Azərbaycanda maşın almaq müsibəti: gömrük rüsumu, FANTASTİK KREDİT faizi...
Azərbaycanda avtokredit şərtləri, yeni avtomobil sahibi olmaq üçün nə qədər vəsait ayırmaq lazım olduğunu, eləcə də bazardakı cari vəziyyətlə bağlı Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının sədri Natiq Zərbəliyevin Oxu.Az-a müsahibəsini təqdim edirik: - Azərbaycanda avtokreditlərin şərtlərini dəyərləndirə bilərsiniz? - Avtomobil kreditləri əhalinin böyük bir qismi üçün əlçatan deyil. İllik 24 faiz ilə orta büdcəyə qədər olan avtomobillər üçün 40 faiz, lüks avtomobillər üçün isə 50 faiz ilkin ödəniş tələb edilir. Yüksək gömrük xərcləri, üstəgəl kredit şərtləri ilə avtomobilin qiyməti müəyyən seqmentlərdə hətta iki dəfə artır. Buna görə də, avtomobil almaq istəyən şəxs 40-50 faiz ilkin ödəniş etmək əvəzinə, bu məbləğə bazardan Gürcüstandan gətirilmiş, qəzadan çıxmış, sonradan bərpa olunmuş, ekoloji və təhlükəsizlik tələblərinə cavab verməyən avtomobili almağa məcbur olur. Dünyanın heç bir yerində bu cür kredit şərtləri yoxdur. Bir çox ölkələrdə hətta illik 15-18 faizlə, ilkin ödənişsiz kreditlər təklif olunur. - Nəyə görə avtokreditlərdə şərtlər əlverişsizdir? - Ötən günlərdə Azərbaycan Banklar Assosiasiyası ilə görüş keçirdik. Müzakirələr apardıq. Azərbaycanda banklar üçün müəyyən risklər var. Ölkəmizdə kredit təşkilatları daha aşağı şərtlərlə avtokredit təklif etmək imkanlarının olmadığını bildirirlər. Görünən odur ki, hazırda avtokreditlərin daha münasib olması üçün xüsusi dövlət siyasətinin tətbiq edilməsi lazımdır. Ölkəmizdə avtomobil parkının yenilənməsini, eləcə də ekoloji cəhətdən daha təmiz mühitə şərait yarada biləcək avtomobillərin idxalını istəyiriksə, bunun üçün xüsusilə dövlət tərəfindən proqram hazırlanmalıdır ki, yeni avtomobillərin satışını təşviq edək. Bu, böyük müzakirənin mövzusudur və hələlik reallıq deyil. - Hansı şərtlərlə vətəndaşlara avtokreditlər verilsə, daha məqsədəuyğun olar? Bununla bağlı təklifləriniz var? - Bizim müvafiq hökumət orqanlarına verdiyimiz təkliflərə əsasən illik 16 faizlə, 10-15, maksimum 20 faiz ilkin ödənişlə avtokreditlərin verilməsi daha məqsədəuyğundur. Avtomobillərin kreditlə satışı zamanı müəyyən bürokratik məsələlər var ki, onlar ləğv olunmalıdır. Məsələn, sənədləşdirmə prosesi lazımsız dərəcədə çox uzundur. Dünyanın heç bir ölkəsində bu cür uzun sənədləşdirmə prosesi mövcud deyil. Bütün bu məsələlər nəzərə alınsa, yeni avtomobillərin satışına təkan verilə bilər. - Azərbaycanda avtomobil dilerləri kredit şərtlərini yüksək tutmur ki? - Avtomobil biznesinin adı ağır, xərci isə çoxdur. Rəsmi avtomobil dilerləri avtomobilin vintinə qədər cavabdehdir və hər bir hissənin zəmanətini verir. Mən düşünmürəm ki, avtomobil dilerlərinin müəyyən etdiyi qiymətlər və kredit şərtləri normaldır. Düşünürəm ki, avtomobil dilerləri yeni modellər gətirməyə daha maraqlıdır. Azərbaycanda rəsmi dilerlərin ötən il və daha öncəki il gətirdikləri maşınlar anbarlarda qalıb. Dilerlər münasib marja ilə işləyirlər, sadəcə onların xərci çoxdur. Azərbaycanın idxal etdiyi avtomobillərin gömrük rüsumları yüksəkdir. Avtomobil ölkəyə gətirildikdən sonra onun qiyməti artır. Bəzən dilerlər avtomobilin