“Land Cruiser” sürücüsü ölüm ayağında olan xəstənin yolunu KƏSDİ - VİDEO
Sosial şəbəkələrdə təcili yardım maşınına yol verməyən avtomobilin görüntüləri yayılıb. BAKU.WS xəbər verir ki, videodan göründüyü kimi “Toyota Land Cruiser” markalı, 90 SJ 100 nömrəli avtomobil yol hərəkəti haqqında qanunun tələblərini kobud şəkildə pozub və arxada hərəkət edən təcili yardım maşınına yol verməyib. Təcili yardım maşınının sürücüsü dəfələrlə səs siqnalından və sayrışan işıqlardan istifadə etsə də, qarşıdakı maşının sürücüsü ona əhəmiyyət verməyib. Həmin vaxt təcili yardım maşınının içərisində xəstə olduğu və onun vəziyyətinin ağır olduğu bildirilib. Qeyd edək ki, bu barədə dəfələrlə yol polisi sürücülərə xəbərdarlıqlar edib. Bildirilib ki, belə hallara görə onları sərt cəza tədbirləri gözləyir. Üstün keçid hüququ olan, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə işarə verən nəqliyyat vasitəsi yaxınlaşdıqda hərəkətin digər iştirakçıları ona dönmə işıq göstəricisini yandırmalı, üstün keçid hüququ olan nəqliyyat vasitələri üçün zolağı boşaltmalı və ya yol qırağına mümkün qədər yaxın hərəkət etməli, zərurət olduqda isə hətta nəqliyyat vasitəsini dayandırmalıdırlar. Sürücülərimiz bilməlidirlər ki, operativ nəqliyyat vasitələrinə yol verməyən sürücülər İnzibati Xətalar Məcəlləsinin (İXM) 151.2-ci maddəsinə müvafiq olaraq məsuliyyətə cəlb edilirlər, bu qayda pozuntusuna görə 60 manat miqdarında cərimə tətbiq olunur. Bundan əlavə, həmin qayda pozuntusu 3 cərimə balı ilə qiymətləndirilir. Məlumat üçün qeyd edək ki, "Yol hərəkəti haqqında" Qanunun 1-ci maddəsində verilən əsas anlayışlara görə, operativ nəqliyyat vasitələri - yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin, hərbi avtomobil müfəttişliyinin funksional tapşırıqlarının yerinə yetirilməsi, pul mədaxilinin inkassasiyası və qiymətli yüklərin daşınması, Azərbaycan Respublikasının ali vəzifəli şəxslərinin mühafizəsi vəzifələrinin icrası üçün nəzərdə tutulan, üstündə xüsusi qrafikalı rəngli sxemlər, yazılar və tanınma nişanları olan, xüsusi işıq və səs siqnalları ilə təchiz edilmiş avtomobillərdir.