İt sümüyündən kəllə qənd, ANF adlı mayedən kərə yağı, leş at ətindən kolbasa hazırlanır; piştaxtalardakı qidalar bər-bəzəkli zəhərə çevrilir
Mağazalarda satılan “Dubrava” markalı qarğıdalı yağının tərkibi haqda şübhələr var. Bu yağın etiketində Rusiyanın Krasnodar diyarında istehsal olunduğu qeyd edilib. Yağın QOST 8808-2000 standartlarına uyğun gəldiyi bildirilir. İstehlakçılar deyir ki, məhsul laboratoriyaya analiz olunmaq üçün verilərsə, standartlara uyğun gəlmədiyi aşkar olunar.
Standartlara uyğun olmayan məhsulun satışa çıxarılması isə birbaşa mövcud qanunvericiliyin pozulması deməkdir. Diqqət çəkən məqamlardan biri də satışda olan və zeytun yağı kimi satılan “Vero Greco” markalı yağlardır. Zeytun yağı kimi istehlakçılara təqdim edilsə də, yağdan istifadə edənlər onun dadından və qoxusundan açıq şəkildə hiss edə bilərlər ki, əsl zeytun yağı deyil. Belə ehtimal var ki, məhsulun tərkibinin böyük hissəsi qarğıdalı yağından ibarətdir. Bu cür məhsulların ölkəyə gətirilərək satışının həyata keçirilməsi istehlakçıların aldadılması ilə bərabər, onların sağlamlığı üçün də təhlükəlidir.
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovla əlaqə saxladıq. E.Hüseynov ölkədəki qida təhlükəsizliyi ilə bağlı son dərəcə ilginc faktlar açıqlayıb. AİB sədri deyib ki, bir müddət əvvəl Braziliyadan Azərbaycana genetik modifikasiya olunmuş yağlar gətirib və dövlət qurumlarının nəzdindəki laboratoriyalara yoxlama üçün nümunələr təqdim edib. Nəticə haqda AİB sədri danışır: “Həmin yağları Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin və Gömrük Komitəsinin laboratoriyalarına verdim. Gömrük laboratoriyasından cavab yazdılar ki, bu yağ genetik modifikasiya edilmiş deyil, Standartlaşdırma laboratoriyasından isə genetik modifikasiya edilmiş yağ olduğunu təsdiqlədilər. 1 yağın yoxlanılmasının timsalında ölkə daxilindəki laboratoriyaların durumu ortaya çıxdı. Bu gün bu sahədə böyük problemlər yaşanır. İstehlakçılar hər gün bizə zəng edib bu məsələnin qaldırılmasını xahiş, hətta tələb edir”.
“Ölkəyə gətirilən bitki yağlarının tərkibinə böyük şübhələr var”
E.Hüseynov problemin kökünün Azərbaycanda müstəqil laboratoriyanın olmaması ilə əlaqələndirib: “Müstəqil laboratoriyanın verdiyi rəy rəsmi sənəd kimi qəbul olunmur. Azərbaycan qanunvericiliyi elə qurulub ki, ekspertiza, laboratoriya məsələləri dövlətin əlində cəmləşib. Ona görə qida məhsullarının təhlükəsiz olması sual altındadır. Ölkəyə gətirilən bitki yağlarının tərkibinə böyük şübhələr var. İstehlakçılar da bundan şübhələnirlər. Lakin şübhələrinin nə dərəcədə əsaslı olmasının müəyyən edilməsi üçün müstəqil, tərəfsiz, dəqiq cavablar verə bilən laboratoriya yoxdur!”
“Laboratoriya mafiyası ilə bacara bilmədim”
E.Hüseynov deyib ki, AİB xətti ilə Azərbaycanda müstəqil laboratoriya yaradıblar, amma işləməsinə nail ola bilməyiblər: “Laboratoriyanı qurduq, dövlət tərəfindən akkreditasiya olundu, tanındı. Bizə 20 ekspert lazım idi. Mütəxəssislər dəvət etdik. Gəldilər. Məlum oldu ki, adamlar öz imzalarını müdafiə etməkdən qorxurlar. Dedilər ki, biz rəy verdik, kiminsə xoşuna gəlmədisə, verəcək məhkəməyə. Bizi müdafiə edən tapılmayacaq. Mən laboratoriya mafiyası ilə bacara bilmədim. Azərbaycanda adına müstəqil ekspertiza deyilə biləcək bir qurum belə yoxdur. Çox acınacaqlı bir vəziyyətdir. Son 4 ayda qida təhlükəsizliyi sahəsində vəziyyət daha da pisləşib, hətta deyərdim acınacaqlı durum yaranıb. Hökumətin biznes qurumlarına yaratdığı şəraitdən sui-istifadə halları baş alıb gedir. Azərbaycanda yaxın zamanlarda böyük zəhərlənmələr, epidemiyalar baş verəcək”.
