İşçisini döyən müdirə etiraz edən televiziya işçiləri: "Elə bil QUANTANAMA həbsxanasındayıq "

İşçisini döyən müdirə etiraz edən televiziya işçiləri:

“Televiziyanın qapısı səhərlər çöldən qıfıllanır, heç kim işdən çıxmasın”

 

Xəbər verildiyi kimi, Türkel TV-də (TTV) müdirin öz işçisi ilə dalaşmasından sonra işdən çxarılan işçilər müdriyyətə kütləvi etiraz edirlər. Musavat.com xəbər verir ki, televiziyada çalışan bir neçə işçi operatorlar Elgün Abbasov və Tural Qasımlı, sürücü Asif Cəfərov teleşirkətdə baş verən hadisələrə və müdir Nadir Şəfiyevin yaratdığı iş rejiminə etiraz edirlər. Məsələ ilə bağlı açıqlama verən televiziyanın əməkdaşı Elgün Abbasov bunları deyib:
"Elə bil Quantanamo həbsxanasındayıq. Qanunsuzluq baş alıb gedir. Maaşlarımızdan gah 50, gah 25 % tutulur. Diktator rejimi yaradılıb. Özləri ağalıq edirlər.Yəni, ağa mənəm, nə istəsəm, edərəm.Yerli işçilərə verir, 150, 200, 250, 225, 175 manat, Bakıdan gətirilənlərə verir 700 manat, 1000, 1200, 1500 manat. Televiziyada oğurluq olmuşdu iddiası ilə 12 nəfəri televiziyadan götürüb bölməyə apardılar. Barmaq izləri götürüldü. Həmin şəxslərin adları oraya düşdü. Konkret qanunsuzluq baş alıb gedir. Mən artıq televiziyaya nifrət elədim. İnsanlar orada krediti var deyə dişini sıxıb işləyirlər. Televiziyanın qapısı səhərlər çöldən qıfıllanır, heç kim işdən çıxmasın. Bu nə deməkdir? Biz türməyə giririk, ya işə giririk? Biz müqavilə ilə işləyirik. Baxsınlar ki, TTV-nin müdiri kimdir".
Sürücü Asif Cəfərov isə işçilərin qeyri-qanuni işdən kənarlaşdırılmasından və tovuzlulara olan mənfi münasibətdən danışıb: "Məni məcburi şəkildə işdən çıxardı. Mən öz ərizəmdə də buna heç bir səbəbin olmadığını yazmışam. Açsınlar, ərizəmi göstərsinlər, görək, kim haqlıdır. Aprel ayında ordumuz Lələtəpəni düşməndən geri alanda Nadir müəllimin oğlu Allahverdi Şəfiyev xəbər hazırladı ki, "Ordumuz Lələtəpəni işğal etdi". Belə şey olar? Öz oğlunu cəzalandırmadı, amma camaatın maaşları ilə gözü doymur".
Televiziyanın digər bir əməkdaşı Tural Qasımlı isə bunları deyib: 
"Orada çox şey görmüşəm. Şikayətim çoxdur. Nənəm Bakıda xəstə, babam rayonda xəstə. Onlara baxmaq lazım idi. İcazə istədim, vermədi. Dedi, "işdən çıxıb gedə bilərsən". Qanundan qırağa çıxdı. 6 aylıq müqavilə bağlamışdım. Müqavilədə vardı ki, yaxşı işləsən, maaşını qaldıracağıq. Əksinə, maaşımdan tutuldu. 150 manat maaş alırdım. İki ay dalbadal 75 manat maaşımdan tutuldu. İş yoldaşımdan borca pul alıram, heç onu gələn ay qaytara bilmirəm. Futbola, yarışa gedirik, studiyanın balansından pul vermir, deyir ki, "öz cibinizdən qoyun, gedin". Bəs, biz studiyanın adından gedirik o yarışa. Özümüzə görə getmirik ki?!Verdiyi maaş da yeməyimizi ödəmir. Çöl qapılarına qıfıl vurur. Çölə çıxmağa qoymur. Amma fakt öz oğlu çıxır. Bu televiziya rayonda açılıbsa, rayon camaatı üçündür. Amma rayon uşaqları qalıb qıraqda, o, özü Bakıdan gətirir. Televiziyanın maşınından ancaq öz gəzintiləri üçün istifadə olunur, öz ailəsi üçün. Öz yaxınları üçün. Bir dəfə bütün studiyanı yığdı, qadın demədi, işçi demədi, ağzına gələni dedi. Təhqiramiz sözlər işlətdi. Görsünlər Nadir müəllimin hərəkətlərini. Oğlu şirkətdə üzü tüklü gəzir, onu cərimə etmir, maaşı az olanları cərimələyir. Bir dəfə göstərsin ki, oğlu Allahverdinin maaşından tutub. Hətta öz səhvi olanda da başqasından tutur".
Qeyd edək ki, ötən ay "Türkel Tv"-dən 10-dan çox işçi çıxarılıb. 
Xatırladaq ki, 2 gün öncə mətbuatda TTV-nin rəhbəri Nadir Şəfiyevin öz işçisini döyməsi xəbərləri yazılmışdı. Məlumatda bildirilirdi ki, o, səsyazma otağına gələrək işçiləri "qeyrətsiz" deyə təhqir etmiş, səs rejissoru Vüqar Kərimovla isə əlbəyaxa olmuşdu.  

 






Fikirlər