DYP-dən radar tələsinə - REAKSİYA - VİDEO

 

“DYP-dən radar tələsinə - REAKSİYA - VİDEO

 
Yevlax-Gəncə yolundakı qanunsuz radarla bağlı xəbərə Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsindən münasibət bildirilib.

"Qafqazinfo"ya açıqlamasında İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev "plafon"unun altındakının radar kamerası yox, işıq patronu olduğunu deyib.

Rəisin sözlərinə görə, işıq "plafon"unun altındakı işıq patronudur və qanunsuz radardan söz belə gedə bilməz: "Birincisi, orada heç bir radar kamerası quraşdırılmayıb, videoda görünən sadəcə işıq patronudur. İkincisi də, əgər ərazidə maksimum sürət həddini müəyyənləşdirən, radarın fəaliyyət göstərməsini bildirən 6.14 yol nişanı varsa, istənilən yerdə radar quraşdırıla bilər. Bu gün yol polisində olan bütün radarlar: istər stasionar, istərsə də mobil radarlar mərkəzi informasiya sisteminə inteqrasiya olunub. Əgər hər hansı bir radar avtomobilin sürət həddini aşdığını qeydə alarsa, dərhal mərkəzi informasiya sisteminə göndərir. Yazıda göstərilən 3 km ərazidə boşluq olduğu üçün yol polislərinin qanunsuz radar yerləşdirməsi məsələsi tamamilə yanlışdır. Şəklə baxan hamı anlayar ki, orada kamera yox, işıq patronu var. İnspektor istəsə aşağıda da radarı yerləşdirər. Onun dirəyə çıxıb elektrik naqillərinin içərisinə kamera yerləşdirməsinə ehtiyac yoxdur".

Yevlax-Gəncə yolunda analoqu olmayan radar aşkarlanıb. Bu dəfə yol polisləri radarı elə yerdə gizlədiblər ki, dünyaca məhşur olan öncəgörən Vanqa da onu görə bilməzdi...

Avtosfer.az saytının əməkdaşları sürücülərdən daxil olan məlumatlar əsasında qeyd olunan yolda müşahidələr aparıblar və işıq dirəyində gizlədilmiş radar üzə çıxıb. Çəkilmiş videodan aydın olur ki, beton dirək əslində yolu işıqlandırmaq üçün nəzərdə tutulmayıb. Bu dirək elektrik naqillərini ötürmək üçün nəzərdə tutulub. Lakin Yevlax-Gəncə yolunun Gəncə şəhəri istiqamətində gizli şəkildə həmin dirəyin başına dəmir "plafon" qoyulub. "Plafon"un içərisinə isə yüksək peşəkarlıqla radar qurğusu yerləşdirilib. Kənardan baxanda bunu sadəcə olaraq yolu işıqlandırmaq üçün nəzərdə tutulan işıq dirəyi zənn etmək olar. Amma yolun o hissəsində bu dirəkdən başqa işıq dirəyi yoxdur.

Bu qurğu elə yerdə yerləşdirilib ki, həmin yolu hər iki istiqamətdən çəkir. Yəni, Gəncəyə gedənlər də, gələnlər də bu radarın hədəfinə tuş gələ bilər.

Aparılan müşahidələrdən sonra məlum oldu ki, həmin yolda qanuni radarlar da mövcuddur. Sadəcə olaraq yolun hər iki istiqamətindəki qanuni radarların arasında təxminən 3 km məsafə boş qalır ki, sürücülər həmin məsafədə sürət həddini aşırlar. Yol polisi əməkdaşları də bu boşluğu doldurmaq və sürücüləri cəzalandınmaq üçün əraziyə bu cür "peşəkarlıqla" radar yerləşdiriblər. Amma məsələ burasındadır ki, bu radar qanunsuz radardır və Dövlət Yol Polisinin Mərkəzi Məlumat Sisteminə inteqrasiya olunmayıb. Bu radarın köməyi ilə aşkar olunan qayda pozuntularına görə ən pis halda sürücüləri yaxınlıqdakı DYP postlarında sürücüləri saxlayıb "radar düşmüsən, şirinliyini versən silərik" deməklə ciblərini doldururlar...

 






Fikirlər