“QHT-lərdən birinin yoxlamasından keçməyən mal marketə girə bilməz”
E.Hüseynov bildirib ki, ekspertlərin müdafiəsi, qida təhlükəsizliyi ilə bağlı qanunlar uzun illərdir ki, qəbul olunmur: “Qida təhlükəsizliyi ilə bağlı qanun yoxdur. İstehlakçıların hüquqlarının müdafiəsi haqda qanun mükəmməl deyil. Qanunun işləməsinə cavabdeh olan dövlət orqanlarının normal işi ortada yoxdur. İqtisadiyyat Nazirliyinin tərkibində istehlakçıların hüquqlarını qoruyan təşkilat istəsə belə fəaliyyət göstərə bilməz. Belə bir təşkilat müstəqil olmalıdır. Qeyri-hökumət təşkilatı kimi də fəaliyyət göstərə bilər. Yeni Zelandiyada istehlakçıların hüquqlarını qoruyan çoxsaylı QHT-lər var. Və həmin qanunvericilikdə QHT-də yoxlanılmayan malın satılması üçün böyük cərimələr müəyyən olunub”.
“Ekspertizada yazıb veriləcək ki, bu, maşın yağı deyil, ən yüksək keyfiyyətli zeytun yağıdır”
E.Hüseynov deyib ki, bu gün elə bir durum yaranıb ki, sahibkar xaricdən pambıq yağı, maşın yağı alıb onu ölkədə zeytun yağı adı altında sata bilər: “İstehlakçı həmin malı Azərbaycanda zeytun yağı adı altında alıb keyfiyyətsiz yağ olduğunu, başqa yağ qatqısının olduğunu ayırd etsə belə, onun aldadılmasına görə hər hansı bir şəxsin cəza almasına nail ola bilməyəcək. Vətəndaş məhkəməyə müraciət etsə, təyin olunacaq ekspertizada yazıb veriləcək ki, bu, maşın yağı deyil, ən yüksək keyfiyyətli zeytun yağıdır. Müstəqil ekspertiza yoxdur. Ekspertlərə verilən sifariş icra olunur”.
İt skleti, çürümüş dəniz heyvanlarının sümükləri uyudulub kəllə qəndə vurulur!
E.Hüseynov iddia edib ki, bu gün Azərbaycan bazarlarında qarışıq yağların satışı geninə-boluna təşkil olunub: “Qarışıq yağlar, qarışıq içkilər, tərkibi insan orqanizmi üçün ziyanlı olan çoxlu əlavələrlə zəngin qidalar çeşidbəçeşiddir. Bir müddət əvvəl Sumqayıtda dəniz kənarında heyvan sümükləri toplayan uşaqları saxlamışdılar. Məlum olmuşdu ki, uşaqlar qarşılarına çıxan sümükləri yığırlar. İt skleti, çürümüş dəniz heyvanlarının sümükləri... Fərq qoymadan yığırlar. Həmin sümüklərin sonradan üyüdülüb un şəklinə salınmaqla kəllə qənd istehsalında istifadə olunması nəzərdə tutulub. İrandan Azərbaycana gətirilən qəndlər var. İstehlakçılar zəng edirlər ki, həmin qəndin içinə hansısa ağ maddə qatılır. Həmin maddənin nə maddə olduğunu ayırd edə bilməmişik”.
Azərbaycan insanı gündəlik yediyi qidalardan ağır xəstəliklər tapır
E.Hüseynov bu gün Azərbaycanda yaşanan dərmanlara kütləvi ehtiyacı birbaşa qida təhlükəsizliyinin olmaması ilə əlaqələndirdi: “Azərbaycan vətəndaşı gedib marketdən qidanı aldı. Vətəndaşın həmin qidanı öz bədənindən keçirməklə yoxlamaqdan başqa yolu yoxdur. Vətəndaşın bədəni qidaların təhlükəsizliyini yoxlamaq üçün poliqondur. Odur ki, Azərbaycanda apteklərdə qələbəlikdir. Xaricdə olanda apteklər şəbəkəsinə də baş çəkdim. Birincisi, orada Azərbaycanda olduğu qədər aptek yoxdur. Olan apteklərdə isə 1-2 nəfər olar ya olmaz.
