İsmayıllıda qanunsuz at əti satan şəxs saxlanılıb
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar aparılan tədbirləri davam etdirir. 2016-ci il dekabrın 14-də DBNX-nin İsmayıllı Rayon Baytarlıq İdarəsinin və İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən alınmış anonim məlumat əsasında birgə reyd keçirilib. Reyd nəticəsində İsmayıllı rayon Qubaxəlilli kənd sakini 1967-ci il təvəllüdlü Həsənov Saleh Əmirxan oğlu gizlin şəkildə, qanunsuz olaraq Qubaxəlilli kəndinin qışlağında 3 baş atı kəsərkən aşkar edilib. Araşdırma zamanı atların mənşəyinə və sağlamlığına dair heç bir müşayiətedici sənədi olmadığı, baytarlıq-sanitariya tələblərinə əməl edilmədən, gizlin şəkildə və antisanitar şəraitdə kəsildiyi müəyyən edilib. Kəsilmiş at cəmdəklərinin çəkisi 210 kq miqdarında olunub. Antisanitar şəraitdə kəsilərkən aşkarlanan at cəmdəklərindən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliyə müvafiq qərar qəbul ediləcək və tədbirlər görüləcək. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər davam etdiriləcək, belə qanuna zidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək. AzerTaym.az