Bakıda “ölüm hazırlayan” gizli sexlər-ŞOK fotofaktlar - FOTOLAR, VİDEO

 Bakıda “ölüm hazırlayan” gizli sexlər-şok fotofaktlar - FOTOLAR, VİDEO

“Yeni Müsavat”ın əməkdaşı paytaxtda mənşəyi bilinməyən ətdən kolbasa hazırlayan sexdə gördüyü dəhşətli mənzərədən yazır 

 

Son günlər mətbuatda paytaxta gətirilərkən saxlanılan tonlarla mənşəyi bilinməyən ətin hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılması barədə xəbərlər artıb.
 
 Məlumatlara görə, bu cür yararsız  “məhsullar” paytaxtda gizli kolbasa sexlərinə verilir.  “Yeni Müsavat”ın əməkdaşı paytaxtın  gözdən-qulaqdan uzaq yerlərində, yaşayış evlərinin arasında, birmərtəbəli köhnə evlərdə kustar üsulla kolbasa hazırlayan sexi bir neçə gün axtarışdan sonra tapmağa nail olub. 
 
 

Ay müştəri...

 
 
 
 
Keşlə qəsəbəsindəki Mikayil Əliyev küçəsində kiçik bir evdə kolbasa sexinin fəaliyyət göstərdiyini öyrəndikdən sonra həmin ünvana yollandıq. Maraqlı məqam o idi  ki, kolbasa sexinin yerini soruşanda insanların üzündə qəribə bir ifadə müşahidə etdik ki,  bunu axtardığımız ünvanda necə “keyfiyyətli” məhsul istehsal olunduğuna işarə də  saymaq olardı. 
Kolbasa sexi Keşlədəki qum zavodunun yanında fəaliyyət göstərir. “Sexin” üzərində heç bir fərqlənmə nişanı olmadığından tapmaqda çətinlik çəkdik. Yaşayış evlərinin yanında yerləşən birmərtəbəli tikilinin  həyətində bizi qarşıladılar.
 

Öncə müştəri qismində, yəni mağaza işlədən sahibkar olaraq rəhbərliklə danışmağa çalışdıq. Mağaza üçün kolbasa alacağımızı bildirdik. Özünü sex rəisi kimi təqdim edən şəxs bu gün hazır kolbasa olmadığını, ancaq sabaha kimi istədiyim qədər məhsulu hazır edə biləcəklərini dedi.
Məhsulların necə hazırlanmasını öyrənmək üçün sexə tərəf gedib ətrafa baxmaq istəsək də,  sex rəisi icazə vermədi. Ehtiyatlı davranışını və şübhəli baxışlarını gizlətmək üçün hətta “heç nədən çəkinəcəyim yoxdur. Sertifikatımız var. Qayda-qanun olmasa iş görmək olar...?” deyib güldü. Müştəri obrazını “yandırmamaq” üçün biz də güldük...
 

“Delikates” nə delikates...

Məlum oldu ki, sexdə “Delikates” firmasının məhsulları istehsal olunur. “Doktorskaya”, “Lyubitelskaya” və sairə növ kolbasa və sosislərin saxtaları hazırlanır, elə yaxınlıqda yerləşən ara məhəllələrdəki mağazalara da satılır. Sex rəhbəri deyir ki, onun istehsal etdiyi “Delikates” kolbasaları mağazalarda  4-6 manat arasında satışa qoyulub.
Kolbasa  köhnə daşlardan tikilmiş qum zavodunun toz-torpaq basmış kiçik daxmasında istehsal olunur. Yaşayış binalarının arasında olması isə gizli şəkildə fəaliyyət göstərdiklərinə işarədir. 
Sexin içərisi və  iş şəraiti də normal deyil. İçəriyə baxmaq üçün gizlicə qum zavodu tərəfdən sexin arxasına keçib,  nəfəslikdən içəri boylandıq. Mənzərə dəhşətli idi. Sexin cəmi bir havalandırma yeri var. Həmin yerdən üfunət iyli qara tüstü çıxırdı... 
Paslanmış pəncərə tüstünün təsiri ilə bir az da qaralmışdı. Fürsət tapıb sexin damının da fotosunu obyektivimizin yaddaşına sala bildik. 
Pəncərənin bir açıq qalan kiçik hissəsindən sexin içərisini görüntüləməyə nail olduq. Kamera daha geniş götürə bilməsə də, insan gözü ilə hər şey açıq-aydın görünürdü. Belə bir şəraitdə kolbasa istehsal edilməsi bunu yeyəcək insana bəri başdan “ölüm hökmü” deməkdir. Sex işçiləri əllərində belə oxşar əşya ilə aparatların içindəki “əti” qarışdırır, arabir avadanlıqlara baxırdılar. Uğultu səsindən nə danışdıqları bəlli olmurdu. Sexin içərisindən gələn üfunət qoxusu bir tərəfə qalsın, antisanitar şərait də göz qabağında idi. Köhnə avadanlıqlar, balaca daxma, üstəgəl qum zavodunun həyətində olması bir yana, bu cür kustar üsulla kolbasa hazırlanması artıq cinayətdir. Elə əgər “sertifikatımız var” deyən sex rəhbərinə inansaq, bu sənədi verənlər də cinayətə ortaqdırlar... 

Eyyub  Hüseynov: “Ölkədə qida təhlükəsizliyi haqqında qanun yoxdur”

Azad İstehsalçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirdi ki, son aylarda bu cür sexlərin sayı artmaqdadır:“Bütün belə xoşagəlməz halların səbəbini  qanun boşluğunda axtarmaq lazımdır. Ölkədə qida təhlükəsizliyi haqqında qanun yoxdur. Rüşvət amili özünə yer alıb. Son 4 ayda belə sexlərin sayı artmaqdadır. Belə olan halda isə mütləq cinayət baş verir. İstehlakçının hüquqları pozulur. Onlar bizə şikayət edirlər, mən isə dövlət orqanlarına, o cümlədən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə, Standartlaşdırma, Mertologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət edirəm. Onlar isə bildirirlər ki, ”hansısa cəza tədbiri görməyə ixtiyarımız yoxdur, məhkəməyə müraciət edin". O boyda dövlət strukturları camaatı məhkəməyə göndərməklə məşğuldur. Bu, anormal haldır. İqtisadiyyat Nazirliyi birtərəfli qaydada sahibkarı müdafiə edib, istehlakçını arxa planda qoymamalıdır.  Düşünürəm ki, əgər bu kimi halların qarşısı alınmasa, xəstəliklər artacaq. Gizli yerlərdə, evlərdə kolbasa istehsal etmək isə düzgün deyil. Kolbasa sexləri səliqəli görünüşlü olmalı və standartlara uyğun avadanlıqlarla işləməlidir. Əks halda, belə sexlərin rəhbərləri məsuliyyətə cəlb olunmalı, həmin sexlər bağlanmalıdır".
 






Fikirlər