Bizdəki qələbəlik orada yoxdur. Azərbaycan aptekləri həmişə adamla doludur. Hippokrat deyirdi ki, biz nə yeyiriksə, oyuq. Azərbaycan insanı gündəlik yediyi qidalardan ağır xəstəliklər tapır və çox vaxt bunun fərqində olmurlar. Çox təəssüf ki, vəziyyət getdikcə daha da acınacaqlı hal alacaq".
Zellandiyadan Azərbaycana kərə yağı adı altında ANF adlı maye göndərilir!
E.Hüseynov Yeni Zelandiyada olarkən Azərbaycana göndərilən yağların tərkibi ilə maraqlandığını, ilginc məlumatlar əldə etdiyini bildirib. Onun iddiasına görə, Azərbaycana Yeni Zelandiyadan kərə yağı başqa adla gətirilirmiş.
“Yeni Zelandiyada məhz ayrıca bu məsələni tədqiq etdim. Azərbaycana yağ göndərən zavoda getdim. Ölkəmiz üçün hazırlanan yağı gördüm. Mən 1 zavodda oldum. Həmin zavodda istehsal olunan yağ normal yağdır. Amma oradan Azərbaycana bir neçə zavoddan yağ gəlir. Mən ölkəyə qayıtdıqdan sonra həmin zavodların da göndərdiyi yağlarla maraqlandım. Məlum oldu ki, o zavodların ölkəmizə göndərdikləri ANF adlı maddədir. Maddə maye halında olur. Sonradan ANF-ə hansısa maddələr vururlar və kərə yağı şəklini alır. Yeni Zelandiyada olduğum zavodun baş mütəxəssisindən soruşdum ki, ANF-dən kərə yağını necə almaq olar. Cavabı ”bilmirəm" oldu".
Qanunun yoxluğu zəhərli, murdar, insan sağlamlığı üçün son dərəcədə təhlükəli olan...
E.Hüseynova görə, Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı qanunun olmaması zəhərli, murdar, insan sağlamlığı üçün son dərəcədə təhlükəli olan qidaların bər-bəzəkli bağlamalarda, qutularda piştaxtalara çıxmasına yol açır: “Dövlət orqanlarına məktublar yazırıq, cavab yazırlar ki, 10-15 milyona laboratoriya filan nazirlikdə, 20 milyonluq filan nazirlikdə var. Biz müstəqil laboratoriyaların nəticələrinin qanuni şəkildə tanınmasına nail ola bilməmişik. Qanunvericiliyimiz buna imkan vermir. Biz ”Qida Təhlükəsizliyi haqda" qanun layihəsinin hazırlanmasında iştirak etmişik. Beynəlxalq təşkilatlarda həmin qanun layihəsi ekspertizadan keçirilib və Azərbaycan hökumətinə təqdim olunub. 4 ildir ki, hökumət həmin qanunu qəbul etmək istəmir".
Saatlıda “Leş mafiyası”nın üzvləri 6 at cəsədi satarkən tutulub
E.Hüseynov deyir ki, “Leş mafiyası”na qarşı son günlər müvafiq addımlar atılıb. Lakin bu addımlar ümumilikdə murdar ətlərin kolbasa və sosiska məmulatları şəklini almasının önlənməsinə cüzi təsir göstərir: “Qəzetinizdəki məlum yazılardan sonra Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi(BMCMİ) Saatlı rayonunda əməliyyat keçirdi. 6 at leşini aşkar etdilər. Mən ayırd edə bilmədim ki, leş alveri edənləri saxlamaq üçün Bakıdan Saatlıya BMCMİ əməkdaşları niyə ezam olunmalıdırlar? Yerli orqanlar, bələdiyyələr, icra orqanları hara baxır? Ölkə başçısı ictimai nəzarətin vacibliyindən danışır, amma yerli icra strukturları bu işlərdə fəallıq göstərmirlər. Buna səbəb nədir? Bizim bu istiqamətdə də tədqiqatlarımız davam edir. Əldə etdiyimiz məlumatları dövlət orqanlarına, ictimaiyyətin diqqətinə çatdıracağıq”.