19.05.2014. - Bakıda hər 10 “Lexus”dan 3-nü qadınlar alır
"AzerTaym.az" xəbər verir ki, bunu “Lexus Bakı” mərkəzinin satış üzrə məsləhətçisi
Emin Hüseynov bildirib.
E.Hüseynovun verdiyi məlumata görə, şirkət Bakıda keçirilən avtomobil sərgisində 3 bahalı modellə təmsil olunub. Nümayiş olunan “GS450h F SPORT” modeli 73500 manat, “RX 450 Hybrid” modeli 75150 manat, ən bahalı model sayılan “Lexus 600 Hybrid” isə 138 500 manatdır. Emin Hüseynov qeyd edib ki, “Lexus 600 Hybrid” kimi bahalı modelləri əsasən biznesmenlər, iş adamları və dövlət müəssisələrindən alanlar var. Bölgələrdən isə əsasən özəl şirkətlər bu modeli alırlar. “Lexus”un alıcılarının 30 %-ni isə qadınlar təşkil edir və bu göstərici demək olar ki, sabitdir.
“Lexus Bakı” mərkəzinin kredit və sığorta işləri üzrə mütəxəssisi Emin Zülfüqarov fins.az-a bildirib ki, ilin əvvəlində avtomobil kreditlərinin dayandırılması satışlara ciddi təsir etmiş, ümumi satış 40-45 faiz aşağı düşmüşdü. Amma sonradan kreditlərin bərpa olunması nəticəsində hətta ilkin ödənişin artmasına baxmayaraq satışlar əvvəlki həddinə qayıdır. Hazırda “Lexus”ların 50 faizini nağd, 50 faizini isə kreditlə alırlar.
E.Zülfüqarov bildirib ki, satılan “Lexus"ların hamısı sığortalanır. Kreditlə götürülən maşınları “Beynəlxalq Sığorta”, “Qarant” və “Alfa” sığorta şirkətləri, nağd alış zamanı isə “Atəşgah” və “Alfa” sığorta şirkətləri sığortalayır. Sığorta haqqı avtomobilin qiymətindən asılı olaraq 3-3,5 faiz arasında dəyişir. Dəyəri 100-120 min manat olan bahalı avtomobillərdə isə sığorta haqqı 3,7 faizə çatır. Məsələn, qiyməti 138 500 manat olan “Lexus 600 Hybrid” modelini buna misal göstərmək olar: “2012-ci ildə “LS 460” modelini nağd alış zamanı sığortalamışdılar. O zaman qiyməti 110 min manat olan avtomobil üçün kasko sığorta haqqı 5124,5 manat olmuşdu”.