Qanunsuz fəaliyyət göstərən avtobuslar artıb - FOTOLAR
İyulun 1-dən ictimai nəqliyyatda gedişhaqqı 50 qəpik müəyyən edilib. Bununla yanaşı, dizel və Aİ-92 markalı yanacaq növləri də bahalaşıb. “AzerTaym.az” Avtosfer.az-a istinadən xəbər verir ki, nəqliyyat istiqamətində olan dəyişikliklər və tənzimlləmələr Abşeron yarımadasında fəaliyyət göstərən işbazların hərəkətə keçməsinə səbəb olub. Heç bir vergi ödəməyən, sürücüləri tibbi müayinədən keçməyən, yol hərəkəti qaydalarına riayət etməyi belə özünə sığışdırmayan sahibkarlar öz fəaliyyət istiqamətlərini daha da genişləndiriblər. Əvvəllər sadəcə bəzi Bakı kəndlərinə və Bakı-Sumqayıt istiqamətinə gedən bu avtobuslar bu gün artıq yarımadanın hər tərəfinə hərəkət edirlər.
“Xaliq Faiqoğlu” daşıyıcı şirkətinin mətbuat katibi Nizam Rzayev açıqlamasında deyib ki, müntəzəm sərnişindaşıma fəaliyyətinin qarşısında duran ən böyük problemlərdən biri məhz bu cür sürücülərin qanunsuz əməlləridir. “Bu cür sərnişindaşımanın həcmi davamlı artır və onlar fəaliyyətlərini açıq şəkildə davam etdirirlər. Hansısa cəza tədbirlərinin həyata keçirilməməsi, yaxud da bu cür nümunələrin az olması, həmin sürücülərin daha rahat şəraitdə fəaliyyətinə gətirib çıxarır. Bu da müntəzəm sərnişindaşıma ilə məşğul olan şirkətlərə böyük ziyan vurur. Müntəzəm sərnişindaşıma ilə məşğul olan şirkətlərin sürücüləri hər gün tibbi yoxlanışdan keçir. Lakin qanunsuz fəaliyyət göstərən sürücülər heç bir yoxlanışdan keçmir. Onların kimliyi məlum deyil. Belə sürücülər yollarda həm sərnişinlərə, həm piyadalara, həm də digər nəqliyyat vasitələrinə təhlükədir. Biz dəfələrlə Bakı-Sumqayıt yolunda bu fəaliyyətlə məşğul olan sürücülərin qəza törətdiyini, onlarla şəxsin həyatına son qoyduğunun şahidi olmuşuq”. Mətbuat katibi sonda vurğulayıb ki, bu istiqamətdə aidiyyəti qurumlar nəzarət və cəza tədbirlərini artırmalıdırlar.