Gəncə şəhəri, H.Əliyev prospektində "Range Rover" və "Maseratti Ghibli" markalı avtomobillərin sürücüləri avtoxulqanlıq edib.
Teymur Cavadovun idarə etdiyi 99-LN-385 dövlət qeydiyyat nişanlı "Range Rover” markalı avtomobillə sürücüsü hələ məlum olmayan "Maseratti Ghibli” markalı 99 ZR 951 dövlət qeydiyyat nişanlı avtomobil şəhərdə sürət yarışı keçirib.
Hər iki avtomobilin sürücüsü yol hərəkəti qaydalarını, manevretmə və ötmə qaydalarını kobud şəkildə pozub, işıqforun qadağanedici işığı yanarkən yolayrıcını keçib. Buna görə də Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən "Range Rover”in sürücüsü avtoxuliqanlıq etdiyinə görə saxlanılıb. Barəsində protokol tərtib edilərək, iş məhkəməyə göndərilib.
Məhkəmə iclasında iştirak edən Teymur Cavadov bildirib ki, etibarnamə ilə idarə etdiyi avtomobillə hərəkətdə olarkən ağ rəngli "Maseratti Ghibli” markalı avtomobil onun yanından sürətlə keçib, o da həmin avtomobilin arxasınca yüksək sürətlə hərəkət edərək H.Əliyev prospektində yerləşən "Gəncə” otelin qarşısında olan işıqforun qadağanedici işığında yol ayrıcına daxil olub, prospektin sonunda yolun əks istiqamətində ağ rəngli avtomobil çıxıb hərəkət etdiyi üçün onun arxası ilə gedib, bundan sonra İsmət Qayıbov küçəsindən yol ayrıcından həmin avtomobillə birlikdə dövr edib, geri qayıdıb. O, digər avtomobilin sahibini tanımadığını deyib. Teymur Cavadov hərəkətlərindən peşman olduğunu və bir daha belə etməyəcəyini bildirib.
Məhkəmənin qərarı ilə Teymur Cavadov İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 600 manat məbləğində inzibati cərimə edilib.
Apardığımız araşdırma nəticəsində məlum olub ki, 99-LN-385 dövlət qeydiyyat nişanlı "Range Rover”in sürücüsünün avtoxulqanlıq hərəkətlərini əks etdirən görüntüləri mütəmadi olaraq sosial şəbəkələrdə yayıb. O, təkcə "Range Rover"lə yox, 20-BC-202 nömrəli "QAZ-21" markalı avtomobillə də "avtoşluq" edib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Qaynarinfo-ya açıqlamasında bildirib ki, "Rang Rover”in sürücüsünün DYP əməkdaşları tərəfindən saxlanılması mümkün olsa da, "Maseratti Ghibli”nin sürücüsünü hələ ki, saxlamaq mümkün olmayıb. Şəhərdə "Maseratti” markalı avtomobillə avtoxulqanlıq edən şəxsin kimliyi araşdırılır və barəsində axtarış elan edilib. Qaynarinfo