Kreditlə avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR – Şərtlər sadələşdiriləcək...
Dünyada elektriklə işləyən avtomobillərin bazar payı 10 ildə 41 dəfə artaraq 8,3 faizə çatıb. Keçən il elektrikli avtomobil satışları rekord qıraraq, əvvəlki illə müqayisədə 108 faiz artaraq 6,75 milyon ədədə çatıb. Paytaxt Bakıda da elektriklə işləyən avtomobillər görünür. Hazırda ölkəmizdə bu tip avtomobillərə tələbat necədir – yüksəkdir, ortadır, ya aşağıdır? Qiymət necədir? Əlçatandırmı? Satışı hansı şirkət aparır? Üstünlüyü, çatışmazlığı nədir bu avtomobillərin? Yeri gəlmişkən, elektromobillər elektriklə çalışan avtomobillərdir. Qeyd edilir ki, belə avtomobillər ətraf mühitin çirklənməsinin qarşısını alır. Bu avtomobillərin enerji toplaması üçün xüsusi enerji stansiyaları qurulmalıdır. Elektrikli avtomobillər, bir və ya bir neçə elektrik mühərriki istifadə edərək və batareyalardan və digər enerji toplama cihazlarından yığdığı elektriki xərcləyərək sürülən avtomobillərdir. Ənənəvi avtomobillərlə müqayisədə yanacaq çəni yerinə batareya və elektrik sistemi yer alıb. Elektrikli avtomobillər 60 volt enerji ilə çalışır. Bir çox ölkələrdə artıq elektrik avtomobillərindən istifadədə maraqlıdırlar. Belə ölkələrin əksəriyyətində elektromobilin alınması vergidən azaddır, belə avtomobillərin sahiblərinə magistralların ödənişli hissələrində pulsuz gediş-gəliş, eləcə də iri şəhərlərin mərkəzlərində güzəştli parkinq imkanı verilir. Rusiyada da elektriklə işləyən avtomobillər müəyyən dərəcədə tanınıb. Bir sıra iş adamları və sahibkarlar artıq öz elektromobilini əldə ediblər. Dövlət Gömrük Komitəsi ölkəyə idxal olunan ekoloji təmiz avtomobillərin idxal rüsumundan azad olunması üçün hökumətə müraciət edib. Komitənin Gömrük ödənişləri idarəsinin rəisi Tariyel Alverdiyev mediaya açıqlamasında deyib ki, hazırda həmin avtomobilləri Azərbaycana gətirənlər yalnız əlavə dəyər vergisi (ƏDV) ödəmir: “Hökumətə təklif etmişik ki, idxal rüsumu ləğv edilsin”. BAKU.WS xəbər verir ki, ekspertlər isə hesab edirlər ki, təklif qəbul edilərsə, bu, avtomobillərin qiymətinə təsir edəcək. Ölkəmizə 2021-ci ildə 91 194 ədəd avtomobil idxal olunub. İdxal olunan avtomobillərin 12 936 ədədi hibrid, 160 ədədi (0,175 faiz) elektrik avtomobilidir. 2022-ci ilin yanvar-fevral ayları ərzində isə ölkəmizə 11 145 ədəd avtomobil gətirilib. Gətirilən avtomobillərin 2032 ədədi hibrid, 57 ədədi (0,51 faiz) elektrik avtomobilləridir. Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov mövzu ilə bağlı “Yeni Müsavat”a bunları şərh edib: “Bu gün Azərbaycanda elektriklə çalışan avtomobillərin sayı artmaqdadır. Düzdür, biz gözlədiyimiz qədər artım olmayıb. Bunun da müəyyən səbəbləri var. Hazırda ölkəmizdə elektriklə çalışan avtomobillərin infrastrukturunun qurulması istiqamətində işlər aparılır. Konkret olaraq bu il yanvar ayının 1-dən etibarən ölkəmizə idxal olunan elektromobillər əlavə dəyər vergisindən (ƏDV) azad olunub. Bu da sahibkarlara şərait yaradır ki, bu növ avtomobillərin ölkəyə idxalının sayını artırsınlar. Bu proses gedir. Məndə olan məlumata görə, yanvar ayından mart ayının 31-nə qədər Azərbaycana idxal olunan elektromobillərin sayında artım var. Eləcə də bu növ avtomobilləri sifariş edən vətəndaşların da sayı artır. Vətəndaşlar artıq ekoloji cəhətdən təmiz avtomobillər almaqda maraqlıdırlar”. Ekspert əlavə edib ki, elektriklə işləyən avtomobillərin istehsalı dizel və benzinlə işləyən maşınlara nisbətən daha baha olur: “Əlbəttə, bunların qiyməti bir qədər yüksək olur. Lakin qiymətlərin yüksək olmasına görə də dövlət bu növ avtomobillərin vətəndaşlara əlçatan olması üçün stimullaşdırıcı addımlar atır. Bunlardan biri idxalda ƏDV-dən azadolmadır. Bununla bağlı yol xəritəsi də hazırlanıb, həmin yol xəritəsində də qeyd olunub ki, ölkə daxilinə elektriklə çalışan avtomobillərin vətəndaşlarımız tərəfindən daha çox alıb istifadə olunması üçün müəyyən addımlar atılsın. Məsələn, Azərbaycanda elektrik doldurma məntəqələrinin sayının artırılması nəzərdə tutulur. Bunun üçün müvafiq qanunvericilik və qanunvericilikdə müəyyən dəyişikliklər, müvafiq qurumların birbaşa olaraq bu istiqamətdə iş görməsi nəzərdə tutulur. Eyni zamanda elektriklə çalışan avtomobillərin kredit şərtlərinin sadələşdirilməsi nəzərdə tutulur. Bu növ avtomobilləri almaq istəyən vətəndaşlara güzəştli kreditlər təklif ediləcək. Stimullaşdırıcı addımlar bununla yekunlaşmır. Dövlət ölkədə ekosistemin yaxşılaşdırılması istiqamətində konkret işlərin görülməsində israrlıdır. Bu səbəbdən də Dövlət Gömrük Komitəsinin rəsmisi də ötən həftə fikrini bildirmişdi ki, elektriklə çalışan avtomobillər ölkəyə idxal olunarkən, ümumiyyətlə, onların idxal rüsumlarından azad olunması təklifləri verilib. Bu da, əlbəttə, sevindirici haldır. Əgər belə olarsa, ölkəmizdə elektriklə çalışan avtomobillərin sayı artacaq. Bu həm insan sağlamlığına təsir edəcək, həm ekosistemin yaxşılaşmasına gətirib çıxaracaq, həm də lazımi resursların qənaətinə səbəb olacaq”.