyuma məntəqəsinin işçiləri edib. Daha doğrusu, yüksək təzyiqli su avtomobili bu hala salıb. Əslində, avtoyuma məntəqələrində bir çox maşın bu vəziyyətə düşür.

Usta Sahil Ağabəyovun sözlərinə görə, normadan artıq təzyiqli su, avtomobilin əyləc borularına, hətta amartizatora belə zərər vurur. Bu da avtomobilin sürətli hərəkəti zamanı ağır hadisələrə yol aça bilər.

Avtomobili zədələnən sürücülər isə bundan ustanın yanında xəbər tutdular. Avtomobillərdən birinin rənginə, digərinin isə alt hissəsinə xeyli ziyan dəyib.

Avtoyuma məntəqəsində işləyənlər də bu faktı təsdiqləyirlər. Onlar əsasən bu cür xoşagəlməz halların təcrübəsiz işçilər tərəfindən edildiyini deyirlər.

Mütəxəssislərin sözlərinə görə, avtoyuma məntəqələrində suvuran aparatın təzyiqi 200-210 yox, 130-150 bar arasında tənzimləməlidirlər. Belə olduqda heç bir avtomobilə ziyan dəyməz.

 VIDEO






Fikirlər