Ötən ay 2 minədək əcnəbinin AZƏRBAYCANI tərk etmələri tələb olunub

390 əcnəbi inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılıb  

Dövlət Miqrasiya Xidməti tərəfindən iyun ayı ərzində 2 480 əcnəbinin Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib.

Bu barədə "Report"a qurumun mətbuat xidmətindən məlumat verilib.

Onlardan 16-nın Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub, 182 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 1 892 əcnəbinin Azərbaycan ərazisini 48 saat ərzində tərk etmələri, 390 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.

Ümumiyyətlə, ay ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 8 992 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 70 188 əcnəbinin müraciəti qeydə alınıb.

Dövlət Miqrasiya Xidməti tərəfindən ay ərzində respublikanın ayrı-ayrı bölgələrində 15 maarifləndirmə tədbiri keçirilib, o cümlədən 387 şəxsə səyyar xidmət göstərilib.






Fikirlər