"Bizim Market” mağazalar şəbəkəsində vaxtı keçmiş çörəklər istehsal tarixi dəyişdirilərək satılır.
BakiPost.az-ın məlumatına görə, bu haqda Bakı sakini, tanınmış jurnalist Mahir Məmmədli sosial şəbəkədə qeyd edib.
O, Əsəd Əhmədov küçəsindəki "Bizim Market” mağazasından çörək aldığını, amma evdə çörəyin köhnə olduğunu görəndən sonra üzərindəki etiketin iki dəfə yapışdırıldığının şahidi oluğunu yazıb. Belə ki, şikayətçi çörəyin üzərinə yapışdırılan kağızda istehsal tarixinin iki dəfə dəyişdirildiyini aşkarlayıb.
Mahir Məmmədli məsələylə bağlı artıq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə şikayət ünvanladığını da bildirib.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən BakiPost.az-a bildirilib ki, həmin şikayət araşdırılır: "Bu məsələ ilə bağlı bizə şikayət daxil olub. Məsələni araşdırıb, mətbuata açıqlama verəcəyik”.
Şikayətlə bağlı "Bizim Market” mağazalar şəbəkəsindən anlaşılmaz bir münasibət sərgilənib.
Mağazalar şəbəkəsinin nümayəndəsi Samid Hidayətov BakiPost.az-a deyib ki, Mahir Məmmədlinin şikayəti əsassızdır: "Belə bir hadisə ola bilməz. Əgər həqiqətən də dediyi kimi hal baş veribsə bizə müraciət edərdi. Ola bilər ki, əvvəlcə tarix səhv vurulub. Sonradan isə düzəldilib.
Ümumiyyətlə, bizim mağazada tarixi keçmiş çörək satıla bilməz. Gərək həmin şəxs mağazamıza yaxınlaşardı”.
Mağaza nümayəndəsi dediklərini müxtəlif üsullarla sübut etməyə çalışıb. O, əvvəlcə qiymət kimi göstərilən rəqəmlərin əslində, "Barkod” olduğunu sübut etməyə çalışıb: "Bizim bütün malların üstündə belə etiket var. Barkod əvvəlcə səhv vurulub. Amma sonradan yenisi ilə düzəldilib. Burda nə var ki? Əgər şikayətçi aldığı çörəyi götürüb mağazaya gətirsəydi, yerindəcə bunu araşdıra bilərdik”.
Lakin təmsilçi, bu dediklərinin təqdim olunan şəkillərlə yalan olduğu sübut edildikdən sonra, başqa variantlara əl atıb. Nümayəndə köhnə tarixin müştərinin özü tərəfindən vurulduğunu iddia edib: "Bəlkə özü yapışdırıb? Kim bunu deyə bilər? Biz nə bilə bilərik ki, müştəri özü bunu etməyib?”
"Müştəri "Bizim Marketə” məxsus qiymət kağızını haradan əldə edib, ora yapışdıra bilər” sualı isə Samid Hidayətovu bir qədər fikirləşməyə vadar edib. Lakin görünür, bu sayaq işlərdə kifayət qədər təcrübəsi olan təmsilçi bir qədər sonra həmin suala da cavab uydura bilib: "Şikayətçi iki gün dalbadal çörəyi alıb ikinci barkodu birincinin üstünə yapışdıra bilər. Əgər belə hal olsaydı əyani şəkildə bunu gəlib bizə sübut edə bilərdi. Ona görə də yenə deyirəm, belə bir şey ola bilməz”.