Ən böyük kolbasa istehsalçısı əti haradan almasını gizlədir
Azərbaycanda murdar ətlərdən istifadə olunaraq kolbasa məmulatlarının hazırlanması haqda yazmışdıq. Ötən saylarımızda bu mövzuda apardığımız araşdırmanı dərc etmişdik.
Bundan sonra redaksiyamıza Azərbaycanda satılan kolbasa məmulatlarının tərkibi haqda müxtəlif iddia xarakterli məlumatlar daxil olmağa başlayıb. Kolbasaların qiymətinin ətdən ucuz olmasına diqqət çəkən bəzi oxucularımız belə məhsulların istehsalında kenquru, zebu, at, eşşək və digər təkdırnaqlı, hətta caynaqlı, leş ətlərdən istifadə olunaraq hazırlanması haqda məlumatlar veriblər. Bildiriblər ki, bir çox rayonlarda kolbasa sexlərinin sayı-hesabı yoxdur və hətta belə məhsulların istehsalçısı olan böyük şirkətlərin mallarına da murdar ətlərin qatışdırılmamasına kimsə zəmanət verə bilməz.
Adının açıqlanmasını istəməyən mənbənin musavat.com-a verdiyi məlumata görə, “1000 bərəkət, halal nemət” adı ilə satılan məhsulları istehsal edən «Səhliyalı» şirkəti də leş ətlərdən gen-bol istifadə edir. Biz bu iddianın nə dərəcədə doğru, nə dərəcə yalan olduğu barədə bir fikir deyə bilmərik. Bu, yalnız o zaman mümkün olar ki, şirkət jurnalistləri istehsal prosesi ilə tanış edər.
Məlumatlı mənbə əməkdaşımıza «Səhliyalı» şirkətinin təqdimat filminə tamaşa etməyimizi tövsiyə edir. Qeyd edir ki, həmin 8 dəqiqəlik filmdə (https://www.youtube.com/watch?v=0zpy9vdF0fI) kolbasa və sosislərin Avropa istehsalı olan avadanlıqlar vasitəsilə ərsəyə gəldiyindən söhbət açılır. Lakin ətin haradan alınması haqda konkret məlumat verilmir. Videoçarxda kolbasaların istehsalında istifadə olunan ətlərin daşınması qənaətini formalaşdıran səhnə var, amma həmin səhnədə istehsalda istifadə olunan ətlərin birbaşa özünü göstərimirlər. Videoçarxda bir neçə yerdə istehsalda istifadə olunan ətlər ümumi şəkildə, uzaqdan göstərilsə də, həmin ətləri yaxından tamaşaçıya təqdim etməkdən yayınırlar. Kolbasa istehsalı üçün qarışıq məhsulların elevatora tökülməsi səhnəsində isə ağ rəngli, kvadrat şəklində olan, naməlum əlavə də görünür.
Bu səhnədə də istehsalda istifadə edilən ət məhsulları olduğundan ötəri şəkildə üzərindən keçilir. Əvəzində istehsalın gigiyenik tələblərə cavab verən şəkildə olması təbliğ olunur. Üstü bəzəkli kolbasa və sosislər tamaşaçıya - gələcək istehlakçıya təqdim olunur. Əsas məsələ - kolbasa istehsalında istifadə olunan ətlərin görüntüsü arxa plana keçirilir. Ətlərin mənşəyi, haradan alınması haqda ümumi məlumatla kifayətlənirlər. Bu təsadüfdürmü?
“1000 bərəkət, halal nemət” Azərbaycan telekanallarında nümayiş olunan bir çox komediya seriallarının sponsorudur. Amma kolbasa istehsalının komediyaya, özü də tragik janrda çəkilən komediyaya çevrilməsi heç də yaxşı hal deyil.
Müvafiq qurumlar nəhayət ki, hərəkətə keçib kolbasa və kolbasa məmulatlarının istehsalında heç olmasa qoca inəklərin ətindən istifadə olunmasına nail olmalıdırlar.
Səhliyalı şirkəti ilə əlaqə saxlamağa, münasibət öyrənməyə göstərdiyimiz cəhdlər baş tutmadı. Bununla belə, şirkət rəsmilərinin mövqeyini dərc etməyə hazırıq.