400-dək sürücü inzibati məsuliyyətə CƏLB EDİLİB

400-dək sürücü inzibati məsuliyyətə cəlb edilib

Bakıda minik avtomobillərini texniki baxışdan keçməyən sürücülərlə bağlı həyata keçirilən tədbirlər davam etdirilir.

Publika.az xəbər verir ki, bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov söyləyib.

O bildirib ki, avqustun 1-dək bütün növ MDB və xarici ölkə istehsalı olan bütün növ yüngül minik avtomobillərinin texniki baxışdan keçmə müddəti tam başa çatıb. Hazırda bu tələbləri yerinə yetirməyən avtomobil sürücüləri yol polisləri tərəfindən aşkarlandıqca məsuliyyətə cəlb edilir.

Avqustun 1-dən bu günə qədər avtomobilini texniki baxışdan keçirməyən 400-ə yaxın sürücü inzibati məsuliyyətə cəlb edilib. Bu istiqamətdə nəzarət gücləndirilib.

V.Əsədov deyib ki, texniki baxışdan keçməməyə görə fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə olunur. Yl hərəkətində istismar edilən nəqliyyat vasitəsi texniki cəhətdən saz olmalıdır. Texniki cəhətdən saz olmayan avtomobillərin yol hərəkətində idarə edilməsi yol-nəqliyyat hadisələrinin yaranmasına səbəb olur. Eyni zamanda, həmin avtomobillərin hərəkət etdikləri istiqamətlərdə müxtəlif problemlər yaranır.

Nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi Daxili İşlər Nazirliyinin Bakı-Zabrat-Maştağa yolunun 1-ci kilometrliyində yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin Diaqnostika Mərkəzində həyata keçirilir.






Fikirlər