“İnkişaf etməkdə olan bütün ölkələrdə, o cümlədən Azərbaycanda şəkərli diabet xəstələrinin sayı artmaqdadır”.
APA-nın xəbərinə görə, Azərbaycanın baş endokrinoloqu Rafiq Məmmədhəsənov deyib ki, 2000-ci ildə dünyada belə xəstələrin sayı 171 milyon olub. Proqnozlara əsasən, 2020-ci ilədək bu rəqəmin 360 milyon nəfərə çatacağı gözlənilsə, dünyada hazırda 400 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir: "2005-ci ildə şəkərli diabetlə bağlı dövlət proqramı hazırlananda Azərbaycanda 56 min nəfər belə xəstə var idi. Proqram qəbul olunduqdan sonra xəstələrin sayı durmadan artıb. Hazırda qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 220 mindən çoxdur. Bu da onunla bağlıdır ki, əvvəllər insanlar xəstəliklərini gizlədirdilər. Bu gün də xəstəliyini gizlədən insanlar var".
R. Məmmədhəsənov vurğulayıb ki, insanların gün boyu qəbul etdiyi qidaların əksəriyyəti karbohidratdır. Onun sözlərinə görə, şəkərli diabetdən əziyyət çəkənlərin 10 faizi I tip, yerdə qalanları isə II tip xəstədir. II tip şəkərli diabetin əsas səbəbi hipodinamiya (hərəkətsizlik), piylənmə-düzgün olmayan qidalanma və stressdir: "Qlükozanı yandırmaq üçün hərəkət etmək mütləqdir. O cümlədən stress, genetik amillər də rol oynayır. Misal olaraq, atada şəkərli diabet xəstəliyi varsa, bunun övlada ötürülmə faizi 35-dir. Anadan bu xəstəliyin ötürülmə faizi isə iki dəfə azdır".
Baş endokrinoloq əlavə edib ki, amputasiya olunan xəstələrin təxminən 25 faizi şəkərli diabetdən əziyyət çəkənlərin payına düşür. Görmə qabiliyyətinin itirilməsinin 25-30 faizinin də məhz bu xəstəliklə əlaqəli olduğunu deyən həkim vurğulayıb ki, hemodializ alan xəstələrin təxminən 50 faizi şəkərli diabet xəstəsidir: "Şəkərli diabetin fəsadları çoxdur. Dövlətin qayğısı nəticəsində bu gün şəkərli xəstələrin orta yaşama ömrü çox uzanıb. Komada olan xəstələrin çox az hissəsi tələf olur. Azərbaycanda pəhrizə fikir verən demək olar ki, yoxdur. Xəmir yeməklərini də çox sevdiyimizdən bu xəstəliyin sayında artım müşahidə olunur. Məsələn, qara çörəyin 100 qramının 42 qramı, ağ çörəyin isə 50 qrama yaxını şəkərdir".