satışını edərkən gəlir belə əldə edə bilmirlər. Hazırda Azərbaycanda rəsmi avtomobil dilerləri maddi baxımdan çətin vəziyyətdədirlər. - Azərbaycanda avtomobil qiymətlərinin kredit şərtləri ilə birgə iki dəfəyə qədər artdığını bildirdiniz. Gömrük xərclərinin azaldılması istiqamətində hansısa təkliflər hazırlanır? - Bu barədə hökumətə müvafiq təkliflər ünvanlamışıq. Həm gömrük prosesləri, həm də gömrük anbarları barədə müəyyən təkliflər hazırlamışıq və göndərmişik. Qəzalar zamanı ölənlərin sayının çox olması avtomobillərin müasir sistemlərlə təchiz edilməməsindən və köhnə olmasından irəli gəlir. Biz ekoloji cəhətdən havanı korlayan köhnə avtomobillərin qarşısını almaq və onların satış məqsədilə idxalını seyrəltmək üçün avtomobilin istehsal ilindən asılı olaraq şkala tətbiq edilməsini təklif etmişik. Elə əmsal müəyyən edilsin ki, köhnə avtomobili gətirib satmaq əlverişli olmasın. Bunun üçün ciddi texniki tələblər olmalıdır. Bilirik ki, qəzadan çıxmış, aşmış avtomobillər Gürcüstanda “yapışdırılır” və ölkəyə idxal edilir. Təkcə gömrük məntəqəsi anbarının qarşısında durmaq burada iri, yüklü avtomobillərdə daşınan qabaq, yan hissələri və arxası olmayan maşınları görməyə kifayət edir. Bunların qarşısını almaq iqtisadi cəhətdən də əlverişli olacaq. Hər il ölkədən milyonlarla dollar dəyərində vəsait ölkədən çıxır və ölkəyə sınıq-salxaq avtomobillər gətirilir. Təbii ki, sonradan onların ehtiyat hissələri üçün də yenidən müəyyən valyuta ölkədən çıxarılmalı olur. Deməli biz vəsaiti xərcləyirik, onun əvəzində isə ölkəni dəmir qırıntılarının ölüxanasına çeviririk. Yaxşı olardı ki, ölkəyə yeni avtomobillər gətirilsin. Bu prosesin iqtisadiyyata da böyük xeyri olacaq. - Ölkəyə yeni avtomobillərin gətirilməsini necə təşviq edə bilərik? - Güman ki, yeni avtomobillərin idxalını təşviq etmək üçün gömrükdə dəyişikliklər labüddür. Düşünürük ki, idxalı üçün rüsum və aksizlər yüksəkdir. Buna görə də avtomobillərin qiyməti hiss olunacaq dərəcədə yüksəkdir. Bu cür gömrük rüsumları ilə avtomobili burada gətirib satmaq çətin olur. Avtomobil dilerlərinin anbarları bir-neçə ildir ki, maşınlarla doludur. Ona görə də, təbii ki, bu məsələlər mütləq şəkildə öz həllini tapmalıdır. - Hazırda normal texniki imkanlara sahib avtomobil əldə etmək üçün nə qədər ödəniş edilməlidir? - Əlçatan seqment üçün qiymətlər 25 000 - 27 000 manatdan başlayır. Bazarda bu qiymətə təhlükəsizlik sistemləri ilə tam təchiz olunmuş komfortlu avtomobil əldə etmək olar. Növbəti seqmentdə ən əlverişli qiymətlər Çin və Koreya avtomobilləri üçün təklif edilə bilər. Belə ki, qiymətlər 30 000 manatdan başlayır və bu qiymətlərə həm tam təchizatlı, təhlükəsiz, həm də müasir dizaynlı avtomobillər əldə edilə bilər. Daha sonra orta seqment və nəhayət lüks avtomobillər gəlir. Bu seqment üzrə qiymətlər 100 000 - 200 000 manat civarındadır. Azərbaycanda lüks avtomobillərin qiyməti 300 000 - 400 000 manatdan yuxarı da ola bilir. Mən test yürüşləri zamanı yarım milyondan çox qiyməti olan avtomobil də idarə etmişəm. Avtomobil qiymətlərində hədd yoxdur. Beynəlxalq avto-şoularda 3 milyon avro civarında avtomobillər də görmüşəm. Necə deyərlər, hər avtomobilin öz alıcısı var.