Əhməd Qəşəmoğlu: “Əxlaqi və mənəvi cəhətdən bu yaxşı əməl deyil”; Adil Qeybulla: “Nəslin sağlamlaşdırılması baxımından qohumla evlilik məsləhət görülmür”
Tacikistanda yaxın qohumlar arasında nikaha girməyə qadağa qoyulması ilə bağlı qanun qüvvəyə minib. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına alınması” qanununa qəbul edilən düzəlişə əsasən yaxın qohum evlilikləri Tacikistanda artıq qadağandır.
Bununla yanaşı, nikaha girməzdən öncə gənclər pulsuz tibbi müayinədən keçəcəklər. VVAQ orqanları isə tibbi arayış olmadan nikah mərasimini təşkil edə bilməyəcəklər. Qeyd edək ki, Tacikistanın səhiyyə və sosial müdafiə naziri Nusratullo Salimzoda yaxın qohumlar arasında nikahdan çoxlu sayda əlil uşaqların dünyaya gəldiyini bildirib.
Azərbaycanda da qohum evliliklərinin sayının çoxluğu danılmaz faktdır. Son illərdə əlil uşaqların sayında da artım müşahidə edilir ki, bunun əksəriyyətinin səbəbi məhz qohum evliliyidir. Dövlət Statistika Komitəsinin məlumatına görə, təkcə 2015-ci ildə ölkədə ilk dəfə sağlamlıq imkanları məhdud hesab edilən 18 yaşadək uşaqların sayı 11,2 min nəfər olub. 2014-cü ildə isə bu rəqəm 8,9 min nəfər olub. Məlumatda bildirilir ki, ilk dəfə əlil hesab edilən 18 və yuxarı yaşda olan şəxslərin sayı ötən il 31,0 min nəfər olub ki, 2014-cü ildə bu göstərici 38,6 min nəfər təşkil edib. Dünyaya gələn uşaqların ən azı 8,4 faizi qohum nikahdan doğulur. Qohum evliliklərdə problemli uşaqların doğulma riski digərlərinə nisbətən, ikiqat artaraq 8-9 faiz təşkil edir. Alimlərin araşdırmalarına görə, qohum nikahlardan yaranan irsi xəstəliklər arasında əsas yeri talassemiya tutur.
Bir çox ölkələrdə qohum evliliyi qanunla qadağandır. Bəzi ölkələrdə isə qohumla evliliyə müəyyən yaşdan sonra icazə verilir. Məsələn, Amerikanın 50 ştatından 24-də əmi, dayı, xala, bibi uşaqları ilə nikah qanunla qadağandır. 20 ştatda buna icazə verilir. Altı ştatda isə bəzi şərtlər çərçivəsində qohumla nikah bağlaya bilərsən. Məsələn, Arizonada əmi, dayı, xala, bibi uşaqları ilə iki halda evlənə bilərsən. Yaşın 65-i keçibsə, bir də ki sübut edə bilsən ki, ikinizdən biri sonsuzdur. İllinoisdə bu yaş həddi 50 və daha yuxarıdır. Katolik kilsəsi də xala, bibi, dayı, əmi uşaqlarının nikahını kəsmir. Katoliklərə görə dördüncü nəslə qədər evlilik insest, yəni ailə üzvləri ilə nikah sayılır. Pravoslavlarda və protestantlarda da belə nikah qadağandır. Azərbaycanda qohum evliliyinin qarşısını almaq üçün müəyyən qədər maarifləndirmə işi aparılsa da, statistika göstərir ki, buna məhəl qoyan yoxdur.
Maraqlıdır, Azərbaycanda da qohum evliliyi qadağan edilə bilərmi?
Sosioloq Əhməd Qəşəmoğlu bu qadağanı Azərbaycanda da tətbiq etmənin vacib olduğunu dedi: “Qohum evliliyi Azərbaycanda da qadağan olunmalıdır. Çünki tibb sübut edir ki, bu fəsadlıdır. Bu, insanlarda nə qədər xəstəlik yaradır. Biz bu qohum evliliyinin nəticəsini bilirik. Buradakı qorxulu bir şey də odur ki, qohumlar evlənəndə onların öz uşaqlarında problem olmasa da, nəvələrində ola bilər. Yəni bu birmənalı olaraq tibb elminin də isbat etdiyi, statistikanın da göstərdiyi bir şeydir. Digər tərəfdən, əxlaqi və mənəvi cəhətdən də bu yaxşı əməl deyil. Çünki uşaqlıqdan hər birimizin xalası, əmisi, dayısı qızı olub. Biz hamımız onlara öz bacımız kimi baxmışıq. Birdən-birə bacın kimi baxdığın adamla evlənməyin özü də insanda, mənəviyyatında müəyyən bir gərginlik, qeyri-adi bir hisslər yaradır. Ona görə də Tacikistanın bu qərarını çox müsbət qarşılayıram. Düşünürəm ki, əgər Azərbaycanda insanları maarifləndirməklə, deməklə başa salmaq mümkün deyilsə, o işlərə qadağa qoymaq lazımdır”.
Qohum evliliyinin fəsadlarına gəlincə isə tibb elmləri doktoru, professor Adil Qeybulla nəsil sağlamlaşdırılması baxımından qohum evliliyinin yaxşı olmadığını bildirdi: “Burada söhbət hansı kateqoriya qohumlarla evlilikdən gedir. Yəni qan qohumları ilə nikah ümumiyyətlə qadağandır. Amma ikinci kateqoriya qohum insanların ailə qurması Azərbaycanda bir ənənədir. Buna qadağa qoyulması dövlət səviyyəsində veriləcək bir qadağa olmalıdır. Hesab edirəm ki, bu məsələ təbliğatla həll olunsa daha yaxşı olar. Qohum evliliyinin fəsadları o ola bilər ki, yeni formalaşan uşaq hər iki valideynin genindən götürülür. Qohumlar arasında hansısa xəstəlik və sairə olduqda bu uşağın sağlam gen götürmək imkanı aşağı olur. Bir sıra xəstəliklərin də baş alıb getməsinə səbəb budur. Amma yeni bir gen olduqda onun sağlam gen keçmək imkanı daha yüksək olur. Nəslin sağlamlaşdırılması baxımından qohumla evlilik məsləhət deyil”.