Bakıda avtomobillərin qiyməti hər ay dəyişir? - Ekspert
"AzerTaym.az" Axar.az-a istinadən xəbər verir ki, Yaponiya avtomobil istehsalçısı “Subaru” avtomobil satışında yeni qaydalar tətbiq edib. Nümayəndəliyin rəsmi saytında təklif olunan avtomobillərin qiyməti yalnız bu ayın sonunadək etibarlıdır. Yəni, əgər siz aprelin 30-u 18 min manata gördüyünüz avtomobili mayın 1-i alarkən 20 min manata görsəniz, heç də təəccüblənməyin. Bu haqda nümayəndəlik özü əvvəlcədən məlumat verir.
Məsələn, “Subaru XV” modeli (ƏDV davil) 23,900-29,500 manat arası dəyişir. Lakin bu qiymətlər aprel ayı üçün etibarlıdır. Mayda sözügedən avtomobil bahalaşa da bilər, ucuzlaşa da.
İqtisadçı-ekspert Fərhad Bayramov hesab edir ki, bu, şirkətin ziyanla işləməsini önləyən addımdır:
“Aydın məsələdir ki, ölkə ərazisində yeganə ödəniş vasitəsi manatladır. Bunu əsas alaraq da, idxal olunan avtomobillər xarici valyuta ilə ölkəyə alınıb gətirilsə də, avtosalonlarda qiymət manatın həmin valyutaya olan məzənnəsinə əsasən təklif edilir. Bu da aydın məsələdir ki, satın alma gücünü itirən manata qarşı psixoloji təsirlərin davam etməsi yerli valyutanın qısa və orta müddətli dövr üçün sabitliyini sual altına alır. Hətta manat kəskin devalvasiyadan sonra yaxın günlərdə yenidən 0,2% dəyər itirib. Dolayısı ilə manatın sabitliyi və möhkəmlənməsinə qarşı olan gözləntiləri minimumlaşdırır. Belə olan halda da, sahibkarlar, xüsusilə xarici ticarətlə məşğul olanlar, ölkəyə avtomobil idxal edən firmalar öz qiymət siyasətlərinə daim dəyişiklik etmək məcburiyyətində qalırlar. Nümunə üçün deyə bilərik ki, ölkəyə 40 min ABŞ dolları dəyərində avtomobil gətirən və salonlarda bunu uyğun məzənnəyə əsasən (1 USD=1.05), məsələn 42000 manata təklif etdiyi halda, qısa müddət ərzində 0.2% ucuzlaşan manat həmin sahibkar üçün 42800 manat deməkdir. Başqa bir ifadə ilə, müştəri sahibkara 800 manat daha çox ödəməlidir ki, həmin firma yenidən eyni avtomobili ölkəyə idxal edə bilsin. Ona görə də belə bir situasiya hər iki tərəf üçün arzu edilən deyil. Haqlı olaraq da avtomobil firmaları öz qiymətlərini dəyişməli olurlar. Nəticə etibarı ilə onu deyə bilərik ki, müxtəlif firmaların öz korporativ imiclərini qorumaqdan ötrü, müxtəlif xərclərdən imtina edərək qiymət stabilliyinə ciddi nəzarət etsinlər. Keçid dövrünü başa vurduqdan sonra makroiqtisadi satbillik bazarın yenidən özünü tənzimləməsinə kömək edəcək”.