Son vaxtlar mağazalarda satılan şampun və digər yuyucu vasitələrin keyfiyyəti aşağı düşüb. Hətta brend məhsul adı altında alıcılara təqdim olunan vasitələrin də əksəriyyəti saxtadır. Bu şikayətlərlə redaksiyamıza alıcılar müraciət ediblər. Saxta məhsulların olmasını satıcılar da təsdiqləyir.
Supermarket satıcıları virtualaz.org-a keyfiyyətli məhsulların xaricdən idxalın baha başa gəlməsi, onun əvəzini yerli məhsulların doldurması ilə izah edirlər. Onların bildirdiyinə görə, devalvasiya və qiymət artımından sonra Azərbaycana sabun, şampun və bütün növ yuyucu vasitələrin ixracı azalıb. Əksər məhsullar ölkə daxilində istehsal edilsə də, xarici brend adı altında satışa çıxarılır. Əvvəllər saxta məhsullar kiçik sexlərdə hazırlanırdısa, redaksiyamıza daxil olan məlumatlara görə, artıq bu işlə böyük sex və hətta zavodlar məşğul olur.
Oxucuların bildirdiklərinə görə, Sumqayıtda zavodda çalışan fəhlələrə elə orada tanınmış yuyucu toz brendi altında istehsal olunan vasitə əmək haqqı əvəzinə verilir. Həmin şəxslər isə bu yuyucu tozu bazar qiymətindən aşağı binaların həyətlərində satırlar.
Ekspertlər deyirlər ki, hazırda mağazalar saxta yuyucu vasitələrlə doludur. Ötən illə müqayisədə qiymət qalxıb və ona tərs mütənasib olaraq keyfiyyət aşağı düşüb. Faktı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da təsdiqləyir. Onun sözlərinə görə, ölkədə kifayət qədər sertifikatlaşdırılmamış yuyucu vasitəyə rast gəlmək mümkündür. Sumqayıt şəhəri isə saxta yuyucu toz istehsalına görə ön yeri tutur:
“Çox təəssüflər olsun ki, Sumqayıt kimya şəhəri olaraq saxta yuyucu vasitələr istehsalında xüsusi yer tutur. Bir çox məhsullar xarici brend adı altında burada istehsal olunur. Unutmamalıyıq ki, Azərbaycan küçələrdə xlor satılan bir ölkədir. Bu doğrudur ki, bizdə sertifikatlaşdırılmayan məhsullar çoxdur. Yuyucu vasitələrin bir hissəsi xaricdən gətirilirsə, bir xeyli hissəsi ölkədə istehsal olunur. Azad İstehlakçılar Birliyində böyük siyahı var və bu məhsullara yuyucu vasitələr də daxildir. Bunlar həm insanların həyatı, həm də ətraf mühit üçün çox təhlükəli ola bilər”.
Ekspertin sözlərinə görə, onsuz da zərərli olan bu yuyucu vasitələrin saxtası daha təhlükəlidir. Bir sıra dəri xəstəlikləri, allergiyalar, hətta xərçəngə qədər gətirib çıxarır:
“Saxtalaşdırılan yuyucu vasitələr ətraf mühitə, insanlara daha zərərlidir. Təəssüf ki, ölkəyə yuyucu vasitələri gətirən firmalar öz bazarlarının təmizlənməsi üçün heç bir iş aparmırlar. Bizim ofisimizə bir xeyli belə saxta yuyucu vasitələr gətirilib. Bununla bağlı dövlət orqanlarına müraciət edirik. Amma çox təəssüf ki, dövlət orqanlarının bu sahədə işləri effektsizdir. Birmənalı şəkildə qeyd edə bilərəm ki, ölkə prezidenti səviyyəsində iş adamlarına yaradılan bu münbit şəraitdən iş adamları sui-istifadə edir və istehlakçıların hüquqlarını pozmaqla məşğuldurlar”.
Ekspertin sözlərinə görə, prezidentin iş adamlarına, biznes qurumlarına müdaxilələrin tamamilə məhdudlaşdırılması üçün verdiyi tapşırıqdan sonra istehlakçıların şikayətlərinin sayı artıb. E.Hüseynov bildirir ki, dövlət orqanlarına edilən bu kimi şikayətlərə cavab olaraq qeyd olunur ki, onların yoxlama aparmağa ixtiyarları yoxdur. Bunun isə çox anormal hal olduğunu deyən ekspertin sözlərinə görə, ölkədə istehlakçı siyasəti formalaşmalı və dövlət orqanları istehlakçıların hüquqlarını qorumaqla məşğul olmalıdırlar. Bütün tədqiqatlar dövlət orqanlarına söykəndiyindən, dövlət orqanları isə biganəlik göstərdiklərindən, mağazalarda təhlükəli malların sayı artıb.
E.Hüseynov hesab edir ki, mətbəxdə mümkün qədər kimyəvi qabyuyan vasitələrdən az istifadə olunmalıdır. Bu məhsulların insanlara təsiri bir yana qalsın, həmin maddələr axaraq dənizləri, suları, ətraf mühiti çirkləndirir, biosferanın kütləvi çirklənməsinə, kimyalaşmasına gətirib çıxarır, mikrofloranı məhv edir. İstehlakçı hüquqlarını qoruyan bütün dünya təşkilatları kimyəvi vasitələrdən yuyucu material kimi istifadə olunmasının tam əleyhinədir. O təklif edir ki, insanlar keçmişdə mövcud olan ekoloji cəhətdən təhlükəsiz yuyucu vasitələrdən istifadə etsinlər. Məsələn, Daşkəsən rayonunda yerdən çıxan xüsusi sabuna bənzər gil kimyəvi yuyucu vasitələrinə alternativ ola bilər.
Problemi araşdırmaq üçün İqtisadiyyat Nazirliyinə müraciət etdik. Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev virtualaz.org saytına açıqlamasında mağazalarda saxta yuyucu vasitələrin olmasını inkar etdi. Bildirdi ki, belə halların olması ilə bağlı nazirliyə hər hansı məlumat daxil olmayıb:
“2016-cı ildə yuyucu vasitələrin keyfiyyəti ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə hər hansı müraciət daxil olmayıb. İstehsal bazarına nəzarət tədbirləri bu gün də davam etdirilir. Ümumiyyətlə, 2016-cı ildə aparılan nəzarət tədbirləri zamanı saxta yuyucu vasitə aşkarlanmayıb”.