Qadınlara qarşı artan şiddət, total qətllər... SƏBƏB kasıblıqdır?

 Qadınlara qarşı artan şiddət, total qətllər... səbəb kasıblıqdır?

Novella Cəfəroğlu: “Bu hadisələr kişilərin ailə, mental dəyərlərə qiymət verməməsi ilə bağlıdır”

 

Son bir ayda qadınlara qarşı zorakılıq faktlarının sayı artıb. Kriminal xronikada demək olar ki, hər gün əri, nişanlısı, keçmiş əri tərəfindən qətlə yetirilən, yaralanan qadınlarla bağlı xəbərlər olur. Qətllərin, yaralamaların böyük əksəriyyəti isə ya qısqanclıq zəminində olur, ya da tamah məqsədilə. Bir çox hallarda isə maddi imkansızlığı və bunun gətirdiyi psixoloji gərginliyi səbəb olaraq göstərirlər. 
Son bir həftədə baş verən bu tip hadisələrin bir neçəsinə nəzər salaq. 17 avqust: Bakıda qeyri-rəsmi nikah münasibətində olduğu Altay Həsənov tərəfindən öldürülən Yasəmən Novruzovanın hamilə olduğu açıqlanıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində A.Həsənovun Y.Novruzovanı qətlə yetirərək yaşadığı evin həyətində basdırdığı məlum olub. 
17 avqust: Türkiyənin Trabzon şəhərində yaşayan 33 yaşlı azərbaycanlı qadın Gülxanım Əkbər axşam saatlarında qardaşı Əli Əkbər tərəfindən bıçaqlanıb. Bu barədə Türkiyə mətbuatı məlumat verir. Məlumata əsasən, G.Əkbər aldığı xəsarət nəticəsində qanaxmadan vəfat edib. Polis tərəfindən saxlanılan Ə.Əkbər bacısının pulunu mənimsəmək məqsədilə qətl törətdiyini etiraf edib.
17 avqust: Gəncədə qısqanclıq zəminində keçmiş həyat yoldaşını öldürüb, onun bacısını isə yaralayıb hadisə yerindən qaçan şəxs polis tərəfindən saxlanıb. Məlumata görə, avqustun 17-də keçmiş həyat yoldaşı, 1986-ci il təvəllüdlü Məhəbbət Vəliyevanı bıçaqla qətlə yetirib hadisə yerindən qaçan Samux rayon Əhmədbəyli kənd sakini, 1984-cu il təvəllüdlü Ruslan Qurbanov polis tərəfindən saxlanılıb. R.Qurbanov həyat yoldaşını şəhərin Cavad xan qəsəbəsində yaşayan keçmiş baldızı, 1983-ci il təvəllüdlü Naibə Vəliyevanın evində qətlə yetirib. Cinayəti törədən şəxs N.Vəliyevanı da sol bud nahiyəsindən bıçaqla yaralayıb. R.Qurbanovla Məhəbbət Vəliyevanın evliliyindən 3 övladı var.
22 avqust: Binəqədi qəsəbəsində yaşayan Əfsanə Məmmədovanın evində tanışı - Gədəbəy rayon sakini Fidani İsmayılov münaqişə zəminində Əfsanəyə və onun qardaşı Anara bıçaqla xəsarət yetirib. Hadisə nəticəsində Anar hadisə yerində ölüb, Əfsanə Məmmədova isə xəstəxanaya yerləşdirilib. Bıçaqlanmaya səbəb isə qadının evli sevgilisindən xəbərsiz olaraq qardaşı ilə dənizə getməsi olub. 
Suraxanı Rayon Prokurorluğundan verilən məlumata görə, Qaraçuxur qəsəbəsinin sakini Tural Kazımov həyat yoldaşı Maya Kazımovanı boğaraq qətlə yetirib. İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.
Tovuzda 18 yaşlı qızın başı kəsilmiş cəsədi tapılıb. Sakinlərin verdiyi məlumata görə, 1999-cu il təvəllüdlü Günay Gülməmmədovanın cəsədi çay kənarında başı kəsilmiş halda tapılıb. Sakinlərin sözlrinə görə, Günayın ailəsinin heç kimlə münaqişəsi olmayıb. Kənddə ilk dəfədir belə hadisə baş verir.
Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu “Yeni Müsavat”a açıqlamasında dedi ki, son aylarda qadınlara qarşı zorakılıq faktları artıb. Onun fikrincə, cəmiyyətin bu barədə həyəcan təbili çalmaması xoş hadisə deyil. Belə ki, televiziya kanalları da bu ağrılı problemə diqqət ayırmırlar: “Cəmiyyətin fikrini buna yönəltmək, televiziyada demək lazımdır. Buna cavabdeh orqanlar işə  qarışmalıdır. Şiddətə qarşı qanunlar var - polis, bələdiyyələr, qadınlarla bağlı qurumlar. Onlar diqqətini bu məsələyə yönəltməlidir. Yerli televiziyalar sosial xarakterli verilişlərdə, xəbərlərdə diqqəti buna yönəltməlidir. Mövzunu gündəmə gətirib,  bu cür cinayətlərə qarşı qanun olduğunu xatırlatmalı, qanuna tabe olmayan insanları cəzalandırmalıdır. Döyülmək öldürməyə gətirir. Bu şiddət öncə evdə baş verir, ardınca ölüm gəlir”. 
Müsahibimiz hesab edir ki, bu olayın səbəbi olaraq insanların maddi durumunu əsas gətirmək olmaz. N.Cəfəroğlunun fikrincə, kasıblığın insanda aqressiya, şiddət yaratması ilə bağlı deyilənlər qatilə yaradılan bəhanədir: “Kasıbçılıq ancaq Azərbaycandadır? Bütün dünya kasıbçılıq içindədir. Sadəcə, dəyərlər dəyişib. İnsanın ağlında olan vəhşilik artıb və onu həyata keçirir. Kasıb adam arvadını öldürər? Kasıb adam ailəsini dolandırmaq üçün əlavə yollar axtarar, zəhmət çəkər. Hər şeyi iqtisadi şərtlərin üzərinə atmaq olmaz.  Qolçomaq vaxtında, sovet dövründə kasıb ailə yox idi? Onda arvadı öldürürdülər?”
Müsahibimiz düşünür ki, bu hadisələrin baş verməsinin səbəbi kişilərin ailə, mental dəyərlərə qiymət verməməsi ilə bağlıdır. Artıq qadın hər kiçik gərginlikdə qurbana çevrilir və bu, daha sonra “namus”, “əxlaq”la yalandan pərdələnir. N.Cəfəroğlu ictimai qınağın və qanunların bu məsələdə sərt olmasının tərəfdarıdır. 

 






Fikirlər