16.05.2014. - Bakıda 1-2 milyonluq “Ferrari”lər satan avtosalon açıldı
Bu gün Bakıda, Üzeyir Hacıbəyov, 57 ünvanında «Ferrari» avtomobilləri və aksessuarlarının satış mərkəzi açılıb.
Bakı dünyada bu lüks avtomobil markasının təmsil olunduğu 62-ci yerdir. Avtosalonun açılışı mərasimində «Ferrari»nin italiyadakı baş ofisinin ali nümayəndələri iştirak edib. Onların sözlərinə görə, iqtisadi inkişafın səviyyəsi və əhalinin rifahının artması Bakıda «Autolux» şirkəti ilə əməkdaşlığa şövq edən səbəbdir.
Bu il lüks "Ferrari" markası Moskvada, Sankt-Peterburqda və Almatıdakı salonlarda da təklif ediləcək.
“Autolux Azerbaijan” MMC "Ferrari" avtomobillərinin Azərbaycanda rəsmi dileridir. Şirkət 2012-ci ilin oktyabr ayında azərbaycanlı investor tərəfindən yaradılıb. Şirkətin nizamnamə kapitalı 11 milyon manat təşkil edir.
“Autolux”un meneceri Əli Əkbər Tahiri "Turan"a bildirib ki, şou-rumda “Ferrari”nin 6 modeli satışa təqdim olunub.
"Bakıda avtomobillərin qiyməti 300 min manatdan 400 min manata qədərdir. Ancaq müştərinin istəyinə uyğun olaraq qiyməti 1-2 milyon manata çatacaq eksklüziv modellər də sifariş vermək olar" - deyə o bildirib.
Proqnozlaşdırılır ki, Azərbaycan avtomobil həvəskarları ildə 5-30 "Ferrari" avtomobili sifariş verəcək. Dünyada yarım milyard "Ferrari" avtomobili həvəskarı var, ancaq onların heç də hamısı onu almaq imkanında deyil. Ona görə də "Ferrari" onlara kişi, qadın və uşaq geyimləri, aksessuar və suvenirlər vasitəsilə "Ferrari" markasına toxunmağa imkan verir.
"Ferrari" Bakıda 7 illik zəmanətlə təklif edilir. Bakıda bu avtomobillərin xidmət servisi və onlara ehtiyat hissələri də əlçatımlıdır.